Azərbaycanda sosial şəbəkələrə yaş məhdudiyyəti gəlir: uşaqların müdafiəsi, yoxsa ictimai diskursa sərt nəzarət?
Sosial şəbəkələrdə yaş məhdudiyyəti
Milli Məclisin yeni Qanun layihəsində sosial şəbəkələrdə 16 yaşdan aşağı şəxslər üçün hesab açılmasının qadağan edilməsi, platformalar üçün iri cərimələr, lokal qeydiyyat və hətta internet trafikinin mərhələli azaldılmasına qədər gedən sanksiyalar nəzərdə tutulub.
Bu müzakirələr, yanvarda “ictimai mənəviyyat” və “cəmiyyətə açıqca hörmətsizlik” kimi geniş anlayışlarla sosial media paylaşımlarına görə inzibati məsuliyyət sərtləşdirildikdən, fevral-aprel aylarında isə həmin çərçivədə artıq ilk cəzalar verildiyi barədə xəbərlər yayıldıqdan az sonra başlayıb.
Ona görə indi bu sual yerinə düşər: dövlət uşaqları zərərli məzmundan qoruyur, yoxsa eyni anda rəqəmsal ictimai məkanı daha sıx idarə olunan sahəyə çevirir?
Qanun sərtləşməsinin xronologiyası
Hələ 2018-ci ildə deputat Hikmət Məmmədov parlamentdə “sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir” deyirdi və bunu informasiya təhlükəsizliyi ilə əlaqələndirirdi. 2021-ci ildə deputat Sahib Alıyev ayrıca “sosial şəbəkələr haqqında” qanun çağırışı edərək bunu “informasiya savaşı” məntiqi ilə əsaslandırırdı.
2024-cü ilin payızında deputat Vüqar İsgəndərov sosial şəbəkələrin “cəngəllik qanunları” ilə idarə olunduğunu, ictimai rəyin manipulyasiya edildiyini söyləyib. 2025-ci ilin dekabrında isə deputat Kamal Cəfərov plenar iclasda 16 yaşdan aşağı uşaqlar üçün sosial media hesablarının qadağan edilməsinin müzakirəyə çıxarılmalı olduğunu deyib. Yəni hazırkı layihə uzun müddətdir davam edən siyasi diskussiyanın nəticəsidir.
Bu xronologiyada 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” qanun xüsusi yer tutur. Həmin qanun “onlayn media” anlayışını ayrıca müəyyənləşdirib, media reyestri və akkreditasiya mexanizmlərini qurub və rəqəmsal məkanın bir hissəsini artıq daha formal hüquqi çərçivəyə alıb. Prezidentin rəsmi səhifəsində də qanunun media fəaliyyətinin “təşkilati, hüquqi və iqtisadi əsaslarını” müəyyən etdiyi qeyd olunur. Tənqidçilər indiki sosial şəbəkə təşəbbüslərini məhz bu daha geniş tənzimləmə trayektoriyasının davamı kimi oxuyurlar.
Bu ilin baş tutan dəyişikliklər isə bu prosesin dönüş nöqtəsi olub. Yanvarın 15-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna “ictimai mənəviyyatı təhqir edən” və “milli-mənəvi dəyərlərə zidd formada” göstərilən məzmunu qadağan edilən informasiya sırasına əlavə edən dəyişiklik imzalanıb. Yanvarın 26-da isə İnzibati Xətalar Məcəlləsinə uyğun sanksiyalar daxil edilib.
Fevralın 27-də isə Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə qorunmasına dair ayrıca sərəncam verib, martın 12-də Nazirlər Kabineti həmin sərəncamın icrası üçün məsul qurumlara iki aylıq alt-müddətlər müəyyənləşdirib, iyunun 5-də isə ilk geniş platforma tənzimləmə layihələri parlament saytında görünüb.
Bu ardıcıllıq mövzunun sırf pedaqoji deyil, tam hüquq-siyasi paketə çevrildiyini göstərir.
Yeni paket nəyi dəyişir?
Prezidentin 27 fevral Sərəncamı Nazirlər Kabinetinə üç ay ərzində sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətini nəzərdə tutan normativ aktlar hazırlamağı tapşırıb.
Həmin sənəd eyni vaxtda məktəbəqədər və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların hazırlanmasını, kurikulumlara rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının salınmasını, eləcə də valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirmə proqramlarının təşkilini nəzərdə tutur.
Nazirlər Kabinetinin 12 mart tarixli Sərəncamı bu işi iki paralel xəttə bölüb: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hüquqi layihələri iki ay müddətində hökumətə təqdim etməli, Elm və Təhsil Nazirliyi isə eyni müddətdə məktəb qaydaları və kurikulum təklifləri hazırlamalı idi.
Layihənin əsas konturları
16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkə hesablarının açılmasına yol verilməməsi təklif olunur; 16-18 yaş qrupu üçün isə valideyn razılığı, təhlükəsiz rejim, gücləndirilmiş məxfilik, geolokasiyanın məhdudlaşdırılması və istifadə saatlarına nəzarət nəzərdə tutulur.
Yaşın yoxlanması özünübəyan, sonra isə bank kartı, mobil nömrə və e-poçt ünvanı vasitəsilə təsdiq mexanizmləri ilə qurulacaq; toplanan məlumatların saxlanması və hədəfli reklam üçün istifadəsi qadağan edilir.
İlkin inzibati cərimələ təklifləri belədir:
Məlumatı dövlətə vaxtında verməyən və ya səhv verənlər:
- Vəzifəli şəxslər: 6000-7000 AZN
- Şirkətlər: 15 000-20 000 AZN
Dövlət sorğularına cavab verməyənlər (5 gün ərzində):
- Vəzifəli şəxslər: 7000-8000 AZN
- Şirkətlər: 25 000-30 000 AZN
Yaş məhdudiyyəti qaydalarını pozanlar:
- Vəzifəli şəxslər: 8000-9000 AZN
- Şirkətlər: 35 000-40 000 AZN
Layihə, həmçinin, provayderlərdən Azərbaycanda vergi və ya dövlət qeydiyyatı, rəsmi dildə əlaqə mərkəzi, beş iş günü içində dövlət sorğularına cavab və illik statistika təqdim olunmasını istəyir.
Burada diqqətçəkən məqam odur ki, layihə sadəcə “qadağa”dan ibarət deyil; o, platforma dizaynına da müdaxilə edir. Mətn manipulyativ dizayn üsullarını – məsələn, sonsuz sürüşdürmə və videoların avtomatik səsləndirilməsini 16-18 yaşlı istifadəçilər üçün qadağan etməyi, zərərli məzmun aşkarlananda 24 saat ərzində müdaxilə etməyi tələb edir.
Eyni zamanda, xarici provayder yerli qeydiyyat tələblərini yerinə yetirməsə, layihədə 100 min və 300 min manatlıq maliyyə sanksiyalarından başlayaraq reklam qadağası və internet trafikinin 20, 50 və 90 faizədək azaldılmasına qədər gedən məhdudlaşdırma mexanizmlərini nəzərdə tutur.
Layihə qəbul olunarsa, dərcindən 12 ay sonra qüvvəyə minəcək.
Hakimiyyətin izahı
Rəsmi məntiq kifayət qədər aydındır. Prezident sərəncamında uşaqların “psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı” üçün xüsusi hüquqi və texnoloji müdafiə mexanizmlərinin lazım olduğu vurğulanır, beynəlxalq təcrübəyə, valideyn nəzarətinə, yaşa uyğun məzmun filtrlərinə və rəqəmsal davranış mədəniyyətinin formalaşdırılmasına istinad edilir.
Nazirlər Kabinetinin icra Sərəncamı da bu yanaşmanı maarifləndirmə və elmi tədqiqatla tamamlayır. Dövlətə yaxın diskursda buna əlavə olaraq “informasiya təhlükəsizliyi”, ictimai rəyin manipulyasiyası, milli-mənəvi dəyərlərin qorunması və uşaqların asılılıq, zərərli məzmun, şəxsi məlumat risklərindən müdafiəsi fonu da verilir.
Bu arqumentlər cəmiyyətin mühüm hissəsi üçün inandırıcı görünə bilər. “DataReportal”a görə, 2025-ci ilin sonuna Azərbaycanda 9,27 milyon internet istifadəçisi, 7,61 milyon sosial media istifadəçi profili var idi. Bu, əhalinin müvafiq olaraq 89 faizi və 73,1 faizinə bərabərdir. Belə miqyasda sosial şəbəkələr həqiqətən də ailə, məktəb və dövlət siyasəti üçün mühüm sosial mühitə çevrilib.
Geniş təsirlər və beynəlxalq müqayisə
Adi istifadəçi üçün praktik nəticə ikiqat olacaq. Bir tərəfdən, layihə real təhlükələrə – zərərli məzmun, geolokasiya riskləri, manipulyativ dizayn, reklam təzyiqi, şəxsi məlumatların emalına cavab verməyə çalışır. Digər tərəfdən, layihənin tərifi “kütləvi paylaşım”ı əsas götürür və yaş məhdudiyyəti tətbiq ediləcək platformaların siyahısını gələcəkdə icra hakimiyyətinin müəyyən etdiyi orqana buraxır.
Təhsil, səhiyyə və peşəkar-işgüzar əlaqə platformaları istisna edilir, amma qapalı qruplar, hibrid messencer və sosial şəbəkə tətbiqləri və ya geniş auditoriyaya çıxan satira, mem, incəsənət kontenti kimi halların necə qiymətləndiriləcəyi hələ də açıq qalır.
Ən azı hazırkı açıq mətnlərdə VPN və ya başqa texniki vasitələrlə yaş yoxlamasını fərdi qaydada yan keçən istifadəçilər üçün ayrıca sanksiya görünmür; sanksiya memarlığı əsasən platforma provayderlərinə yönəlib.
Beynəlxalq müqayisə göstərir ki, Bakı unikal yol seçmir, amma sərt kombinasiyaya gedir. Avstraliyada 2024-cü ildə qəbul edilən qanun və elektron təklükəsizlik izahına görə, 16 yaşdan aşağı şəxslərin sosial media hesabı saxlamasına platformalar “ağlabatan addımlar” ilə mane olmalıdır və bu sistem 2025-ci ilin dekabrından qüvvədədir.
Fransada isə 2023-cü il “rəqəmsal yetkinlik” qanunu sosial şəbəkələr üçün 15 yaş həddi müəyyən etsə də, rəsmi izaha görə, tətbiq fərmanı və Avropa Komissiyasının razılığı olmadığından o, tam işlək vəziyyətə gətirilməyib.
Azərbaycan modeli nə Avstraliya tipli yaş məhdudiyyəti siyasətinin, nə də Avropa tipli platforma tənzimləməsinin birbaşa surətidir. Burada hər iki yanaşmadan elementlər var, lakin onlar yerli siyasi kontekstlə birləşdirilir: uşaqların qorunması arqumenti, sosial şəbəkələrin texniki və məzmun dizaynına müdaxilə, platformalardan yerli təmsilçilik tələbi və cərimələr vasitəsilə xarici şirkətlər üzərində nəzarətin artırılması.
Son olaraq
Qısamüddətli perspektivdə hökumət, yəqin ki, bu paketi uşaqların təhlükəsizliyi, rəqəmsal savadlılıq və məktəb intizamı ilə əsaslandırmağa davam edəcək və doğrudan da, layihədə sadəcə qadağalar yox, valideyn nəzarəti, məxfilik, anti-asılılıq dizaynı və maarifləndirmə kimi müsbət elementlər də var.
Amma uzunmüddətli perspektivdə əsas sual bu olacaq: bu qaydalar şəffaf, məhdud və əvvəlcədən proqnozlaşdırıla bilən formada tətbiq ediləcəkmi? Yoxsa onlar Azərbaycanın rəqəmsal məkan üzərində nəzarəti tədricən artıran xəttinin növbəti mərhələsinə çevriləcək – 2022-ci il Media qanunu, 2026-cı ildə “əxlaq”la bağlı düzəlişlər və indi sosial mediaya gətirilən şəxsiyyətin təsdiqi rejimi eyni zəncirin yeni halqaları kimi birləşəcək?
Mövcud hüquqi və siyasi şəraitdə ikinci ehtimalı tam istisna etmək çətindir.
Sosial şəbəkələrdə yaş məhdudiyyəti