Jurnalistlərə güllə atmayın! Təhqir etməyin!
“Mher Sedrakyanı deputata yaraşmayan hərəkətinə görə ictimai qınağa çəkməyə çağırırıq… Düşünürük ki, parlamentarilər üçün də fəaliyyətlərinin sürü tərəfindən işıqlandırılması təhqiredici fakt olmalıdır. Bu mətnin altında 120 nəfərdən çox, o cümlədən də bəzi müxalifətçi deputatlar öz imzalarını atdılar.
Növbəti dəfə jurnalistlərə qarşı sayğısız münasibət sərgiləyən hakim partiyadan olan deputatı qınaq obyektinə çevirmək tələbi ilə bağlı keçirilən aksiyanın təşəbbüskarları kimi “Media və hüquq, “Azad jurnalistlər assosiasiyası və “Jurnalist birliyi ictimai təşkilatları çıxış etdilər.
Aksiyanın keçirilməsindən bir gün əvvəl təşəbbüskarlar parlament binasının qarşısında aksiya keçirmək niyyəti barədə məlumat verdilər və redaktorlar, hüquq müdafiəçiləri, ictimai təşkilat nümayəndələrini də bu aksiyaya qoşulmağa dəvət etdilər. Amma gözlənildiyindən xeyli daha az adam gəldi.
Jurnalistlərin və jurnalist təşkilatlarının Sedrakyanın nalayiq hərəkətinə qarşı etirazlarını dəstəkləyən deputat Aram Manukyan bunu onunla izah etdi ki, camaat bu haqda lazımi səviyyədə məlumatlandırılmamışdı.
Aksiyadan bir gün əvvəl isə on jurnalist təşkilatı parlamentin dəhlizində yığışan jurnalistləri “sürü adlandıran Milli yığıncağın deputatı Mher Sedrakyanın “həyasız davranışını pislədilər. Sonradan Sedrakyan belə bir ifadə işlətdiyini inkar etdi və elə həmin andaca jurnalistlərdən birinin ünvanına söyüş söyərək “təklikdə söhbət etməyi təklif etdi. Jurnalistlərin kamera qarşısında fikirlərini bildirməklə bağlı xahişlərinə cavab olaraq isə o bildirdi ki, “normal jurnalistlərlə söhbət etməyə hazırdır, anormallarla işi yoxdur.
Deputatın “iyrənc davarınışı ilə bağlı narazılıqlarını bildirən jurnalist təşkilatları hakim Respublika partiyasının rəhbərliyindən bu məsələni araşdırmağı və Sedrakyanı öz istəyi ilə deputat mandatından imtina etməyə çağırmağı tələb edirlər.
Bundan əlavə, media təşkilatları tələb edirlər ki, parlament spikeri və Respublika fraksiyası öz həmkarlarını açıq şəkildə qınasınlar, parlamentdə akkreditasiya olunan jurnalistlərdən təhqir olunduqlarına görə üzr istəsinlər və gələcəkdə bu kimi halların baş verməyəcəyinə zəmanət versinlər.
“Tələblərimiz yerinə yetirilmədiyi halda bizim Respublika partiyası və hökumətin müxtəlif təbəqələri üçün Mher Sedrakyan və onun kimilərinin hərəkətlərinin normal bir hal olduğunu düşünməyimizə əsas olacaq. Və Ermənistan hökumətinin jurnalistləri təhdid, təzyiq və qəsdlərdən qorumaq kimi bir istəyi və ya imkanı olmadığı üçün biz beynəlxalq ictimaiyyətə söykənmək məcburiyyətində qalacağıq, – bəyanatda bildirilir.
Media Təşəbbüsləri Mərkəzinin saytında yer alan xəbərə görə, Respublika fraksiyasının rəhbəri Vaqhram Baqdasaryanın Sedrakyanla söhbəti zamanı ikinci bildirib ki, “sürü ifadəsini o jurnalistlərin ünvanına söyləməyib, sadəcə həmkarlarına lətifə danışırmış.
Bundan başqa, Baqdasaryanın fikrincə, bəzi jurnalistlər qəsdən təmkinsiz deputatlara yaxınlaşaraq, qalmaqal yaratmaq naminə onları özündən çıxarırlar.
Amma elə həmin hakim partiyanın nümayəndəsi, keçmiş jurnalist Marqarita Yesayan Mhera Sedrakyanın hərəkətini pislədi: “Adam deputat, vəzifəli şəxsdirsə, heç bir təhrik cəhdi onu özündən çıxarmamalıdır.
Deputatı “özündən çıxaran jurnalist Paylak Fahradyan həmkarlarına danışır ki, Sedrakyanın təhqiredici ifadələr işlətdiyini eşidəndə sadəcə ondan xəbər aldı: “Siz niyə belə danışırsız? Fahradyan bildirir: “Bizim mübarizəmiz bir şəxsə qarşı deyil, mövcud hala qarşı yönəlib. Sedrakyan kimiləri öz yerini bilməli və jurnalistlərlə normal rəftar etməlidirlər.
Etiraz aksiyasını təşkil edən ictimai təşkilatlar Sedrakyana qarşı iddia ilə məhkəməyə müraciət etmək niyyətindədirlər. Axı etika üzrə parlament komissiyası hələ 2012-ci ildə elə həmin deputatla bağlı hadisəni araşdıraraq, belə bir qərar çıxardı ki, o deputat etikasını pozaraq, “А1+un müxbirini təhqir edib. Amma bundan sonra o, 2014-cü ildə Tert.am saytının müxbirinin ünvanına küçə söyüşləri işlətdi və indi də, 2016-cı ilin fevral ayında adətinə xılaf çıxmadı.
Yəni hadisənin böyük səs-küyə səbəb olmasına baxmayaraq, deputatın ciddi cəza alacağını təsəvvür etmək çətindir, jurnalistlərə qarşı münasibətinin dəyişəcəyini gözləməyə isə heç dəyməz.