Ramzan Kadırov “Novaya qazeta”ya qarşı
Çeçenistan prezidenti – Rusiyanın tərkibində Şimali Qafqazda respublika – Rusiyanın müstəqil “Novaya qazeta” nəşrinin ünvanına ittihamlar səsləndirib. Ramzan Kadırov qəzeti Çeçenistanda koronavirusun yayılması ilə bağlı vəziyyət haqda yalan informasiya dərc etməkdə günahlandırıb.
“Nə zamana qədər “Novaya qazeta” nəşri tərəfindən həyasızca və vicdansızca təşkil olunan provokativ və partlayış təhlükəli antiçeçen təqib davam etdiriləcək?”, – Kadırov rəsmi Telegram kanalında yaydığı video-da bəyan edib.
Kadırov öz bəyanatında yanlış olaraq bildirir ki, “Novaya qazeta” nəşri “Qazprom” dövlət şirkəti tərəfindən maliyyələşdirilir və bu, onda qəzəb doğurur.
- Çeçenistan: karantinə bağlanıb
- Çeçenistan hakimiyyəti Ramzan Kadırovun ailə biznesi kimi
- Şimali Qafqazda koronavirus: bütün regionlarda yoluxma var, İnquşetiya müftisi ölüb
“Mənim özümə aydın deyil və heç aydın deyil ki, mən necə öz xalqıma hamıya məlum faktı – hörmətli (mahiyyətcə dövlətə məxsus) “Qazprom”un informasiya-diversiya mahiyyətli antirusiya qəzetini, jurnalistləri Qərbdən və ABŞ-dan mükafat alan bu qəzeti maliyyələşdirdiyini izah edim”, — Kadırov qəzəblənib.
Prezident anlamır ki, niyə “dövlətin suverenliyinin qalası olan FTX” “Novaya qazeta” jurnalistlərinin simasında “xarici agenturanın fəaliyyətinə” diqqət yetirmir.
Kadırovu nə qəzəbləndirib?
Çeçenistan prezidentinin bu reaksiyasının əsas səbəbi “Novaya qazeta” nəşrində aprelin 12-də dərc olunan Yelena Milaşinanın “Koronavirusdan ölüm – daha az şər” başlıqlı məqaləsidir.
Məqalədə Çeçenistanda hakimiyyətin koronavirusa yoluxan insanları təqib etməsindən və buna görə də insanların xəstəlik əlamətləri olsa da, xəstəxanaya müraciət etmədən evdə qalmağa üstünlük verməsindən bəhs olunur. Həmçinin məqalədə deyilir ki, epidemiyanın tüğyan etdiyi zamanda bəzi xəstəxanalar bağlanır, insanlara tibbi yardım göstərməkdən imtina edilir. Bundan başqa respublikada testlər lazımi qaydada aparılmır.
“Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratovun verdiyi məlumata əsasən, material dərc olunandan dərhal sonra Kadırovun mətbuat katibi ona zəng vurub və məqalədən narazılığını bildirib.
“Mən dedim ki, onları anlayıram,başqa nöqteyi-nəzər də var, amma mən xahiş etdim ki, onlar öz mövqelərini əsaslandırsınlar. …Çeçenistan rəhbərinin yeni mətbuat katibi düşünəcəyinə söz verdi, amma görünür, düşünəndən sonra bundan vaz keçib və biz cənad Kadırovun bu çıxışı ilə üzləşdik”, – Muratov deyib.
“Novaya qazeta”nın jurnalistinə hücum
Nəşrin Çeçenistanda baş verənləri necə işıqlandırması ilə bağlı narazılıqlarını bu respublikanın hakimiyyəti dəfələrlə ifadə edib. Fevralda isə Çeçenistanda “Novaya qazeta”nın şərhçisi Yelena Milaşina və tanınmış vəkil Marina Dubrovinaya qarşı hücum baş vermişdi.
Aqressiv qrup – əsasən qadınlardan ibarət – mehmanxananın hollunda onlara hücum edib, döymüş və baş verənləri videoya çəkmişdi.
Yelena Milaşina bildirib ki, daha əvvəl də hazırladığı materiallara görə dəfələrlə Çeçenistan hakimiyyətindən və şəxsən prezident Ramzan Kadırovdan təhdidlər alıb.
Milaşinanın “Novaya qazeta” nəşrində işıqlandırdığı mövzular arasında Çeçenistanda insanların qanunsuz həbsi və məhkəmədən kənar ölümlə cəzalandırılması, həmçinin geylərin təqib olunması və qətlə yetirilməsi məsələləri də var.