Gürcüstanın Marneuli şəhəri epidemiya astanasında. Karantinə bağlanmış şəhərdə nə baş verir? (foto)
Martın 22-də gecə saatlarından Gürcüstanın Marneuli və Bolnisi şəhərlərinin ətraf aləmlə əlaqəsi kəsilib. Marneulidə xəstəxanaya yerləşdirilən bir qadında koronavirus aşkarlanandan sonra burada karantin elan olunub.
Qadın Tbilisiyə çatdırılıb, vəziyyəti ağırdır. Onun kimdən yoluxduğu məlum deyil. Əlamətlər özünü biruzə verənə qədər qadın onlarla insanla ünsiyyətdə olub.
Karantin zonasına girişlər polis, hərbçilər tərəfindən və texnika ilə mühafizə olunur. Oraya yalnız yerli sakinlər buraxılır, bundan əvvəl isə onların sənədləri yoxlanılır və temperaturu ölçülür, maşınları isə dezinfeksiya edilir. Marneulidə səhra hospitalı təşkil olunacaq.
Region sakinlərinin əksəriyyətinin etnik azərbaycanlı olması, çoxlarının gürcü dilini bilməməsi və buna görə də ölkədəki vəziyyət haqda məlumatlı olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.
Marneulidən jurnalist və ictimai fəal Şəlalə Əmircanova epidemiya təhlükəsi altında olan regionda nələr baş verdiyi haqda JAMnews-a danışıb.
________________________________________
- Qafqazda koronavirus. Gürcüstanda 12 yeni yoluxma halı. Yenilənir
- Koronavirus epidemiyası dövründə boşalmış Tbilisi
Dünən gündüz biz öyrəndik ki, Marneulidən olan bir qadında koronavirus tapılıb.
O, mənim keçmiş qonşumdur. Artıq uzun illərdir ki, ürək çatışmazlığından əziyyət çəkir və bildiyimə görə, onun ürəyində üç dəfə əməliyyat edilib.
O, tez-tez Azərbaycana gedib-gəlir, orada qohumları yaşayır.
Marneulidə qardaşının ailəsi ilə birlikdə yaşayır. Böyük ailələri var.
Bu günlərdə Marneulidə Novruz Bayramı qeyd olunurdu.
Bundan öncəki həftə isə İlaxır Çərşənbə qeyd olunub. Həmin gündən məlum olduğu kimi insanlar bir-birinin evinə bayramlaşmağa gedir.
Qadının yaxın qohumunun mənə danışdığına görə, martın 11-də o, ölən qohumunun il mərasimində olub. Bundan əvvəl isə Azərbaycandakı qohumlarını ziyarət edib.
Martın 18-də qadının vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib. Onun nəfəs darlığı olub və hamı düşünüb ki, bu, ürəyindəki problemlə əlaqədardır.
O, həkimə müraciət etdiyi zaman vəziyyəti artıq çox ciddi olub.
Qadın bir neçə gün xəstəxanada qalıb və heç kim onun probleminin nə olduğunu anlaya bilməyib. Koronavirus testi yalnız qadının vəziyyəti tamam ağırlaşandan sonra edilib.
Qadının getdiyi il mərasimində azı 200 insan iştirak edib, o cümlədən də regionun digər şəhər və kəndlərindən gələnlər olub.
Xaricdən gələndən sonra qadının bütün ailə üzvləri, qonşuları və qohumları ilə yaxın təmasları olub.
Yaxın təmas həm də Novruz Bayramı ilə əlaqəli olub – adətə görə bayram günlərində insanlar mütləq qucaqlaşıb, bir neçə dəfə öpüşürlər.
Qadının müalicə olunduğu xəstəxana Marneulinin ən böyük klinikalarından biridir.
İndi həmin xəstəxana karantinə bağlanıb. Bunun da nəticəsində xəstəxanada çox sayda insan – həm tibb personalı, həm də digər xəstələr qapalı vəziyyətdə qalıb.
Bu xəstəxanaya çox insan gəlir, bu da o deməkdir ki, region hazırda təhlükə altındadır.
Marneuli bələdiyyəsində 100 min nəfərdən çox insan yaşayır. Şəhərin daxil olduğu Kvemo Kartli regionunun əhalisi ümumilikdə 423 min nəfərdir.
Martın 23-də insanlar yuxudan oyananda artıq şəhərin bağlandığı ilə üz-üzə qalıblar.
Gecə saatlarında şəhərə ağır texnika ilə hərbçilər daxil olub.
İndi şəhərdən nə çıxmaq, nə də şəhərə girmək mümkündür.
Amma ilk baxışdan Marneulidə adi həyat davam edir. İnsanlar küçələrdə gəzir, mağazaya gedir, həyətlərindən çıxır və bir-biri ilə ünsiyyətə girirlər.
Yerli sakinlərin çoxu etnik azərbaycanlılardır, gürcü dilini demək olar ki bilmirlər. Buna görə də informasiyanı əsasən Azərbaycan kanallarından alırlar.
Odur ki, çoxları ölkədə nə baş verdiyini yaxşı anlamır.
Səhər uşaqları ilə tək yaşayan cavan qadın qonşumuz qapını döydü.
Dedi ki, WhatsApp-da Marneulidə nəsə baş verdiyi haqda oxuyub. Anam ona izah elədi ki, biz karantin altındayıq və küçəyə çıxmamalıyıq.
Qonşumuz istisna deyil.
Ölkədə bütün bunların artıq bir aydır ki, baş verdiyinə baxmayaraq, bu cavan qadının sadəcə bu haqda məlumatı yoxdur. O, özünü və uşaqlarını virusdan qorumaq üçün nə etməli olduğunu da bilmir.
Əlbəttə, əksəriyyət hansısa təhlükəli virusun bütün dünyada, o cümlədən də Gürcüstanda yayıldığını bilir, amma onların səhih informasiyası yoxdur, burada əsasən şayiələr yayılır.
Marneuli sakininin başına bu olay gələnə qədər heç kim virusu ciddiyə almırdı.
Kəndlər hələ də adi həyatını yaşayır. Tanışlar mənə deyir ki, kəndlərdə insanlar hələ də birlikdə toplanırlar.
İndi yaz fəslidir və çoxları sahələrdə işləyir. Bəzilərinin televizora baxmağa vaxtı yoxdur – onlar torpağı belləyir, tərəvəz yetişdirirlər.
Səhər Marneuli kəndlərindən birində yaşayan nənəmlə danışırdım:
“Azərbaycan televiziyasının xəbərlərində eşitdik ki, Marneuli bağlanıb, hər şey qaydasındadı orda?” – o məndən soruşdu.
Marneuli sakinlərindən çoxu, xüsusən də Facebookda fəal olan gənclər hökumətin gördüyü tədbirlərdən narazıdırlar.
Onlar bildirirlər ki, hakimiyyət vəziyyətə daha ciddi nəzarət etməlidir.
Alqeti kəndindən olan Novruz Mehdi hakimiyyəti kəndlərə diqqət yetirməyə çağırır:
“Müvafiq xidmətlərin diqqətinə! Marneuli kəndlərində cəmiyyət karantin qaydalarına əməl etmir! Hamı küçədədir! Xahiş edirik, əhalinin təhlükəsizliyini təmin edin və informasiya yaymaq üçün nümayəndələri kəndlərə göndərin!”
Bunu isə Tsereteli kəndindən olan Mariam Kveladze yazıb:
“Polis kəndlərə və Marneuli şəhərinə getməlidir və insanlara nəzarət etməlidir… İnsanlar yenə də ora-bura gedir…”
Mən sosial distansiya qaydalarına əməl etməyə çalışıram və evdən çıxmıram, amma insanlara kömək üçün nəsə etmək istəyirəm.
Bütün gecəni mən meriya üçün bəzi lazımlı informasiya mətnlərini tərcümə etmişəm ki, gürcü dilini bilməyən azərbaycanlı əhali arasında yayılsın.
Lazım olduğu təqdirdə müvafiq təchizatla kəndə gedib, insanlara virusdan qorunmaları üçün nə etməli olduqlarını izah etməyə hazıram.
Marneulidən olan vətəndaş cəmiyyəti fəalı Raşan Ziyadəliyev könüllülərin toplanması üçün kampaniyaya başlayıb. Onun sözlərinə görə, onlar bütün Marneuli kəndlərini “qapı-qapı” gəzib, insanları Azərbaycan dilində məlumatlandırmaq niyyətindədirlər.
“Biz yardım üçün təşkilatlara müraciət edirik, nəqliyyatımız və lazımı inventarımız olan kimi biz kiçik qruplarla kəndləri gəzməyə başlayacağıq”, – Raşan deyir.