Qali pasportlaşmanı gözləyir
Əvvəl Qalidə yaşayan gürcülərin abxaz pasportu ola-ola Gürcüstan pasportunu saxlamaq imkanı olduğu halda, bu dəfə seçim etməli olacaqlar.
2016-cı ildən Abxaziyada əhaliyə yeni paspotların verilməsi planlaşdırılır. Suxum artıq bu haqda rəsmi məlumat verib.
Qalidə artıq bir ildir ki, qorxu və həyəcan içində pasportlaşma mövzusunda yenilikləri gözləyirlər. Burada yeni pasportaşma haqda dəqiq məlumat yoxdur, informasiya ancaq Suxumdan gələn şayiələr səviyyəsində gəlib çatır. Bu cür qeyri-müəyyənlik gərginliyin daha da artmasına səbəb olur.
76-yaşlı Nora Q. Qalidə əri ilə birlikdə yaşayır. Onların uşaqları və övladları Tbilisidədir. Qocalar evlərini və məşğul olduqları təsərrüfatı atıb gedə bilmədilər. Həyətlərində meyvə ağacları, mandarin kolları, bir az da qarğıdalı bitir…
“Ötən il məni insult vurdu. Təcili yardım maşını çox gec gəldi, xəstəxanaya çatdıranda isə məlum oldu ki, orada nə aparatura, nə də dərman var. İnquri çayı üzərindəki sərhəd postu axşam saat 7-də bağlanır, buna görə də səhər açılmamış məni Zuqdidiyə çatdıra bilmədilər… güclə xilas olundum, – Nora xanım xatırlayır.
O deyir ki, Qalidə yaşamaq çox çətindir. Burada ağır kriminogen vəziyyət, addımbaşı rüşvətxorluq, rayonda normal xəstəxana yoxdur…
“Gürcü pasportlarını əlimizdən alsalar, tez-tez sərhədi keçə bilməyəcəyik… Onda xəstələnəndə neynəyəcəyik? Burada heç cür kömək edə bilməyəcəklər.
Gürcüstan vətəndaşlığından imtina edə bilmərəm, əks halda normal həyat şəraitindən imtina etməli olacam. Həm də uşaqlarımı görə bilməyəcəmsə niyə yaşayım ki? Mən buradan çıxıb getməli olacam və 22 il bundan əvvəl yaşadığım ağrı yenidən qayıdacaq…, – Nora deyir.
Qalidə pensiya çox aşağıdır – 500 rubl (8 ABŞ dolları). Qali sakinləri təhlükəsizliyin və digər elementar həyat şəraitinin olmamasından şikayətlənirlər. Danışırlar ki, polisdə və ya yerli idarələrdə ən adi problemlərin həlli üçün pul tələb edirlər.
70 yaşlı Qali sakini Qivi S. daha çox ondan narahatdır ki, pasportlaşma Qalidəki gərginliyi bir az da artıracaq və ola bilsin, yerli sakinlər üçün əlavə risklər yaradacaq.
“Mən bu torpaqsız və bu havasız yaşaya bilmərəm, amma övladlarsız həyat da mənə lazım deyil. Abxaziya mənim üçün ailəm kimi hər şey deməkdir. Düşünmək belə istəmirəm ki, ikisinin arasında seçim etməli olacam, – o deyir.
Lali öz ailəsi ilə birlikdə Qali rayonunun kəndlərinin birində yaşayır. Bir neçə ay əvvəl abxaz hökuməti pasportunu əlindən alıb, əvəzində müvəqqəti sənəd verdi. Bu sənəd əsasında sərhədin de-fakto keçilməsi çox böyük çətinliklər yaradır.
“Mənə heç izah etmədilər ki, pasportumu nə səbəblə və hansı məqsədlə əlimdən aldılar. Ancaq onu dedilər ki, yeni pasportlar paylayacaqlar. Pensiyamı pasportun əvəzində verilən vəsiqə ilə alıram. Biz Abxaziya vətəndaşlığından imtina etsək, 22 il ərzində qoruyub saxlaya bildiyimiz evimizdən və təsərrüfatımızdan da olacağıq. Yeganə ümid onadır ki, vəziyyət ağırlaşmayacaq, sadəcə sərhəddə nəzarət güclənəcək və biz hamımız onu tez-tez keçə biləcəyik, – Lali deyir.
Artlq üçüncü ildir ki, Manço Moskva restoranlarından birində işləyir. Rusiyaya o Qalidən abxaz xarici pasportu ilə gəlib. Onun ailəsi də Moskvada yaşayır. Seçim qarşısında qalsa, abxaz vətəndaşlığını seçəcək. “Mən Tbilisidə iş tapa bilmədin… Axı mən yoldaşımı və uşaqlarımı dolandırmalıyam? Ona görə də Moskvada qalmağa məcburam, başqa çıxış yolum yoxdur, – o deyir.
Qalidə çox gözəl başa düşürlər ki, Abxaziyadakı əhalinin yeni pasportlaşdırılmasının məqsədi məhz burada yaşayan gürcülərdi. Bunu Suxumidə də inkar etmirlər.
“Abxazların xoşuna gəlmir ki, onların ərazisində Gürcüstan vətəndaşları yaşayır. Axı demək olar ki, hamımızın gürcü pasportlarımız var. Onların həm də xoşuna gəlmir ki, biz tez-tez sərhədi keçib, Tbilisiyə gedirik, – Qalidə deyirlər.
Əgər yeni pasportlaşma prosesi doğrudan da Qali sakinlərini seçim qarşısında qoysa bu onların həyatını əməlli-başlı çətinləşdirəcək.
Bəzi Qali sakinləri deyirlər ki, belə olan halda ordakı gürcü əhalisi öz evini və təsərrüfatını qoyub getməli olacaq.
Gürcüstan hökuməti Abxaziyanın Qal rayonunda yaşayan etnik gürcülərin hüquqlarını necə qorumağı planlaşdırır? Tbilisinin bu məsələdə hansısa planı var?
Tbilisidə hələ ki Abxaziya əhalisinin yeni pasportlaşması mövzusunda olduqca ehtiyatlı şərhlər verməklə kifayətlənirlər.
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini Ketevan Tsixelaşvili “JAMnewsa bildirdi ki, gürcü tərəfi Abxaziyada yaşayan gürcülərin abxaz sənəti almasına qarşı deyil:
“Hüquqi mənada abxaz vətəndaşlığı deyilən bir şey mövcud deyil, amma biz onu da yaxşı başa düşürük ki, Qalidə yaşayan insanlar üçün abxaz hökumətinin pasport adlandırdıqları sənədi almaq vacibdir.
Tsixelaşvilinin sözlərinə görə, gürcü əhalisinin Qalini tərk etməməsi gürcü tərəfinin marağındadır: “Bizim marağımızda deyil ki, Qalinin gürcü əhalisi ev və təsərrüfatlarını tərk etsin. Əksinə, onlar orada qalmalı və möhkəm olmalıdır. Əgər onlara hüquq prinsipləri baxımından bu sənədi almaq faydalıdırda, biz problem yaradan deyilik, – Ketevan Tsixelaşvili bildirdi.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatı bu məsələni Cenevrə danışıqları formatında nəzərdən keirməyi planlaşdırır.
“Bu müzakirələr zamanı biz təkidlə həmişə işğal altında yaşayan adamlara kömək etməyə çalışırıq. Onların elementar hüquqları qorunmalıdır, – Tsixelaşvili deyir.