Gürcüstanın Avropaya daxil olmasını əhalinin 77 faizi, NATO-ya daxil olmasını isə 74 faizi dəstəkləyir
Amerikanın Milli Demokratiya İnstitutu (NDI) Gürcüstanda ictimai rəyin öyrənilməsinə dair növbəti tədqiqatını başa çatdırıb. Müxtəlif məsələlərlə yanaşı Gürcüstanın NATO və Aİ üzvlüyü məsələsinə də toxunulub.
Avropa İttifaqı və NATO
NDI-ın məlumatına əsasən, Gürcüstanın Avropa İttifaqına daxil olması ideyası sorğu edilənlərin 77 faizi üçün arzuolunandır, 13 faiz üçün isə deyil.
•Mixail Saakaşvili haqqında gürcülərdən soruşmaq istədiyiniz altı şey
Aİ-ə üzv olmaq tərəfdarlarının 66 faizi öz mövqeyini bu təşkilatda daxil olmağın Gürcüstan iqtisadiyyatına kömək olacağı ilə izah edir. 41 faiz hesab edir ki, bu, ölkənin təhlükəsizliyini möhkəmləndirəcək, 17 faiz isə iş yerlərinin çoxalacağına ümid edir.
Aİ-ə qəbul olmağı istəməyənlərin 39 faizi bunu Rusiya ilə yeni münaqişə ehtimalından çəkindikləri ilə izah edir, 31 faiz isə bildirir ki, “Rusiya ilə daha yaxın münasibət saxlamaq sərfəli olar”.
Tədqiqat nəticələrinə əsasən, əgər sabah referendum keçirilsə, əhalinin 68 faizi Avropa İttifaqına daxil olmağın lehinə səs verəcək.
Əhalinin 74 faizi NATO-ya daxil olmağın lehinədir. Sorğu edilənlərin 15 faizi isə bunun əleyhinədir.
Şimali Atlantika Alyansına inteqrasiya tərəfdarlarının 53 faizi öz fikrini Gürcüstanın təhlükəsizlik qayğısı ilə izah edir. Bundan başqa 37 faiz ümid edir ki, NATO-ya daxil olmaq ölkənin iqtisadiyyatına da müsbət təsir edəcək, 27 faiz isə güman edir ki, alyansda üzvlük Gürcüstanın ərazi bütövlüyünü brpa etmək imkanlarını artıracaq.
NATO-ya daxil olmağın əleyhinə olanlar öz mövqelərini yenə də Rusiya ilə yeni münaqişədən ehtiyatlanmaları ilə izah ediblər. Belələri 51 faizdir. NATO üzvliyini istəməyənlərin daha 12 faizi hesab edir ki, bu addım əlavə ərazi itkisinə gətirib çıxara bilər.
2019-cu ilin yanvarında həyata keçirilən analoji sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 72 faizi Aİ-ə, 64 faizi isə NATO-ya daxil olmağın lehinədir.
Vizasız rejim və miqrasiya
NDI-ın əldə etdiyi nəticələrə görə, əhalinin 90 faizi Aİ ilə 2017-ci ildən qüvvəyə minən vizasız rejimdən yararlanmayıb. Respondentlərin 5 faizi bildirib ki, bu imkandan yalnız bir dəfə faydalanıb və yalnız 3 faiz dəfələrlə vizasız rejimdən istifadə edib.
“1991-ci ildən bəri siz və ya ailə üzləriniz xaricdə 3 aydan daha artıq yaşamısızmı?” sualına respondentlərin 73 faizi mənfi cavab verib, 25 faiz yaşayıb, 1 faiz bilmir, daha 1 faiz isə bu suala cavab vermək istəməyib.
Xaricdə ən azı üç ay yaşayan 25 faizin 33 faizi Avropa ölkələrindən birində, 31 faizi Rusiyada, 20 faizi Türkiyədə, 15 faizi digər keçmiş SSRİ respublikalarında, 3 faizi ABŞ-da, 1 faizi hardasa Yaxın Şərqdə, 1 faizi Asiyada yaşayıb, 9 faiz isə “nəsə başqa yer” deyə bildirib.
Sovet İttifaqı
NDI sorğusunun nəticələrinə əsasən, sorğu edilənlərin 50 faizi hesab edir ki, Sovet İttifaqının dağılması Gürcüstan üçün yaxşı hadisə olub, 39 faiz tamamən əks fikirdədir, 11 faiz isə dəyərləndirməyə çətinlik çəkib.
Müqayisə üçün 2018-ci ilin martında keçirilən sorğunun nəticələri müvafiq olaraq belə olub: 43 faiz, 42 faiz və 14 faiz. 2017-ci ilin martında isə 48 faiz, 42 faiz və 10 faiz.
Milli Demokratiya İnstitutu sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə təsadüfi seçimlə keçirib.
Martın 28-dən aprelin 15-ə qədər iş davam edib. Ümumilikdə 2927 nəfər sorğuda iştirak edib. Yol verilən xəta payı +/- 2,3 faiz təşkil edir (ayrı-ayrı sual və cavablarda bu faizin bir qədər fərqli olması mümkündür).