Abxaziya prezidenti müxalifəti hakimiyyəti ələ keçirmək cəhdində ittiham edib
Abxaziya prezidenti Raul Xajimba xalqa xüsusi müraciət dərc edib və müxalifəti hakimiyyəti ələ keçirmək cəhdində günahlandırıb.
Müraciət birləşmiş müxalifətin mayın 20-dən başlatdığı müddətsiz etiraz aksiyalarına cavab olub. Etiraz iştirakçıları Xajimbanın istefaya getməsini də tələb edirlər.
Müxalifətin əsas tələbi isə 2019-cu il iyulun 21-ə təyin edilən prezident seçkilərinin daha gec tarixə ertələnməsindən ibarətdir. Bu tələbin səbəbi müxalifətin prezidentliyə namizədi Aslan Bjaniyaya qarşı sui-qəsd edilərək, onu zəhərləməyə cəhd göstərilməsidir. Müxalifət hesab edir ki, bu yolla onu seçkilərdə iştirakdan kənarda qoymaq istəyiblər.
Bjaniya artıq bir aydır ki, xəstəxanada ağır vəziyyətdədir. Müxalifət tərəfdarları liderlərinin zəhərlənməsində hazırkı hakimiyyəti günahlandırırlar.
“Bu günlərdə biz müxalif qüvvələrin destruktiv hərəkətlərinin şahidi olduq, onlar deputat Aslan Bjaniyanın səhhətinin qayğısına qalmaq və onun prezident seçkilərində iştirak etməsi ilə bağlı narahatlıq kimi ilk baxışdan xoşməramlı bəhanə ilə əslində öz həqiqi niyyətlərini açıb göstərirlər – dövlət başçısının vaxtından əvvəl istefası”, – prezident Xajimbanın müraciətində deyilir.
O vurğulayıb ki, yerli hüquq mühafizə orqanları “rusiyalı həmkarları ilə birlikdə Bjaniyanın zəhərlənməsi ilə bağlı işi dərindən araşdırırlar” və xalqı təxribata uymamağa, təmkin və sayıqlıq nümayiş etdirməyə çağırıb.
Mayın 21-də səhər Abxaziya milisi danışıqlar yolu bir gün öncədən müxalifət tərəfindən iki hissədə iflic edilən Psou-İnqur avtomobil magistralının açılmasına nail olub.
Abxaziyada ictimai nəqliyyat sürücüləri də tətilə başlayıb, hakimiyyət tətili dayandırmaq üçün danışıqlar aparır.
Müxalifət müddətsiz itaətsizlik aksiyasını Abxaziya parlamenti mayın 20-də keçirilən iclasda səs çoxluğu ilə müxalifətin prezident seçkilərini 2019-cu il iyulun 21-dən daha gec tarixə ertələmək təklifini rədd edəndən sonra elan edib. Müxalifətin bu təklifi müxalifət lideri, seçki marafonunun favoritlərindən biri Aslan Bjaniyanın zəhərlənməsi ilə əlaqədar olub.
Beləliklə, Abxaziyada prezident seçkiləri üzrə kampaniya mayın 21-dən rəsmən başlamış olacaq.
Abxaziyanın tanınmış ictimai xadimi, yazıçı Nadejda Venediktovanın şərhi:
“Bu günlərdə hazırkı hakimiyyət dörd il əvvəl əkdiyini biçir. Yenə də prezidentin istefasını tələb edirlər, yenə də kurort mövsümü öncəsi.
Belə çıxır ki, beş il müddətində biz heç nə öyrənməmişik. Hərçənd birinci dövlət çevrilişindən sonra yeni müxalifət yalnız konstitusiya çərçivəsində hərəkət edəcəyinə and içmişdi.
İndi təsəvvür edək ki, Xajimba tələblərə boyun əydi və prezident seçkilərinə cəmi bir neçə ay qalmış istefaya getdi. Ard-arda ikinci dövlət çevrilişi – bizim ölkəmizə bu cür reputasiya lazımdırmı?
Bəli, prezident seçkisinin təxirə salınması tələbi ədalət hissinə əsaslanıb. Amma prezidentin dərhal istefası tələbi ölkənin uzun müddətli maraqlarına uyğun deyil.
Əgər seçkilər təxirə salınmasa, hazırkı hakimiyyətin nüfuzuna elə zərbə dəyəcək ki, hətta tərəfdarlarının da gözündə bütün legitimliyini itirəcək. Seçkiləri qazana bilməyəcək. Bəli, mitinqin qızğın çağında dayanmaq çətindir, amma konstitusiyanın möhkəmlənməsi və qanunun aliliyi naminə bunu etmək lazımdır”.
Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır”.