“Oğru qazamatda olmalıdır!” – Ermənistanda cinayət məcəlləsinə dəyişikliklər qəbul edilib
Ermənistanda “qanuni oğrularla” mübarizə aparmaq qərarına gəliblər. Hökumət cinayət məcəlləsinə dəyişikliklər layihəsini təsdiqləyib. Dəyişikliklərə əsasən, “kriminal dünyaya” aid olmağın məsuliyyəti sərtləşdirilmiş olacaq.
• Rusiya oğrular üçün cənnətdir?
Dəyişikliklər haqda bütün təfərrüat
Layihəni hökumətə ədliyyə naziri Rustam Badasyan təqdim edib. Dəyişikliklərə əsasən, “qanuni oğru” statusunun olması indən belə cinayət məsuliyyətinə cəlb edilmək üçün yetərli səbəb olacaq.
“Cinayətkar iyerarxiyada yüksək status vermək, almaq və ya qoruyub saxlamaq, kriminal submədəniyyətin yaradılması, ona rəhbərlik, iştirak, başqalarını cəlb etmə və qorunub saxlanmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub”, – Badasyan deyib.
Ədliyyə naziri izah edib ki, dəyişiklik yalnız bilavasitə “qanuni oğrulara” yox, həm də “kriminal avtoritetlərə” aid olacaq.
Bundan başqa, müxtəlif problemlərin həlli üçün “qanuni oğrulara” müraciət edən insanlar üçün də nəzərdə tutulub.
Baş prokuror Artur Davtyan da dəyişiklik paketinin qəbulunun lehinə fikir səsləndirib:
“Bu submədəniyyətin benefisiarları cinayətlərin açılmasına əhəmiyyətli dərəcədə mane olurlar… Düşünürəm ki, hüquq-mühafizə orqanları bu məqamdan etibarən qanunun həyata keçirilməsinə hazırlaşmalıdırlar, çünki qanun qüvvəyə minəndən sonra onları böyük həcmdə işlər gözləyir”.
Ermənistan hökuməti layihəni yekdilliklə qəbul edib. Daha əvvəl cinayət məcəlləsinə analoji düzəlişlər Gürcüstanda və Rusiyada qəbul olunub.
Baş nazirin şərhi
Hökumətin iclası zamanı Paşinyan bildirib:
“Təqdim olunmuş layihə “qanuni oğrular”, necə deyərlər, “sxodkalar” (hökumət iclasında bu cür sözlərə görə üzr istəyirəm), “obşaklar” və digər hallar haqdadır. Bu ondan ötrüdür ki, məsələyə cəlb edilən hər kəs məsuliyyətə cəlb olunsun. Bu submədəniyyətə aid olan insanlar qazamatı öz evi hesan edir, müvafiq olaraq, onların hamısını “evə” göndərmək lazımdır”.
Baş nazir cinayət məcəlləsinə dəyişikliklər edilməsi məsələsinə öz Facebook səhifəsində də toxunub:
“Bu gün Ermənistan cinayət məcəlləsinə dəyişikliklər layihəsi qəbul edilib, dəyişikliklərin məzmununu belə açıqlamaq olar: «вор должен сидеть в тюрьме!» (“oğru qazamatda olmalıdır!”)”.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook istifadəçilərinin əksəriyyəti gözlənilən dəyişikliklərə müsbət reaksiya verib.
Nikol Paşinyanın statusunun altında yazılan bəzi şərhlər:
“Biz hamımız sevincliyik! Bravo!”;
“Qanunlara çoxdan gözlənilən əlavə və dəyişikliklər!!! Nəhayət!”;
“Madam ki, belədir, hərbi hissəyə nəzarət edənləri də unutmamaq lazımdır, yoxsa ki, orduda dərəbəylik davam edir. Sizin oğlunuza orduda çırtma da vurmayacaqlar…, yüksək himayədarları olmayanların isə problemləri böyükdür. Bəlkə sizə kimsə olanları doğru məruzə eləmir?… Bunlar isə sizin özünüzün meydanda xalq qarşısında vəd etdiklərinizdir, bəlkə artıq unutmusuz”;
“Oğu qazamatda olmalıdır! Elə “barıqalar” da! Bizdə isə təəssüf ki, bu baxımdan tam dərəbəylikdir. Əksəriyyət narkoman və narkotik alverçisidir. Polis heç nə eləmir…”;
“Əgər oğru qazamatda olmalıdırsa, bəs niyə Serjik [Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan – JAMnews] öz bandası ilə birlikdə azadlıqda gəzir? Axı o, bütün xalqı soyub. Yoxsa o seçilmişdir?”