Növbədənkənar parlament seçkiləri – Gürcüstan parlamentinin qarşısında mitinq iştirakçılarının əsas tələbi
Gürcüstanda siyasi böhran pik nöqtəsinə çatıb. Tbilisini yenidən etirazlar dalğası bürüyüb.
Minlərlə insan parlament binasının önünə toplanıb. Onların əsas tələbi növbədənkənar parlament seçkiləridir. Rustaveli prospektində çadırlar qurulur.
Bu, 2012-ci ildən bəri misli görünməmiş haldır ki, bütün müxalifət partiyaları küçədə mövcud hakimiyyətə qarşı birləşiblər.
__________
Minlərlə insan dünən Gürcüstan parlamentində qəbul edilmiş qərara etirazlarını bildiriblər.
Parlament seçkilərinin keçirilməsi qaydasında konstitusiyaya düzəlişlər səsvermədən keçməyib. Layihəyə əsasən, 2020-ci ilin seçkiləri proporsional sistem üzrə (yalnız partiya siyahıları ilə) keçirilməli idi, başqa sözlə, ənənəvi olaraq hakim partiyaya xeyli üstünlük verən majoritar sistem ləğv edilirdi.
Proporsional sistemə keçid yayda keçirilmiş etiraz aksiyalarında əsas tələblərdən biri idi. İyunun 24-də, iki gün davam edən mitinqlərdən sonra “Gürcü arzusu”nun lideri Bidzina İvanişvili bəyanat verərək, tələbin yerinə yetirilməsinə razılığını bildirmişdi. O demişdi ki, “Gürcü arzusu” proporsional sistemə razıdır və müvafiq təşəbbüsü parlamentə təqdim edəcək.
Lakin bu məsələ parlamentdə səsvrməyə çıxarılarkən “Gürcü arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş dəyişikliklərə bu partiyanın bir çox deputatları səs vermədi.
Heç bir vacib siyasi qərarın ölkənin qeyri-rəsmi lideri, hakim partiyanın başçısı və oliqarx Bidzina İvanişvilinin iştirakı olmadan qəbul edilmədiyi bir şəraitdə heç kim inanmır ki, qanun layihəsinə səs verməmiş qanunvericilər müstəqil şəkildə hərəkət ediblər.
Müxalifədən olan deputatlar baş verənləri “İvanişvilinin qoyduğu tamaşa, yaxud fənd” adlandırırlar.
“Bu əsrin “atışı” idi, hələ heç kim gürcü xalqını bu cür aldatmamışdı”, – mitinqin təşkilatçılarından biri Şota Diqmelaşvili deyib
__________________
Səsvermədən sonra Rustaveli prospekti yayda mitinq keçirmiş ictimai fəallar tərəfindən bağlandı. Onlar yolun ortasında oturdular və hamını parlamentin qarşısına toplaşmağa çağırdılar.
Axşam saat yeddi radələrində etirazçıların sayı elə artdı ki, Rustaveli prospekti artıq təbii şəkildə bağlanmışdı.
Aksiyaya müxtəlif ali məktəblərin tələbələri qoşuldular. Onlar “Biabırçılıq” və “İvanişvili yalançıdır” şüarlarını qaldırmışdılar.
Saat yeddi üçün Leyboristlər partiyasının ofisində eyni zamanda müxalifət partiyalarının liderlərinin və ictimai fəalların görüşü keçirilib.
Görüşdə bütün müxalifət partiyalarının, o cümlədən radikal şəkildə bir-birinə zidd təşkilatların nümayəndələri iştirak edib – qərbyönümlü siyasətçilərlə yanaşı, burda rusiyayönümlü partiyalar da olub.
“Hamı çıx bir” – bu, siyasi partiyaların birləşdiyi əsas düsturdur.
Müxalifət birgə fəaliyyət planını razılaşdırıb. Qərar budur – Rustaveli prospektindəki aksiya tamamilə proporsional sistem üzrə baş tutacaq növbədənkənar seçkilər təyin olunana qədər bitməyəcək.
Müxalifətin üç əsas tələbi:
1. Müvəqqəti hökumətin formalaşdırılması.
2. Müvəqqəti hökumətin tərkibinə Bidzina İvanişvili istisna olmaqla hamı daxil olmalıdır. Başqa sözlə, Bidzina İvanişvili siyasi proseslərdən kənara çəkilməli, “Gürcü arzusu” isə ölkənin idarə olunmasından getməlidir.
3. Müvəqqəti hökumət azad seçkiləri keçirməlidir.
«Bütün siyasi qüvvələr yekdildir ki, Bidzina İvanişvili ölkəni uçurumun kənarına gətirib çıxarıb, buna görə də, bizə birgə hərəkətlər etmək lazımdır ki, heç bir sözü heç nəyə dəyməyən bu düşmən rejim bitsin.
Ölkənin müvəqqəti hökumətin təşkil edəcəyi növbədənkənar – proporsional seçkilərə ehtiyacı var. Biz hər şey edəcəyik ki, bu məqsədimizə çataq», — «Avropa Gürcüstanı» partiyasının lideri Giqa Bokeriya müxalifətin görüşündən sonra bildirib.
«Əgər siz evlərinizdə oturmusunuzsa, küçəyə çıxın, çünki dövlətdən artıq heç nə qalmayıb, nəsə qalıbsa da, onu əlimizdən alırlar. Cavab verin, siz dövləti oliqarxa verəcəksiniz? Küçəyə çıxın, bu vaxt evlərinizdə nə edirsiniz? Seçkilər hansı sistemlə keçirilir keçirilsin, Tbilisi sayağı deyim, biz onları cıracağıq», – müxalif “Vahid milli hərəkat”ın liderlərindən biri Qriqol Vaşadze bildirib.
O qeyd edib ki, “Vahid milli hərəkat” daha radikal tədbirlərin tərəfdarıdır, lakin müxalifətlə yekdil rəyə gəlinib və partiya ümumi razılıq əsasında fəaliyyət göstərəcək.
«Hazırkı hökumətin anladığı yeganə mexanizm kütləvi etirazlardır… Çox çalışmaq lazım idi ki, bütün siyasi partiyaları birləışdirə biləsən və Bidzina İvanişvili bunu bacardı», — “Demokratik hərəkat – vahid Gürcüstan” partiyasının sədri Nino Burcanadze deyib.
«Bidzina İvanişvili hər şey edib ki, Rustavelidə barrikadalara nail olsun və onlar mütləq olacaq», — Milli-demokrat partiyasının sədri Baçuki Kardava söyləyib.
«Bidzina İvanişvili mənim hayatım boyunca qarşılaşdığım ən yalançı adamlardan biridir, o, öz partiyası ilə birlikdə bu gün tamaşa qoyub və Gürcüstanın milli maraqlarını şimal istiqamətinə dəyişib. Səbr kasası daşıb, biz geri çəkilməyəcəyik», — yeni “Lelo” siyasi hərəkatının təsisçisi, biznesmen Mamuka Xazaradze aksiyada deyib.
Hazırda Ukraynada olan üçüncü prezident Mixail Saakaşvili də Gürcüstanda baş verənlərə reaksiya verib.
«Bir şeyi bilirəm, tezliklə, noyabrın 23-də Müqəddəs Giorgi bayramıdır və gürcü xalqı birləşməli, dinc səfərbərlik keçirməlidir. Bu rejimin artıq heç bir legitimliyi yoxdur. Buna görə də, indi hər şey bizdən asılıdır. Güc birlikdədir, dostlar, mən əminəm ki, bizdə hər şey alınacaq», — sosial şəbəkədəki səhifəsində yerləşdirilmiş videoda Saakaşvili bildirib.
Eks-prezident Giorgi Marqvelaşvili də etirazçılara qoşulub.
«Mən gürcü xalqının durduğu, alternativin olmadığı yerdəyəm», — ölkənin dördüncü prezidenti bildirib.
ABŞ səfirliyi də dünən parlamentin qərarı ilə bağlı bəyanatla çıxış edib.
«Biz təəssüf edirik ki, müxalifət partiyalarının dəstəyinə baxmayaraq, bugünkü səsvermədə konstitusiya dəyişiklikləri “Gürcü arzusu” pariyasının lazımi sayda deputatları tərəfindən dəstəklənməyib.
Biz bütün tərəfləri, o cümlədən hökuməti, müxalifət partiyalarını və vətəndaş cəmiyyətini sakit və layiqincə əməkdaşlıq etməyə çağırırıq ki, Gürcüstanın demokratik inkişafının möhkəmləndirilməsi üzrə bizim ümumi vəzifələrimizə uyğun olaraq irəli getməkdə davam edək», — bəyanatda deyilir.