Gürcüstanın ən böyük bankının təsisçisi qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur
Gürcüstanın ən böyük kommersiya bankı olan TBC-nin təsisçisi Mamuka Xazaradze və onun keçmiş müavini Badri Caparidze Baş Prokurorluğa çağırılıblar. Orada onlara qarşı iri həcmdə qanunsuz gəlirin leqallaşdırılması ilə bağlı rəsmi ittiham irəli sürülüb.
Söhbət 17 milyon dollara yaxın vəsaitdən gedir.
Bir neçə gün əvvəl Xazaradze sentyabrda ictimai hərəkat təsis edəcəyi haqda məlumat vermişdi. Bir çox siyasətçilər və ekspertlər bu təşəbbüsü Xazaradzenin siyasətə gəlmək və 2020-ci il parlament seçkilərində iştirak etmək planı kimi dəyərləndirib.
_____________________
Xazaradze və Caparidzeyə qarşı ittiham irəli sürüləndən sonra Baş Prokurorluq qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatətlə müraciət edib.
“M.Xazaradze və B.Caparidzeyə qarşı qrup tərəfindən xüsusi iri həcmdə gəlir əldə edilməsi ilə müşayət olunan 16 milyon 754 min dollar həcmində qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə ittiham haqda qərar çıxarılıb”, – iyulun 24-də prokurorluğun yaydığı bəyanatda deyilir.
Prokurorluğun binasından çıxarkən Xazaradze jurnalistlərə deyib:
“Mən indicə sovet prokurorluğunda idim”.
• Niyə keçmiş baş nazir İvanişvili Gürcüstanın ən populyar bankı ilə mübarizə aparır?
• Gürcüstanda siyasi böhran. Oliqarxa daxildən və xaricdən zərbələr
Prokurorluq Xazaradzeni nədə ittiham edir?
Prokurorluğun araşdırdığı iş 2008-ci ildə açılıb. İttiham tərəfinin bildirdiyinə görə, 11 il əvvəl aprel ayında TBC-bank “Samqori M” və “Samqori Treyd” şirkətlərinə dövriyyə vəsaitlərinin artırılması üçün 17 milyon dollar təqdim edib. Eyni bəyanatda oxuyuruq ki, sən demə, ssuda təcili şəkildə və prosedur pozuntuları ilə ayrılıb.
Daha sonra bunlar baş verib – bankın müşahidə şurasınn sədri Mamuka Xazaradzenin və onun müavini Badri Caparidzenin hesablarına 17 milyon dollar köçürülüb. Bu pulları hesablara TBC Bankdan həmin məbləği kredit götürən şirkətlər köçürüb. Prokurorluq bildirir ki, burada çirkli pulların yuyulması sxemi mövcud olub və bu 17 milyon dollar TBC Banka hələ qaytarılmayıb.
Niyə iş siyasi motivli hesab olunur? Anakliya – əsas səbəb
Niyə prokurorluq 11 il əvvəlin tranzaksiyasını xatırlayıb?
Çoxları hesab edir ki, bu sualın əsas cavabı Gürcüstanda ilk dərinsulu Anakliya limanının inşasıdır [qərbi Gürcüstan, Sameqrelo regionu, Abxaziya ilə inzibati sərhədin bir neçə kilometrliyi – JAMnews].
Mamuka Xazaradzenin TBC Bankın da daxil olduğu TВС-group şirkəti limanı inşa edən Anakliyanın İnkişafı Konsorsiumunun həmtəsisçisidir. Ekspertlərin fikrincə, bu gün bu, ölkədə həyata keçirilən ən irimiqyaslı strateji layihədir.
Layihəni ABŞ dəstəkləyir. Ekspertlər hesab edirlər ki, liman həm Gürcüstanın suverenliyi, həm də mərkəzi quru dəhlizi vasitəsilə Çinlə Avropanı birləşdirərək Avroatlantik təhlükəsizlik və ticarət üçün həlledici rol oynayır.
İyunun 11-də ABŞ dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə Vaşinqtondakı görüşündən sonra Tbilisinin Anakliya limanının inşasını başa çatdıracağına və bununla da “Çin və Rusiya iqtisadiyyatın təsirindən” qurtulacağına ümidini ifadə edib.
Rusiya gizlətmir ki, ABŞ-ın bu marağı onu qıcıqlandırır.
Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin hətta ultimatum da irəli sürüb. “Tbilisi qərar verməlidir: ya onlar regional rifah atmosferini seçəcəklər, ya da Avroatlantik gündəmi”. Onun sözlərinə görə, əgər Gürcüstan sonuncunu seçsə, Ukraynanın 2014-cü ildə üzləşdiyi “naxoş sürprizlərlə” qarşılaşa bilər.
Son aylar ərzində Konsorsium dəfələrlə strateji layihənin təhlükə altında olduğunu bəyan edib. İlk dəfə bu cür bəyanatlar 2019-cu ilin əvvəlində səslənib, məhz o zaman prokurorluq TBC Bankın 11 il əvvəl həyata keçirdiyi tranzaksiyaların qanuni olub-olmadığı ilə maraqlanmağa başlayıb. İş orasındadır ki, Xazaradzeyə qarşı çirkli pulların yuyulması ilə bağlı cinayət işinin qaldırılması faktı potensial investorları və tərəfdaşları hürküdür.
Gürcüstanın siyasi müxalifəti, həmçinin ekspertlərin əksəriyyəti əmindirlər ki, Gürcüstanın keçmiş baş naziri və ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvili Rusiyanı qıcıqlandırmamaq üçün limanın inşaatını əngəlləməyə çalışır.
Siyasi rəqib
İyulun 9-da ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvili ilə açıq münaqişədə olan Mamuka Xazaradze bəyan edib ki, 2019-cu ilin sentyabrında qərbyönlü ictimai hərəkat yaradacaq və məqsədi ölkəni birləşdirmək, müstəqilliyi qorumaq olacaq.
Bu haqda Mamuka Xazaradze Facebook-da dərc olunan məktunda məlumat verib.
Bir çox siyasətçilər və ekspertlər bu təşəbbüsü Xazaradzenin siyasətlə məşğul olmaq və 2020-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq planları kimi dəyərləndiriblər.
Siyasi analitiklər əmindirlər ki, İvanişvili Xazaradzedə siyasi rəqibini görür və mühüm parlament seçkiləri öncəsi öz yolunu təmizləyir.