Ac adamların qanunsuz hərəkətləri
Etirazlar
Yanvarın 12-si və 13-də eyni vaxtda Azərbaycanın bir neçə rayonunda hələ də davam edən qeyri-mütəşəkkil etirazlar baş qaldırdı. Hakimiyyət dərhal bunda müxalifəti ittiham edərək, 50 nəfərdən çox adam həbs etdi. Müxalifət isə özünün bununla əlaqəsini inkar edir və iğtişaşlara səbəb kimi region əhalisinin acınacaqlı vəziyyətini göstərir.
Təbii ki, bu hadisələr “valyuta fəlakəti ilə birlikdə ölkənin əsas mövzusu olub. İqtidar yönlü KİV-lər hər şəkildə mitinqlərin qanunsuz olduğunu vurğulayırdılar, çünki onlar İcra hakimiyyətinin icazəsi olmadan keçirilirlər. Müxalif yönlü KİV isə nümayişçilərlə polisin qarşıdurmasının video görüntülərini dərc edirdilər.
Lənkəran sakini
“Mən mitinqin keçirildiyi Liman şəhərinin yaxınlığında yaşayıram və orada iştirak edənləri tanıyıram, – Lənkəran sakini, məktəb müəllimi Sabir deyir. – İndi vəziyyət doğrudan da çox çətindir. Bir çoxlarımız mövsümi iş dalınca Bakıya gedirdik, bəzilərinin işi burdaydı. İndi isə nə Bakıda iş var, nə də burada. Mən özüm 160 manat ($102) maaş alıram və nəqliyyatda qənaət etmək üçün işdən evə, evdən də işə 3 kilometr yolu piyada gedirəm, amma yenə də güclə dolanıram. Bir çoxları da belə yaşayır və vəziyyət daha da pisləşir.
DİN və Baş Prokurorluq
“Qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib, – Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir.
Onların sözlərinə görə, ictimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın və idarələrin normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər.
Müxalifət
“Daxili qoşunlardan dinc əhaliyə qarşı istifadə etmək qanunsuzdur, – AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədri Ali Kərimli deyir. Onun sözlərinə görə, ölkədə mitinqlər hökumətin korrupsiya və qeyri-peşəkarlığının nəticəsidir. “Baxın, ölkə belə “uzaq görən siyasətlə idarə olunur. Cəmi iki ay öncə dəyəri 10000 dollardan artıq olmayan malların ölkəyə rüsumsuz gətirilməsinə hüquq verildi, bu gün həmin hüquq ləğv edildi, spirtli içkilərin nağd pulla satışına qadağa qoyuldu, 12 gün sonra da onu ləğv etdilər, – deyə o bildirir.
İqtisadçı
“Biz illərlə bu hakimiyyətə məsləhətlər vermişik – makro iqtisadi göstəricilərə, elmi yanaşmaya, dünya trendlərinə istinad etmişik, hadisələrsə göstərdi ki, onlar adi şeyləri belə bilmirlər, – tanınmış iqtisadçı Natiq Cəfərli deyir, – hökumət özü valyuta bazarında çaxnaşma yaratdı, problemləri həll etmək əvəzinə alverçilərlə mübarizəyə qalxdı. Və bu günlərdə də olan oldu.
Bloqer
“Mən səmimi olaraq, hesab edirəm ki, triqonometriya, üzvi kimya və digər ixtisas məktəb fənləri profil sahəsinə keçməli, onların yerini isə yol hərəkəti qaydaları, iqtisadi savadlılığın əsasları və digər gündəlik həyatda daha lazımlı şeylər tutmalıdır, – bloqer Roman Orkodaşvili yazır. – “Qiymətlərin qalxmasına qarşı necə mitinq etmək olar? Bu, soyuq havaya və ya materiklərin dreyfinə qarşı etiraz etmək kimi bir şeydir. Bu xalq hərəkatının nəticəsi mesajın tamamilə mənasız olması üzündən heçə enəcək.
Bank işçisi
“Mən mitinq edənləri və onların problemlərini anlayıram, amma özüm ancaq uşağıma yemək tapmayan vaxt küçəyə çıxmağa hazıram, buna isə hələ çox var, – banklardan birinin işçisi Rüfət deyir.
Satıcı
“Polis pul istəyir, vergilər pul istəyir, hamı məndən nəsə istəyir və alverimin getməməyi heç kimi maraqlandırmır, – işlənmiş telefon mağazasının sahibi və satıcısı Rasim deyir, – Ətrafa baxmaq kifayətdir ki, biznesin bağlandığını anlayasan, satış yoxdur, xalq kasıblayır.
“Bizi bağlayırlar, alver ölür, heç yerdə iş yoxdur, mən özüm Cəbrayıldanam? Evə qayıdıb, mitinqə qoşulum? – qonşu mağazadakı satıcı xəbər alır.
Cəbrayıl icra hakiminin özü
“Səfeh, köpək oğlu, sən burada neynirsən? Rədd ol buradan, – Cəbrayıl rayon icra hakimi Mahmud Quliyev etiraz aksiyası zamanı işsizə məsləhət görür, sonra da polis çağırır.
Şou-biznes
“Bizim böyük prezidentimiz var, devalvasiyanın bizə aidiyyatı yoxdur. Prezidentimiz devalvasiya olsa da, olmasa da, xalqını əziyyət çəkməyə qoymaz, – məşhur müğənni İlhamə Quliyeva deyir. – O, xalqımızı həmişə çətinlikdən qurtarıb. Mənim xalqıma devalvasiyanın dəxli yoxdur. Devalvasiya dünyanın oyunudur. Bizim dünyanın ən böyük prezidenti İlham Heydər oğlu Əliyev kimi rəhbərimiz var. O, imkan verməz ki, dünyada gedən oyunların qurbanı olaq. Devalvasiya yoxdur, hər şey yaxşıdır. Hesab edin ki, bu sözləri sizə xalqımızın adından deyirəm. İlham Əliyev imkan verməz ki, xalqımız əziyyət çəksin, lazımı işlər görür ki, xalqı rahat olsun.
- Ağcabədidə yanvarın 12-də üç nümayişçi yaşayış evinin damına çıxaraq, banka olan borclarına və işsizliyə görə həyatlarına qəsd edəcəklərini deyirdilər.
- DİN-in məlumatına görə, Siyəzəndə nümayişçilər polisə daş atıblar.
- Polis rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, bir sıra regiona daxili qoşunlar yeridilib, münaqişə ocaqlarına aparan yollar bağlanılıb.
- Müsavat Partiyasının başqanı Arif Hacılı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb, burada ona xəbərdarlıq olunub.
- Lənkəran rayonunun Liman qəsəbəsində (harada ki aksiyalardan biri keçirilmişdi) Müsavat Partiyasının fəalı İman Əliyev saxlanılaraq, polisə tabe olmadığına görə 30 sutka həbs cəzası alıb.
- Bakıda isə eyni ittihamlarla – polisə tabe olmamağa görə 7 sutka müddətinə Xalq Cəbhəsi Partiyasının fəalı Turan İbrahim həbs olunub. O, AXCP başçısının bir qədər əvvəl tutulan müşaviri Məmməd İbrahimin oğludur.
- Prezidentin sərəncamı ilə, Sənaye və İqtisadiyyat Nazirliyi çörəyin bütün istehsal mərhələlərində ƏDV-ni ləğv edərək, bununla da onun yekun qiymətini aşağı saldı.