On nəfərdən çox toplaşmaq olmaz. Gürcüstan hökuməti fövqəladə vəziyyət elan etmədən məhdudiyyətləri uzatmaq istəyir
Gürcüstanda hökumətə fövqəladə vəziyyət elan etmədən ictimai həyatı məhdudlaşdırmaq imkanı verəcək qanun qəbul edilə bilər. Qanun layihəsi konstitusiyaya ziddir və ölkə üçün vacib olan 2020-ci ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsində hakimiyyətə sərf edir.
Gürcüstan parlamentində qəbul ediləcəyi təqdirdə hökumətə ölkədə fövqəladə vəziyyət elan etmədən müəyyən məhdudiyyətlər tətbiq etmək imkanı verəcək qanun layihəsi qeydiyyatdan keçib.
Məsələn, hökumət on nəfərdən çox insanın bir yerdə toplaşmasına və ya müəyyən saatlarda küçələrdə azad hərəkət etməyə qadağa qoya bilər.
Bu tədbirlərin tətbiq olunması üçün nə fövqəladə vəziyyət elan etmək, nə də parlamentin razılıq verməsi lazım olmayacaq.
Gürcüstan hökuməti indi də məhdudiyyətlər tətbiq edə bilər – koronavirus pandemiyası ilə əlaqədar elan olunan fövqəladə vəziyyət mayın 22-də başa çatıb, amma xüsusi qanunla hökumətə iyulun 15-ə qədər məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib.
Gürcüstan hökuməti bu normanın uzadılmasını tələb edir ki, vətəndaşların konstitusion hüquqlarını 1 yanvar 2021-ci ilə qədər parlamentin razılığı olmadan məhdudlaşdıra bilsin.
Seçkiqabağı kampaniyanın getdiyi və oktyabrda mühüm parlament seçkilərin baş tutacağı bir ölkədə belə məhdudiyyətlərin tətbiq olunması hökumətin əlində təhlükəli rıçaqa çevrilə bilər – siyasətçilər və ekspertlər belə hesab edir.
Müxalifət əmindir ki, əgər qanun layihəsi təsdiqlənərsə, hökumət müxalifətin seçkiqabağı kampaniya aparmasına və etiraz aksiyaları keçirməsinə mane olmaq üçün koronavirusun yayılması təhlükəsini bəhanə gətirərək bundan yararlanacaq.
Qanun layihəsinə əsasən, bu düzəlişlərin məqsədi 2020-ci il iyulun 15-dən sonra hazırkı hüquqi mexanizmin saxlanılmasıdır ki, bu da hökumətə pandemiya ilə mübarizədə təcili və effektiv tədbirlər görmək imkanı verəcək.
“Biz təyin olunmuş vaxt seçki keçirməliyik və heç bir halda sentyabrda və ya oktyabrda kiçik problemlərə görə fövqəladə vəziyyət elan olunmamalıdır. Müvafiq olaraq, kiçik yayılma halları və ya epidemioloji durumun kəskinləşməsi halında vəziyyəti indiyə qədər bacardığımız kimi səmərəli idarə edə bilməyimiz üçün normativ aktlar olmalıdır”, – parlament çoxluğunun lideri Mamuka Mdinaradze izah edib.
Müxalifət və qeyri-hökumət təşkilatları qanun layihəsini konstitusiyaya zidd hesab edirlər. Onlaar əmindirlər ki, qanun qəbul edilərsə, hökumət seçkilərə qədər vəziyyəti tam nəzarətə almağa nail olacaq – Gürcüstanda parlament seçkiləri oktyabra planlaşdırılıb, noyabrda isə birmandatlı dairələr üzrə ikinci tur baş tuta bilər.
“İqtidarda olan “Gürcü arzusu” partiyası konstitusiyaya zidd qanun qəbul edib, hansı ki, parlamentin rolunu iqnor edir və hökumətə vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa imkan verir. İndi onlar bu rejimi yanvarın 1-ə qədər davam etdirməyə hazırlaşırlar, bu da bizim üçün qəbuledilməzdir”, – “Avropa Gürcüstanı” müxalif fraksiyasının üzvü Otar Kaxidze deyib.
Parlament müxalifəti qanun layihəsini dəstəkləməyəcək.
Gürcüstanda epidemioloji mənzərə stabildir və bununla əlaqədar olaraq ölkə Avropa İttifaqının sərhədlərini açdığı 14 ölkə sırasına daxil edilib.