Bukmeykerlərin üsyanı: Ermənistanda minlərlə insan işsiz qala bilər
Ermənistanda bukmeyker təşkilatlarının əməkdaşları mayın 29-da səhərdən etiraz aksiyası təşkil ediblər. Fəallar Yerevanın mərkəzində, Milli Məclisin yerləşdiyi Baqramyan prospektini qapadıblar. Yüzlərlə nümayişçi parlamentin gündəmində olan bukmeyker şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması haqda qanun layihəsinə etiraz edib. Onlar qanunun qəbul edilməməsini və ya qəbulunun təxirə salınmasını tələb ediblər, çünki minlərlə insan işsiz qala bilər.
• Yeni Ermənistan haqda 100 fakt — baş nazirdən
• Azərbaycan jurnalisti üçün qırmızı xətt hradan keçir?
Hər şey nədən başladı?
Hər şey “Lotereyalar haqda” qanuna dəyişiklik edilməsi ilə bağlı təşəbbüsdən başlayıb. Bu qanun layihəsinə əsasən, 2020-ci ilin noyabrından bukmeyker kontorlarının qadağan edilməsi nəzərdə tutulub. Qanun əsasən avtomobil qazdoldurma stansiyalarında quraşdırılan çoxsaylı oyun avtomatlarını da yan ötməyib. Qanun qüvvəyə minən kimi avtomatların sökülməsi nəzərdə tutulub.
Bu artıq bukmeykerlərin təşkil etdiyi ilk aksiya deyil. Daha əvvəl nümayişçilər öz narazılıqlarını hökumət evi qarşısında ifadə ediblər. O zaman “Qudvin-Bet” şirkətinin nümayəndəsi bəyan edib ki, onun şirkətində 400 nəfər işləyir və əgər qanun qüvvəyə minsə, hamı işsiz qalacaq.
“İş yerləri təklif etmirlər, amma olanları bağlayırlar”, – bukçeyker təşkilatının əməkdaşı şikayətlənib.
O zaman etirazçılarla Ermənistanın baş naziri Nikol Paşinyan görüşüb. O, onlara bildirib ki, parlament seçkiləri ərəfəsində seçicilərlə görüş əsnasında insanlar ondan bukmeyker şirkətlərinin qadağan edilməsini tələb ediblər.
“İnsanlar maaş alır, amma evə gətirib çıxara bilmir, uduzur. Onlar (bukmeyker kontorları) hər addımbaşındadır. Mən hər bir şəhərdə, hər bir kənddə, Yerevanda belə şikayətlər alırdım”, – Paşinyan nümayişçilərə bildirib.
Onlar etiraz ediblər:
“İnsanların onlayn məkanda da oynamaq imkanları var. Bukmeyker mərkəzlərinin fəaliyyətinin qadağan edilməsi oyunçunun təfəkkürünü dəyişə bilməz”.
Parlament qarşısındakı etiraz nə ilə bitib?
Nümayişçilər parlament spikeri Ararat Mirzoyanla görüş tələb ediblər, amma o, onları qəbul edə bilməyib. Milli Məclis binası önündə prospekti uzun saatlar ərzində bağlı saxlayandan sonrafəallardan ibarət bir qrup parlamentin İqtisadi məsələlər üzrə Komissiyasının sədri Babken Tunyanla görüşüb.
“Mirzoyan məşğul idi, biz də güzəştə getdik, İqtisadi məsələlər üzrə Komissiyanın sədri ilə görüşdük. Tunyan və görüşdə iştirak edən digər deputatlar əlavə dinləmələr keçirməyə və bizimtəkliflərimizi nəzərə almağa söz verdilər”, – “Qudvin-Bet” şirkətinin direktoru Sarkis Mikaelyan görüşdən sonra deyib.
Milli Məclisin iqtisadi məsələlər üzrə komissiyasının sədri etirazda iştirak eədn fəallara söz verib ki, bukmeyker kontorları yaxın il yarımda bağlanmayacaq.
“Biz bukmeyker mərkəzlərinin fəaliyyətlərinin qadağan edilməsini təxirə salmaq qərarına gəldik, amma oyun avtomatlarının qadağan edilməsi qanun layihəsi qəbul ediləndən dərhal sonra qüvvəyə minəcək. İndi onlar istəyirlər ki, bir müddət oyun avtomatlarından istifadə etmələrinə də imkan verək. Biz söz verdik ki, komissiya iclasında layihənin birinci və ikinci oxunuşu arasındakı dövrdə bu təklifi müzakirə edəcəyik. Baxaq görək nə etmək mümkün olacaq”, – Babken Tunyan bəyan edib.
Bu görüşdən sonra aksiya iştirakçıları parlament binası qarşısındakı prospekti açıblar və hamı evinə dağılışıb.