Biz Tbilisi küçələrində sakinlərdən Gürcüstanla qonşu olan ölkələrdən hansına səfər etmək istədiklərini və bunun səbəbini soruşduq.
Həmçinin onların əvvəllər region ölkələrindən hər hansı birinə səfər edib-etmədikləri, niyə məhz həmin istiqaməti seçdikləri və səfərdən hansı təəssüratlarla qayıtdıqları ilə maraqlandıq.
Cavablar olduqca müxtəlifdir. Ən çox Türkiyənin adı çəkilir. Respondentləri bu ölkənin mənzərəli sahilləri və Bosfor boğazı cəlb edir. Bununla yanaşı, bir çoxları Ermənistana və ya Azərbaycana da məmnuniyyətlə səfər edəcəklərini bildirirlər. Bəziləri isə daha geniş yanaşaraq nisbətən uzaq qonşu ölkələrin də adını çəkirlər.
Rusiyanın adı çox nadir hallarda və əks kontekstdə çəkilir: respondentlərdən hansı qonşu ölkəyə getmək istəmədiklərini soruşduqda, demək olar ki, hər kəs məhz Rusiyanın adını çəkir.
Bu sorğu vasitəsilə Gürcüstan sakinlərinin Cənubi Qafqaz ölkələrini və digər qonşu dövlətləri nə dərəcədə yaxşı tanıdıqlarını, bu ölkələrdə onları nələrin maraqlandırdığını və həmin dövlətlər haqqında hansı stereotiplərin formalaşdığını öyrənməyə çalışdıq.