Gürcüstan və koronavirus – uğur yoxsa bəxt?
Gürcüstanda regiondakı qonşularla müqayisədə koronavirusa daha az sayda yoluxma və ölüm halları var. Amma aprelin birinci həftəsindən başlayaraq, onların sayı kəskin şəkildə artmağa başladı. Ekspertlər hesab edir ki, ölkədə epidemiya ilə mübarizədə birinci mərhələ – çoxalmanın qarşısının alınması effektiv oldu. Amma ölkə indi yeni, daha pik bir mərhələyə keçir – daha çətin və daha riskli. Gürcüstanda epidemiyanın pik nöqtəsi proqnozlara görə aprel-may aylarında gözlənilir.
Yoluxucu Xəstəliklər, QİÇS və Kliniki İmmunologiyanın Elmi-Praktik Mərkəzinin tibbi direktoru Marina Ezuqbaya hər gün, 10:30-da və 19:30-da Tiflisdə infeksion xəstəxananın girişində toplaşmış jurnalistlərin qarşısına çıxır və mərkəzə daxil olmuş, koronavirusa yoluxmuş yeni xəstələr, onların vəziyyəti, kimin sağaldığı, kimin vəziyyətinin ağırlaşdığı barədə məlumat verir.
Aprelin 20-nə olan məlumata görə, ölkədə 399 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Onlardan dörd nəfər ölüb, 86 nəfər sağalıb.
Gürcüstan “çeviklik lideri” kimi
Gürcüstan regionda koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif məhdudiyyət və qadağalar qoyan ilk ölkələrdən biri oldu.
Məhdudiyyətlər yanvarın 29-da başladı, onda Gürcüstan infeksiyanın artıq tüğyan etdiyi Çinlə aviaəlaqəni dayandırdı.
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki dərdi
- Bürokratik kəşflər dövrü: Belarusda koronavirus məmurları necə danışmağa vadar edib?
Martın 21-dən yoluxanların sayı 48-ə çatanda fövqəladə vəziyyət elan olundu. Şəhər və dəmiryolu nəqliyyatı əlaqəsi tam dayandırıldı, şəxsi avtomobil və taksilərdə ancaq 3 nəfərin getməyinə icazə verilir. Üç nəfərdən artıq insanın toplaşmağı qadağan edilir.
Komendant saatı axşam doqquzdan səhər saat altıya qədər davam edir, bu isə o deməkdir ki, bu müddət ərzində küçəyə çıxmaq qadağandır.
Vaxtaşırı olaraq müxtəlif şəhər və bələdiyyələr karantinə bağlanır.
Çoxları hökumətin bu addımlarını tənqid edir – kimsə şərtlərin ağırlığının seçimli olduğuna görə (məsələn, kilsədə adamlar hələ də toplanır, kifayət qədər böyük yas mərasimləri və s. keçirilir). Başqaları isə deyir ki, hakimiyyət tərəfindən atılan sərt addımlar adamları acından ölməyə məhkum edir.
Eyni zamanda Gürcüstan epidemiyanın geniş yayılma müddətini uzatmağı bacardığına görə, hökuməti tənqid edənlər azdır.
Gürcüstanın səhiyyə işçiləri hətta öz evlərinə qapanmış sakinlər tərəfindən alqış qazandı.
Səhiyyə sahəsində ekspertlər, həmçinin hökumətin tənqidçiləri hesab edirlər ki, ölkədə virusla mübarizənin birinci mərhələsi çox yaxşı keçdi və maksimum vaxt qazanıldı ki, bu da çox əhəmiyyətlidir.
Müətəxəssislərin fikrinə görə, birinci mərhələdə üç amil öz işini gördü:
İlk növbədə, Gürcüstan ən əvvəldən təhlükəni ciddi qəbul etdi və “adi qrip”lə üz-üzə olduğuna ümid etmədi. Bu halda yetərincə problemli səhiyyə sistemi olan kasıb ölkə olması Gürcüstanın müəyyən mənada xeyrinə işlədi. Başqa sözlə, “əgər bu, İtaliyada baş verirsə, bizdə necə olacaq” formulu işə düşdü və buna görə ölkə dərhal epidemiyadan qorunmağa başladı.
İkinci amil – bütün proses boyu bütün hökumət üzvləri ikinci plana keçdi, o cümlədən də səhiyyə naziri Yekaterina Tikaradze. Hökumət bu prosesi epidemioloqlara və Xəstəliklərə Nəzarət Mərkəzinə tapşırdı.
Və üçüncü, çox vacib amil Tbilisi yaxınlığında üçmərtəbəli şüşə bina – Luqara adına elmi mərkəzdir. Rusiya təbliğatının, o cümlədən də Gürcüstanın Rusiyayönlü resurslarının köməyi ilə illər boyu mübarizə apardığı, Gürcüstanda təhlükəli virusların yayılmasının mərkəzi adlandırdığı laboratoriya bu böhran vəziyyətində cəmiyyətin təhlükəsizliyi üçün öz əhəmiyyətini nümayiş etdirdi.
Məhz bu laboratoriyada PCR-koronavirus testi həyata keçirilir. Bu müasir labaratoriyanın hazır olmağı Gürcüstanda infeksiyanın qarşısının alınması mərhələsinin belə uzun çəkməsinə gətirib çıxardı.
Labaratoriyanın əməkdaşları 24 saat, üç növbəli işləyir. Nümunələrin emalı və cavabın alınması 4-5 saat çəkir və nəticə çox dəqiqdir – səhv demək olar ki, olmur.
“Gürcüstan çeviklik məsələsində liderdir, düşünürəm ki, gürcülər bununla fəxr etməlidir ki, Luqara laboratoriyası Xəstəliklərə Nəzarət Mərkəzi ilə birlikdə, ictimai sağlamlığı əsas prioritetlərdən birinə çevirdi və müvəffəqiyyət qazandılar. Bu, çox heyrətləndirir”, – bunu 5 mart tarixində ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqan deyib.
Test – əsəs tənqid predmeti
Ölkədə ən qızğın mübahisələr məhz müayinə ətrafında gedir.
Hazırda yoluxma hallarının artdığı bir vaxtda müxalifət hökuməti ekspress-testlərin tətbiqini gecikdirməkdə ittiham edir və bildirir ki, yoluxanların sayı elan olunduğundan artıqdır.
Qonşu ölkələrlə, eyni zamanda başqa Avropa ölkələri ilə müqayisədə Gürcüstanda həqiqətən az insan müayinə olunub. Məsələn, 8 aprelə olan məlumata görə, Gürcüstanda 3271 nəfər test olunub, bu da bir milyon əhaliyə 820 test deməkdir (misal üçün, həmin dövr ərzində Ermənistanda bir milyon əhaliyə 1840 test, Azərbaycanda isə 5257 test edilmişdi).
İnfeksion xəstəxananın direktoru Tenqiz Tsertsvadze deyir ki, indiyədək Gürcüstanda müayinələr az sayda, amma məqsədyönlü şəkildə, “düzgün alqoritm”lə aparılıb.
Aprelin 9-da Gürcüstanda test götürmənin yeni alqoritmi təsdiqləndi.
Əvvəllər yalnız xaricdən gələn, simptomları olan və ya xaricdən qayıtmış insanlarla əlaqədə olan xəstələr test edilirdi. İndi testdən keçəcək insanların sayı nəzərə çarpacaq dərəcədə artacaq.
Simptomları olan və səfərdən qayıdan insanlarla yanaşı, cəzaçəkmə müəssisələrində olanlar; qocalar evinin sakinləri və əməkdaşları; silahlı qüvvələrin qulluqçuları; psixiatriya müəssisələrinin xəstələri; monastırlarda yaşayan ruhani şəxslər, xəstə axınının böyük olduğu klinikaların tibbi heyəti siyahıya daxil ediliblər. Onların hamısına ekspres testlər olunacaq.
“Heç kimdə belə bir illüziya yoxdur ki, hazırda qeydiyyata alınmışların sayı qədər xəstələrimiz var. Sadəcə söhbət bəzilərinin iddia etdiyi kimi, minlərlə insandan getmir. Bununla belə, bir neçə yüz (qeydə alınmamış) insan var”, – infeksionist Maya Tutsaşvili deyir.
Pik hədd necə olacaq? Proqnozlar
Müxtəlif proqnozlara görə, Gürcüstanda pik ya aprelin sonu, ya da mayın əvvəlində olacaq.
Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamkrelidzenin sözlərinə görə, Səhiyyə Nazirliyi virusun yayılmasının üç ssenarisini nəzərdən keçirir.
Qamkrelidze aşağıdakı ssenarini daha real hesab edir:
“Aprelin sonunda 1000-dən 1200-ə qədər insan yoluxacaq. Əlbəttə sağalmalar da artacaq. Biz geometrik artım istəmirik, ona görə də sizdən tövsiyələrə əməl etməyi xahiş edirik. Əsas tövsiyə sosial məsafəni qorumaqdır”.
Qamkrelidze digər iki ssenarinin detallarını dəqiqləşdirmədi.
Səhiyyə naziri Yekaterina Tikaradzenin sözlərinə görə, Gürcüstanda ən pis halda 400 ağır xəstə olacaq.
Gözlənilən xəstə axınının öhdəsindən gəlmək üçün 40-a yaxın “qızdırma mərkəzi” yaradılıb, yüksək temperaturu olanlar başqa klinikalara deyil, məhz ora müraciət etməlidirlər. “Qızdırma mərkəzləri” qızdırması olan insanlar üçün, axının başqa xəstələrə mane olmasının qarşısını almaq məqsədi ilə adi rayon poliklinikalarında xüsusi təchiz olunmuş zonalar olacaq.
Koronavirusa yoluxmuş insanların müalicə aldığı böyük klinikalara gəldikdə isə Gürcüstanın müxtəlif şəhərlərində – Tbilisi, Kutaisi, Batumi, Qori və Zuqdididə 20 klinika var.
Ölkədə təxminən 15 min çarpayı və 2 min süni tənəffüs aparatı var.
Səhiyyə nazirinin sözlərinə görə, ölkə bu mərhələdə eyni vaxtda klinikalarda 3500-ə yaxın orta və ağır xəstələrə və 5 mindən artıq insana karantin zonasında qulluq edə bilər.
Pik dövrü üçün plan belədir: yüngül simptomlu xəstələr mümkün qədər çox müddət evdə qalır. Və əgər xəstənin evdə izolyasiya edilməsi üçün ayrıca otaq yoxdursa, qəyyum və ya ailə başçısı yoxdursa, əgər ailə üzvləri riskə məruz qalırlarsa, belə xəstələr karantin zonasına yerləşdiriləcək.
Yüngül simptomları olan xəstələr üçün evdə müalicə protokolu hazırlanıb, onların müalicəsi ilə ilkin tibbi yardım şöbəsi – ailə həkimləri və xəstələrin özləri məğşul olacaq.
Eyni zamanda hökumət səhiyyənin imkanlarının məhdud olduğunu bildirir – aprelin 15-də səhiyyə naziri ölkədə mütəxəssislərin çatışmadığını deyib. O cümlədən 488 reanimatoloq eyni vaxtda 1200 xəstəyə, 256 infeksionist 850 xəstəyə qulluq edə biləcəyini deyib. Nazirin hesablamalarına görə, böhran və sistemin yüklənməsi yoluxanların sayı gündə 400-500 nəfər artsa baş verəcək.
“Hospital sahəsi prinsipcə hazırdır, ümid edirəm ki, xəstə axını bu qədər olmayacaq və yerlər bəs edəcək” -, infeksionist Maya Butsaşvili deyir.
O həm də hesab edir ki, əhali ilə düzgün komunikasiya qurmaq, onu yoluxma sayının artmağına psixoloji cəhətdən hazırlamaq lazımdır.
Kilsə əsas risk qrupudur?
Hökumət fövqəladə vəziyyət elan etməklə daxili miqrasiyanı kəskin azaltdı. Qaydalar az-çox ərzaq mağazalarında qoyulub, bir çox yerlərdə insan sayı, onlar arasında məsafə və sanitar tədbirlərə ciddi şəkildə nəzarət olunur.
Dövlətin nə danışıqlar, nə də xəbərdarlıq yolu ilə fövqəladə vəziyyət qaydalarına əməl etməyə məcbur edə bilmədiyi yeganə institut kilsədir.
Bu günə qədər gürcü kilsələrində nəinki ayinlər səngimir, hətta inanclı insanlar dini mərasimlərdə eyni qablardan istifadə edir.
Aprelin 19-da Gürcüstan provaslavları Pasxa bayramını qeyd etdilər. Ölkə hökuməti kilsə ilə razılığa gəldi ki, ayinlər ancaq iri kilsələrdə və ancaq komendant saatına riayət etməklə və məsafə saxlamaqla həyata keçiriləsək.
Pasxa günündə nəqliyyatın işləməməsinə və bayram vaxtı avtomobillə hərəkətin qadağan olunmasına, belə yığıncaqların təhlükəsi və infeksiyanın kəskin şəkildə yayıla biləcəyi ilə bağlı infeksionistlərin xəbərdarlıqlarına baxmayaraq, bəzi kilsələrə xeyli sayda inanclı insan gəldi, amma əksəriyyət məsafə saxlamağa çalışırdı.