Gürcüstanda partiyalara qadağa: Məhkəmə oktyabrın 21-də hakimiyyətin müxalifətə qarşı iddiasına baxmağa başlayacaq
Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi

Oktyabrın 21-də günorta saat 12-də Gürcüstan Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının beş müxalifət partiyası və birliyinin qadağan edilməsini tələb etdiyi iddiaya mahiyyəti üzrə baxmağa başlayacaq. Məhkəmə iclasları Batumi şəhərində keçiriləcək və oktyabrın 22-də və 23-də də davam edəcək.
Beş partiyadan dördü məhkəmədə öz mövqeyini müdafiə etmək niyyətindədir, biri isə prosesdə iştirakdan imtina edir. Müxalifətin bir hissəsi məhkəmə iclasları ilə paralel olaraq Batumi və Tbilisidə etiraz aksiyaları keçirməyi planlaşdırır.
İşə Konstitusiya Məhkəməsinin plenumu, yəni fəaliyyətdə olan bütün hakimlər baxacaq. Doqquz üzvdən ibarət məhkəmədə hazırda yeddi hakim çalışır, iki yer isə vakantdır. Oktyabrın 13-də “Gürcü Arzusu”nun təsisçilərindən biri olan hakim Manana Kobaxidze məhkəmədən ayrılıb. O, daha əvvəl bu iş üzrə özünə etiraz edərək prosesdən kənarlaşdırılmasını istəsə də, müraciəti təmin olunmayıb. Kobaxidzenin sözlərinə görə, məhkəmədən ayrılması onun şəxsi və müstəqil qərarı olub.
“Gürcü Arzusu”nun mövqeyini məhkəmədə deputatlar Arçil Qorduladze, Giorgi Kaxiani, Tengiz Şarmanaşvili və Tornike Çeyşvili təmsil edəcəklər.
Qanuna əsasən, məhkəmə 2027-ci il iyunun 24-dək qərar qəbul etməlidir.
“Gürcü Arzusu” partiyaların qadağan edilməsini hansı əsaslarla tələb edir?
İddiaçılar, yəni “Gürcü Arzusu”nun 88 deputatı beş partiyanın hamısının Konstitusiyanın 23-cü maddəsini pozduğunu iddia edirlər. Həmin maddə konstitusiya quruluşunu devirməyi və ya zorakılıq yolu ilə dəyişdirməyi qarşısına məqsəd qoyan partiyaların fəaliyyətini qadağan edir.
Məhkəmənin yaydığı məlumata görə, iddia müəllifləri ittihamlarını əsaslandırmaq üçün bu partiyalardan biri olan “Vahid Milli Hərəkat”ın (VMH) hakimiyyətdə olduğu 2004-2012-ci illərdə insan hüquqlarının pozulması hallarına, eləcə də həmin partiyaların hazırda “Gürcü Arzusu” hakimiyyətinin legitimliyini tanımamasına istinad edirlər. İddiaçıların sözlərinə görə, sözügedən partiyalar 2016-cı ildən bəri hakimiyyətin legitimliyini inkar edir və vahid məqsəd uğrunda fəaliyyət göstərirlər.
İddiaçılar həmçinin bu partiyaları hakimiyyəti devirməyə cəhddə ittiham edirlər. “Vahid Milli Hərəkat”la bağlı isə onlar 2008-ci ilin avqust müharibəsinə istinad edərək, ölkənin müstəqilliyinə qəsd və ərazi bütövlüyünün pozulması ittihamlarını da irəli sürürlər.
Müxalifət partiyaları isə bütün bu ittihamları rədd edirlər.
- Aİ Gürcüstanla bağlı siyasətinə yenidən baxmaq imkanını nəzərdən keçirəcək. Yanvarda nə dəyişəcək?
- Gürcüstan müxalifətsiz qalacaq? Hakim partiya siyasi rəqiblərinin qadağan edilməsi qərarına necə gəldi?
- 14 il hakimiyyətdə: ekspertlər “Gürcü Arzusu”nun hakimiyyəti dövrünü necə qiymətləndirirlər?
Qadağan edilməsi tələb olunan partiyalar nə etməyi planlaşdırır?
“Vahid Milli Hərəkat”
Partiya məhkəmə iclaslarında iştirak edəcək. Bunu partiyanın İdarə Heyətinin sədri İrakli Pavlenişvili bildirib. O, vətəndaşları məhkəmə iclaslarının keçiriləcəyi günlərdə Batumidə məhkəmə binasının qarşısına toplaşmağa çağırıb.
Həbsdə olan VMH-nin təsisçisi, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili də məhkəmə prosesində iştirak etməyi tələb edir. O, oktyabrın 17-də yaydığı bəyanatda Batumiyə aparılmasını istədiyini bildirib. Saakaşvilinin sözlərinə görə, məqsədi “bu qondarma məhkəmənin və onun sahibinin tarixi xəyanətini sonadək ifşa etməkdir”. İddia müəlliflərinin irəli sürdüyü ittihamların əhəmiyyətli hissəsi məhz Saakaşvilinin 2004-2012-ci illərdəki hakimiyyəti dövrünə aiddir.
Hazırda həbsdə olan partiya lideri Levan Xabeişvili də məhkəmə iclaslarında iştirakına icazə verilməsini tələb edir.
VMH müxalifət alyansının üzvüdür və onun keçirdiyi aksiyalarda iştirak edir.
-
Müxalifət alyansı nədir?
“Qələbə naminə Birlik” müxalifət alyansı 2026-cı il martın 2-də aylarla davam edən danışıqlardan sonra Qərbyönlü doqquz Gürcüstan partiyası tərəfindən yaradılıb.
Alyansa “Vahid Milli Hərəkat”, “Axali”, “Girçi – Daha çox azadlıq”, “Droa”, “Federalistlər”, “Avropa Gürcüstanı”, “Strategiya Aqmaşenebeli”, “Azadlıq Meydanı” və Milli Demokrat Partiyası daxildir.
Alyansın bəyanatına görə, onun məqsədi “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin hakimiyyətinə son qoymaq, ölkənin Avroatlantik inteqrasiya kursunu bərpa etmək, siyasi məhbusları azad etmək və “Gürcü Arzusu”nun azad seçkilərdə məğlubiyyətindən sonra koalisiya hökuməti qurmaqdır.
Partiyalar ideoloji müstəqilliklərini qoruyub saxlasalar da, etiraz aksiyaları və kommunikasiya üzrə vahid strategiya razılaşdırıblar.
Alyansın indiyədək ən genişmiqyaslı aksiyası 2026-cı il mayın 26-da, Gürcüstanın Müstəqillik Günündə Tbilisidə keçirilib.
Daha iki böyük müxalifət partiyası, “Lelo” və “Qaxariya Gürcüstan naminə” alyansa qoşulmayıb. “Lelo” müstəqil fəaliyyət göstərməyə üstünlük verib, “Qaxariya Gürcüstan naminə” isə “Vahid Milli Hərəkat” və ondan ayrılmış partiyalarla birləşmək istəməyib.
“Dəyişiklik naminə Koalisiya”
Koalisiya da məhkəmə iclaslarında iştirak edəcək. Koalisiyaya daxil olan “Axali”, “Girçi – Daha çox azadlıq” və “Droa” partiyaları da müxalifət alyansının üzvləridir. “Axali” partiyasının sədri Nika Qvaramiya oktyabrın 15-də alyansın birgə kampaniyaya başlayacağını elan edib.
Qvaramiya bildirib ki, onların mübarizəsi yalnız məhkəmə zalı ilə məhdudlaşmayacaq. “Biz hər yerdə, o cümlədən Tbilisi küçələrində olacağıq”, – deyə o vəd edib.
“Güclü Gürcüstan – Lelo”
“Lelo” məhkəmə iclaslarında iştirak edəcək. Partiya həmçinin Xalq Müdafiəçisinə (ombudsmana) müraciət edərək işlə bağlı hüquqi mövqeyini təqdim etməsini xahiş edib. Oktyabrın 19-na olan məlumata görə, Ombudsman Aparatı müraciətə cavab verməyib.
“Lelo” müxalifət alyansının üzvü deyil. Partiyanın Siyasi Şurasının bildirdiyinə görə, məhkəmə onun qadağan edilməsinə qərar verərsə, partiyanın bir neçə mümkün ssenarisi və fəaliyyət planı hazırdır.
“Qaxariya Gürcüstan naminə”
Partiya oktyabrın 20-də yaydığı bəyanatda məhkəmə prosesində iştirak edəcəyini bildirib. Bununla yanaşı, partiya onun qadağan edilməsi məsələsinə digər partiyalardan ayrı, müstəqil şəkildə baxılmasını tələb edir.
Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın partiyası müxalifət alyansının üzvü deyil. O, beş partiya arasında etiraz əlaməti olaraq deputat mandatlarından imtina etməyən və parlamentə daxil olan yeganə siyasi qüvvədir.
“Federalistlər”
Bu partiya məhkəmə prosesinə hüquqi forma vermək istəmədiyini əsas gətirərək iclaslarda iştirak etməmək qərarına gəlib.
Partiyanın lideri Tamara Çerqoleişvilinin sözlərinə görə, “Federalistlər” Batumiyə gələcəklər, lakin məhkəmə prosesinə etirazlarını zalda deyil, məhkəmə binasının qarşısında bildirəcəklər.
Partiyaların məhkəmə iclaslarında iştirak etməsi niyə vacibdir?
Partiyaların məhkəmə iclaslarında iştirakı gələcəkdə qərardan Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət vermək imkanlarına təsir göstərə bilər.
Transparency International Georgia təşkilatının hüquqşünası Sandro Baramidzenin izahına görə, AİHM şikayət edən tərəfdən əvvəlcə öz arqumentlərini ölkə daxilində irəli sürməsini tələb edir. Buna görə də partiya məhkəmə iclaslarında iştirak etməzsə, onun Strasburqa təqdim etdiyi şikayət qəbuledilməz sayıla bilər.
Etiraz aksiyalarını kim təşkil edir?
“Gürcü Arzusu”nun yuxarıda adı çəkilən partiyaları qadağan etdirmək cəhdi fonunda müxalifət alyansı etiraz kampaniyasına başlayacağını elan edib.
İlk aksiya oktyabrın 21-də saat 11:00-da Batumidə, Konstitusiya Məhkəməsinin binası qarşısında keçiriləcək. Aksiyanı alyansın üzvü olan “Azadlıq Meydanı” partiyası təşkil edir.
Oktyabrın 25-də saat 19:00-da isə Tbilisidə, Tbilisi Dövlət Universitetinin birinci korpusu qarşısında müxalifət alyansı birgə kampaniyaya başlayacaq. Kampaniyanın məqsədi noyabrın 28-də Tbilisidə genişmiqyaslı aksiya təşkil etməkdir.
Oktyabrın 20-nə olan məlumata görə, “Lelo” və “Qaxariya Gürcüstan naminə” partiyaları bu aksiyalara qoşulub-qoşulmayacaqlarını açıqlamayıblar.
Müxalifətin digər nümayəndələri necə davranır?
Qadağan edilməsi tələb olunan partiyalardan başqa, müxalifət alyansına “Avropa Gürcüstanı”, “Strategiya Aqmaşenebeli”, “Azadlıq Meydanı” və Milli Demokrat Partiyası da daxildir. Bu partiyaların adları məhkəmə iddiasında yer almasa da, onlar alyansın bütün aksiyalarında iştirak edirlər.
“Azadlıq Meydanı” partiyasının lideri Levan Tsutskiridze hesab edir ki, partiyaların qadağan edilməsi “Gürcü Arzusu”nun özü üçün daha böyük problem yaradacaq.
Onun sözlərinə görə, qadağa ölkənin problemlərini aradan qaldırmayacaq, əksinə, “bu problemlərin siyasi yolla həlli imkanını bağlayacaq və “Gürcü Arzusu”nun daha ağır aqibətlə üzləşməsini qaçılmaz edəcək”.
“Əvvəlcə Gürcüstan” partiyasının lideri Viktor Kipiani də eyni riskə diqqət çəkir:
Müxalifət partiyalarının məhkəmə yolu ilə qadağan edilməsi siyasi prosesi faktiki olaraq sıfırlayır, seçkilər vasitəsilə dəyişiklikləri isə praktiki olaraq mümkünsüz edir.
Onun fikrincə, bunun nəticəsində ölkədə radikallaşma sürətlənəcək.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası artıq üçüncü dəfədir ki, bu işlə bağlı müstəqil hüquqi qiymətləndirməsini təqdim edib. Təşkilat iddianın məqsədinin siyasi rəqabəti aradan qaldırmaq olduğunu bildirib.
Avropa İttifaqında nə deyirlər?
Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi cəhdi Avropa İttifaqının qurumları tərəfindən sərt reaksiyalarla qarşılanıb:
- Avropa Parlamenti növbəti tənqidi qətnamə qəbul edərək iddianın dərhal geri götürülməsini tələb edib. Parlament həmçinin bu prosesin təşəbbüskarlarına qarşı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirdiyini bildirib.
- Avropa Komissiyasının sözçüsü Kristian Viqand Brüsselin baş verən prosesləri diqqətlə izlədiyini bildirib. Onun sözlərinə görə, aparıcı siyasi qüvvələrin ləğvinə cəhd Gürcüstan hakimiyyətinin əvvəlki bəyanatları və qanunvericilik dəyişiklikləri ilə birlikdə məhkəmə sistemindən siyasi məqsədlər üçün istifadə edildiyinə dair ciddi narahatlıq doğurur. Bu isə demokratik plüralizmə və fundamental azadlıqlara birbaşa təhlükə yaradır.
Gürcüstan Xarici İşlər Nazirliyi oktyabrın 20-də buna cavab olaraq bildirib ki, işə hələ baxılmamış prosesin legitimliyinin şübhə altına alınması məhkəməyə təzyiq göstərmək və ölkənin daxili işlərinə müdaxilə etmək cəhdidir. Nazirlik Aİ nümayəndələrini prosesə əvvəlcədən qiymət verən bəyanatlardan çəkinməyə çağırıb.
Məhkəmə iddianı təmin edərsə, nə baş verəcək?
İddia təmin olunarsa, beş partiyanın hüquqi mövcudluğuna son qoyulacaq. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, 2024-cü il parlament seçkilərində bu partiyalardan dördünə ümumilikdə 784 820 seçici səs verib.
Qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçının tələbi ilə məhkəmə qadağan edilmiş partiyalarla əlaqəli şəxslərin siyasi fəaliyyətini də qadağan edə bilər. Qadağan edilmiş partiyanın “varisi” hesab olunan partiyanın qadağan edilməsi üçün isə 14 günlük prosedur nəzərdə tutulub.
Oktyabrın 21-23-nə təyin edilmiş məhkəmə iclasları iddiaya baxılması prosesinin ilk mərhələsidir. Prosesin nə qədər davam edəcəyi və məhkəmənin nə vaxt qərar qəbul edəcəyi hələlik məlum deyil.
Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi