Ermənistan hərbçilərinin sığorta fondu daha çox zərərçəkmişlərə kömək edəcək
Ermənistan hərbçilərinin sığorta fondu öz fəaliyyətini genişləndirir. Aprelin 1-dən etibarən ödənişləri 2008-ci ildən 2014-cü ilə qədər olan dövrdə həlak olmuş, yaxud əlillik almış hərbçilərin ailələri alacaq. Əvvəlllər fond kompensasiyaları yalnız 2015-ci ildən 2016-cı ilə qədər olan dövrdə xəsarət almış hərbçilərin ailələrinə ödəyirdi.
• Ermənistanda Hərbçilərin sığortası fondu fəaliyyətə başlayıb
• Ermənistanda və Azərbaycanda necə müharibə oyunu oynayırlar
Qərarın təfərrüatları
Fondun şurasının iclasında yekdilliklə aprelin 1-dən etibarən 2008-2014-cü illərdə həlak olmuş, yaxud əlillik almış hərbçilərin ailələrinə kompensasiyaların ödənilməsi haqqında qərar qəbul edilib. Bu qərar o deməkdir ki, fondun yardımını hələ ötən il planlaşdırıldığından daha çox adam ala biləcək.
Gələn ildən etibarən yardım əhatəsini daha da genişləndirmək və 2008-ci ilə qədər baş vermiş hadisələrə görə kompensasiyaların ödənilməsi nəzərdə tutulur.
Fondun icraçı direktoru Varujan Avetikyan qeyd edib ki, bu vaxta kimi fondun topladığı vəsaitin həcmi 14 milyard dramı (28 milyon dollar) keçib, fondun fəaliyyətdə olduğu dövrdə ödənişlərin ümumi məbləği isə artıq 941 milyon dram (1,9 milyon dollar) təşkil edir.
Fond haqqında
Hərbçilərin sığortası fondu hələ Ermənistanın keçmiş rəhbərliyi dövründən – 2017-ci ildən fəaliyyət göstərir. İdeya müəllifi keçmiş müdafiə naziri Vigen Sarqsyandır. Fondun qurulması erməni ordusunun yaradılmasının 25 illiyinə həsr edilib. Onun məqsədi həlak olmuş və yaralanmış hərbçilərin ailələrinə kompensasiyaların ödənilməsidir.
“Ermənistan Respublikasının müdafiəsi zamanı hərbçilərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzlənməsi haqqında” qanunun qüvvəyə mindiyi gündən, 2017-ci ilin yanvar ayının 9-dan bəri Ermənistanın bütün sakinlərinin əməkhaqlarından hər ay 1000 dram (təxminən iki dollar) fonda köçürülür. Fonda həmçinin daha iri özəl ianələr hesabına dolur.
Nəticədə, həlak olmuş, yaxud birinci qrup əlil olmuş hərbçilərin ailələrinə on milyon dram (təxminən 21 min dollar) kompensasiya ödənilir, ikinci qrup əlillərin ailələrinə isə beş milyon dram (10 min dollardan bir az artıq) pul verilir.
Bir vaxtlar fondun yaradılması cəmiyyətdə birmənalı qarşılanmamışdı. Ermənistan sakinləri hər zaman Ermənistan sərhədlərini qoruyan gənclərə isti yanaşıblar. Cəmiyyətdə daim orduya yardıma hazırlıq hissi olub. Mənfi münasibət probleminin səbəbi isə ondan ibarət idi ki, ölkə əhalisi keçmiş hakimiyyətin toplanmış vəsaitlərin istifadəsinin şəffaflığı haqqında vədlərə inanmırdı.
Hazırkı hakimiyyətin yanaşması
Hərbçilərin sığortası fondunun yardımını daha çox insanın alacağı haqqında Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə 2018-ci ildə həlak olmuş hərbçilərin anaları ilə görüş zamanı bildirmişdi.
O zaman baş nazir qeyd etmişdi ki, yaxın illərdə fondun imkanları nəzərə alınaraq yardımın müddət astanası artırılacaq. Fondda vəsaitlər çoxaldıqca zaman astanası da artacaq və daha çox hərbçi ailəsi maliyyə yardımı alacaq.
“Problem yalnız vəsaitlərin təyinatında deyil, problem həm də bu pulların vaxtında ödənilməsindədir. Biz söz verə bilmırik ki, sonradan vədimizi yerinə yetirə bilməyək və bununla da həmin insanları təhqir edək”, – baş nazir deyib.
Yarım il sonra – martın 22-də Nikol Paşinyan özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində aşağıdakı qeydi etdi:
“1000 dram fondu 2019-cu ilin aprel ayının 1-dən etibarən 2008-ci ilin yanvarından bəri hərbi növbətçilik zamanı həlak olmuş, ikinci və birinci qrup əlillik almış hərbçilərin ailələrinə də kompensasiyalar ödəməyə başlayacaq. Bu, çox vacib qərardır, hamımız üçün çox vacib təsəllidir”.