Azərbaycanın ABŞ-İsrail və İran müharibəsi fonunda gözləntiləri nələrdir? Hərbi müdaxilə riski varmı?
İran müharibəsi fonunda Azərbaycan
ABŞ və İsrailin İrana qarşı başladığı işğal cəhdi (ABŞ tərəfdən “Operation Epic Fury” adı ilə təqdim olunur) qısa müddətdə regional münaqişədən “coğrafiyası sürətlə genişlənən” bir müharibəyə çevrilib.
Bu mərhələdə müharibənin birbaşa “Azərbaycan sərhədlərinə toxunması” (və ya ən azı toxunduğu iddiası) 5 martda Naxçıvan Muxtar Respublikasında baş verən Pilotsuz Uçuş Aparatı (PUA) insidentləri ilə yeni, daha həssas bir fazaya keçib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatına görə, zərbələr İran ərazisindən Naxçıvana edilib. PUA-lardan biri aeroport terminalına dəyib və mülki şəxslər xəsarət alıb, digəri isə Şəkərabad kəndində məktəb yaxınlığına düşüb.
Təsdiqlənməyən iddialara görə, PUA-lardan biri isə Naxçıvanda yerləşən hərbi hissənin yeməkxanasına düşüb.
İran tərəfi bu insidentin məsuliyyətini rəsmi olaraq təkzib edib. Bəzi İran mənbələri, eləcə də Tehranla bağlı platformalar bunu “İsrailin təxribatı” kimi çərçivələndirib.
Bu qarşılıqlı ittihamlar fonunda Azərbaycan üçün əsas problem təkcə “sərhəddə təhlükəsizlik” deyil. Naxçıvanın coğrafi təcridi, Azərbaycanın İranla uzun sərhədi, enerji və nəqliyyat layihələri məsələləri, eləcə də Azərbaycanın İsrail və Qərblə münasibətləri səbəbindən Tehranın Bakını “ikinci hədəf dairəsinə” salmaq ehtimalı da var.
Bakının ən real gözləntisi müharibənin tez lokallaşması və sərhədlərə yayılmamasıdır; rəsmi bəyanatlar da məhz eskalasiyanın dayandırılması və təmkinlik çağırışlarını daşıyır.
Rəsmi Bakı: suverenlik “qırmızı xətti” və dərhal atılan addımlar
Rəsmi Bakının son aylarda (müharibədən öncə) formalaşdırdığı baza xətt belə idi: Azərbaycan öz hava məkanının və ərazisinin hər hansı üçüncü tərəf tərəfindən İrana qarşı hərbi əməliyyatlarda istifadə edilməsinə “heç vaxt imkan verməyəcəyini” vurğulayırdı. Bu mövqe 29 yanvarda Bakı-Tehran XİN rəhbərlərinin telefon danışığı barədə Azərbaycan XİN-in məlumatı əsasında dərc olunmuş xəbərdə açıq şəkildə təsbit edilib.
Müharibə başlayandan dərhal sonra isə Azərbaycan XİN 28 fevraldakı bəyanatında “regional hərbi eskalasiya”nı ciddi təhlükə sayaraq tərəfləri maksimum təmkinə və danışıqlara çağırıb. Bu, Bakının açıq şəkildə “hər hansı koalisiya üzvü kimi görünməmək” istəyi ilə uyğun gəlir.
Naxçıvanda baş verən insidentdən sonra isə rəsmi ritorika sərtləşib: Azərbaycan XİN 5 mart tarixli bəyanatda hücumları qətiyyətlə pisləyib, bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib, İrandan qısa müddətdə aydın izahat və araşdırma tələb edib və “müvafiq cavab tədbirləri görmək hüququnu” özündə saxladığını bəyan edib.
Eyni gün Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı insidenti “Azərbaycan dövlətinə qarşı terror aktı” kimi çərçivələndirib. O, İrandan izahat və üzrxahlıq tələb edib və Silahlı Qüvvələrin “bir nömrəli səfərbərlik vəziyyətinə” gətirildiyini açıqlayıb.
Bu prosesin diplomatik “yumşaltma” cəhdləri də paralel gedib. 8 martda İran Prezidenti Məsud Pezeşkianın Prezident İlham Əliyevə telefon zəngi barədə Prezident Administrasiyasının rəsmi məlumatında Pezeşkianın Naxçıvandakı insidentin İranla əlaqəsi olmadığını dediyi və araşdırılacağını bildirdiyi qeyd olunur.
Rəsmi reaksiyanın daha bir komponenti “xarici siyasi dayaqların” nümayişidir. Azərbaycan XİN-in 7 martdakı şərhində ABŞ Dövlət Departamentinin İranın dron hücumlarını qınamasının yüksək qiymətləndirildiyi, bunun ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının “ruhuna uyğun” olduğu vurğulanır və ABŞ dəstəyinin xüsusi əhəmiyyəti qeyd edilir.
Bu, Bakının bir tərəfdən “neytrallıq” iddiasını saxlayıb, digər tərəfdən “təhlükəsizlik zəmanəti axtarışını” gücləndirməsi kimi oxuna bilər.
Hökumətə yaxın platformalarda dominant narrativlər
Azərbaycanın informasiya məkanında (hökumət mediası və ona yaxın platformalarda) Naxçıvan insidenti adətən üç blokla çərçivələnir: birincisi, hadisənin “mülki infrastruktura” zərbə olması və bunun “təhlükəsizlik şoku” yaratması; ikincisi, Azərbaycanın “hüquqi və hərbi-siyasi cavab hüququ”; üçüncüsü isə İranın təkzibi və “təxribat” ehtimalının informasiya mübarizəsi kimi gündəmə gəlməsi.
Mövzu altında yayılan analitik mətnlər Naxçıvan aeroportunun sərhədə yaxınlığını, müharibənin altıncı günündə “xaotik genişlənmə” risklərini, hava hücumundan müdafiə, sərhəd boyunca əlavə dislokasiyalar kimi ehtimalları müzakirə edir.
İqtisadi-logistika tərəfi də xəbərləşmədə mərkəzə gəlir: Azərbaycan hökumətinin rəsmi qərarı ilə 5 martdan etibarən Azərbaycan-İran sərhədində yük daşımalarının (o cümlədən tranzitin) müvəqqəti dayandırılması barədə qərar yayımlanıb.
Bu informativ xəttin daha bir real nəticəsi hava məkanına aiddir: “Faynənşl Tayms” (Financial Times) Naxçıvan insidentindən sonra Azərbaycanın cənub hava məkanını bağlamasının Avropa-Asiya reyslərini daha dar dəhlizə sıxdığını və aviaşirkətlərin marşrut və yanacaq planlamasına təsir etdiyini yazır.
Burada Azərbaycan üçün “gözlənti” bir tərəfdən təhlükəsizliyi təmin etmək, digər tərəfdən isə “regional tranzit qovşağı” imicinə zərbəni minimuma endirməkdir.
İran daxilində “idarəolunmazlıq” tezisi, nəqliyyat layihələri və qaçqın senarisi
Hökümətə yaxın politoloq Elxan Şahinoğlunun açıqlamalarında iki xətt paralel görünür: birinci xətt İrandakı qərarvermənin “rasionallığını itirməsi və idarəolunmazlaşması”, ikinci xətt isə bunun Azərbaycanın layihələrinə və təhlükəsizliyinə təsiri.
Naxçıvan insidentinin elə ilk saatlarında Şahinoğlu bunu İranın “ən böyük səhvi” kimi təqdim edir və Bakının sərt diplomatik cavab verəcəyini proqnozlaşdırır; o, Naxçıvanda ABŞ bazasının olmadığını xatırladaraq İranın “bəhanə bazasını” zəif görür.
Daha sonra verdiyi başqa açıqlamada isə İran daxilində faktiki gücün SEPAH generallarına keçdiyini, ali liderin öldürüldüyünü, yeni lider seçilmədiyini və Pezeşkianın səlahiyyətinin zəif olduğunu deyərək hücumların “mərkəzləşmiş siyasi qərar” yox, təhlükəsizlik aparatının aqressiv xətti kimi başa düşülməsini təklif edir.
Şahinoğlunun “gözlənti paketi”ndə xüsusi yer tutan mövzu nəqliyyatdır: o, müharibənin uzanması halında Azərbaycanın iştirak etdiyi “Şimal-Cənub” dəhlizinin aktuallığının və işləkliyinin azalacağını, İranla bağlı nəqliyyat layihələrinin arxa plana keçəcəyini vurğulayır. 5 martdan sonra sərhəd yük daşımalarının dayandırılması kimi qərarlar bu proqnozun “müvəqqəti təsdiqlənən komponenti” kimi görünür.
Digər mühüm xətt “humanitar dalğa”dır: Şahinoğlu müharibə şiddətlənərsə və İranda “Suriya senarisi” tipli xaos ehtimalı artarsa, İran vətəndaşlarının (o cümlədən etnik azərbaycanlıların) qonşu ölkələrdə, eləcə də Azərbaycanda sığınacaq axtara biləcəyini yazırdı.
Bu proqnoz rəsmi Bakı tərəfindən açıq elan olunmasa da, Azərbaycan rəsmilərinin bir tərəfdən regionda gərginliyi azaltmaq çağırışı, digər tərəfdən “diplomatik və humanitar təmaslar” xətti ilə uyğun gəlir.
“Cənubi Azərbaycan” narrativi və real məhdudiyyətlər
Azərbaycanda “Cənubi Azərbaycan” adlandırılan İranın şimal-qərb ərazilərində de-fakto idarəetməyə yönələn hərbi-siyasi addımlar atması müstəqil və beynəlxalq analizlərdə daha çox “daxil üçün ritorika” və “utopik fantaziya” kimi qiymətləndirilir.
“Karnegi” (Carnegie) analitik nəşrinin yazısında deyilir: İranın şimal-qərbindəki etnik azərbaycanlıların yaşadığı bölgələrdə hər qeyri-sabitlik dalğası Azərbaycan millətçi çevrələrində “birləşmə” çağırışlarını gücləndirsə də, rəsmi rəhbərlik ehtiyatlıdır və əsas qorxu “cənub sərhədlərində destabilizasiya və iqtisadi sarsıntı”dır.
Mənbə daha sərt tezis də irəli sürür. O, İran azərbaycanlılarının özləri arasında ciddi separatizmə dair sübutların olmadığını, əvvəlki və cari etirazlarda separatçı şüarların görünmədiyini, narazılıqların daha çox korrupsiya, iqtisadi böhran, repressiya kimi ümumiran mövzularına bənzədiyini qeyd edir.
İkinci böyük məhdudiyyət beynəlxalq-hüquqi və strateji riskdir. Rəsmi Bakı “başqa ölkələrin daxili işlərinə qarışmamaq” prinsipini təkrar-təkrar vurğulayır. Bu çərçivə daxilində İran ərazisində de-fakto idarəetməyə yönələn addım Azərbaycanın elan etdiyi xətti aşan, İranla birbaşa müharibə riskini kəskin yüksəldən radikal eskalasiya olardı; “Karnegi” də “birləşmə” ideyasını rəhbərlik üçün “utopik fantaziya” kimi təqdim edir.
Azərbaycan daxilində isə narahatlıq İranın enerji infrastrukturunun vurulmasına cavab olaraq Azərbaycanın enerji obyektlərini potensial hədəf kimi seçə bilməsi ilə bağlıdır. Bu kontekstin fonu kimi həm İranın Naxçıvana endirdiyi deyilən PUA zərbələri, həm də Azərbaycanın İsrailin neft təchizatçısı olması vurğulanır.
Bu risk “strateji asılılıq cütlüyü” ilə dərinləşir: İsrail Azərbaycan üçün silah və texnologiya təchizatçısıdır, Azərbaycan isə İsrail üçün mühüm enerji mənbəyidir.
Naxçıvanın logistika baxımından İrandan asılılığı da mühüm faktordur. Muxtar Respublikaya birbaşa quru yolu olmadığı üçün Naxçıvanın əsas təchizatı (yük daşımaları) İran üzərindən həyata keçirilir.
Bu xəttin bağlanması Naxçıvanda “normal həyatın” çətinləşməsi riskini qabardır.
Müharibə uzandıqca Bakının Naxçıvanla əlaqəsini alternativ yollarla (o cümlədən TRIPP layihəsi kimi) möhkəmlətmək motivasiyasını artır.
Azərbaycan müharibənin hansı “hissəsində” dayanacaq?
Bu sualı cavablandırmaq üçün “müdaxilə”ni iki yerə ayırmaq vacibdir: (a) öz ərazisini qorumaq üçün müdafiə və təhlükəsizlik tədbirləri; (b) İran ərazisinə yönələn hərbi-siyasi hərəkətlənmə.
Bugünkü faktlar göstərir ki, Azərbaycan artıq (a) kateqoriyasındadır: rəsmi bəyanatlar “cavab hüququ”ndan danışır, Prezident Silahlı Qüvvələrin bir nömrəli səfərbərlik rejiminə gətirildiyini bildirir, sərhəddə logistikasına məhdudiyyətlər tətbiq olunur, hava məkanındakı risklər tənzimlənməyə çalışılır. Bu, hələ Azərbaycanın müharibədə “ABŞ-İsraildən tərəf kimi” iştirak etməsi demək deyil.
(b) kateqoriyası – yəni İran daxilində “Cənubi Azərbaycan” bölgəsinə hərbi müdaxilə, de-fakto idarəetmə və s. hazırkı rəsmi diskurs və beynəlxalq analizlər fonunda yüksək ehtimallı görünmür.
Bunun səbəbləri rəsmi “İrana müdaxilə əleyhinə” ritorika; belə addımın İranla genişmiqyaslı müharibəyə gətirmə riski; İran azərbaycanlıları arasında geniş separatizmin müşahidə olunmaması və Bakının uzunmüddətli strategiyada “risk minimallaşdırma” xəttini seçməsi barədə qiymətləndirmələrdir.
Bunun əvəzinə, real “müdaxilə həddi” daha çox aşağıdakı eskalasiya ehtimalları ilə əlaqələndirilir:
- Əgər Azərbaycan ərazisinə hücumlar təkrarlanarsa və ya enerji infrastrukturu hədəflənərsə, Bakı daha sərt cavab (məsələn, sərhəd boyunca müdafiənin kəskin gücləndirilməsi, regional müttəfiqlərlə hərbi-siyasi koordinasiya və s.) xəttinə keçə bilər.
- Əgər Naxçıvanın təminat marşrutları uzun müddət bloklanarsa, Bakı alternativ nəqliyyat layihələrini (TRIPP, Türkiyə üzərindən aviasiya və logistika və s.) sürətləndirməyə çalışacaq; bu baxımdan TRIPP-in “Naxçıvana maneəsiz bağlantı” kimi prioritet elan olunması diqqətəlayiqdir.
- Əgər İran daxilində daxili qarşıdurma miqrasiya dalğası yaradarsa, Azərbaycanın daha real “praktik müdaxilə forması” humanitar və sərhəd idarəetməsi ola bilər (qəbul, tranzit, təhlükəsizlik filtrasiyası və s.).
- Nəhayət, Türkiyənin birbaşa hədəf alınması (məsələn, İran raketlərinin Türkiyə istiqamətində uçması və ya sərhədə yaxınlaşması) “Azərbaycan-Türkiyə ittifaqını” daha konkret əməli səviyyəyə çəkə bilər. Amma, hələlik, Türkiyə bunda maraqlı görünmür.
Müharibə nə qədər davam edə bilər?
Bu müharibənin müddəti barədə “dəqiq” proqnoz vermək mümkün deyil; hətta böyük media orqanları müharibənin bir həftəsi tamam olduqdan sonra belə nəticələrin qeyri-müəyyən qaldığını və əməliyyatların “təsirinin” aydın olmadığını vurğulayır.
Fərqli ekspertlərin ortaq məntiqi belədir: tərəflər “maksimalist hədəflər”dən geri çəkilməsə, qarşıdurma uzana və “tükəndirmə müharibəsi” elementləri güclənə bilər.
Diplomatik dönüş isə (ekspertlərin bir qisminə görə) əsasən İranın güzəştlərinə, strateji mövqeyini zəiflədiyini qəbul etməsinə bağlı görünür.
“Quru müdaxiləsi mütləqdirmi?” sualı bu müharibədə ən çox səslənən suallardandır. Əl Cəzirənin izahında belə bir sual ayrıca qoyulur. Burada vacib məqam odur ki, quru əməliyyatı ehtimalı təkcə hərbi yox, siyasi-hüquqi və logistika baxımından da böyük baryerlərə malikdir.
Nəşr yazır ki, ABŞ-də müharibə qərarları həmişə klassik və rəsmi prosedurla verilmir. Konstitusiyaya görə müharibəni rəsmi olaraq Konqres elan etməlidir, amma tarixdə çox vaxt prezidentlər rəsmi müharibə elan olunmadan hərbi əməliyyatlara başlayıblar.
Azərbaycan üçün isə müharibənin uzanması iki nəticəni zamanla böyüdür: (1) təsadüfi və ya qəsdən sərhəd aşan PUA riskini; (2) iqtisadi və tranzit şoklarını (hava dəhlizlərinin daralması, sərhəd ticarətinin dayanması, regional layihələrin gecikməsi).
Buna görə Bakının ən real gözləntisi müharibənin tez lokallaşması və sərhədlərə yayılmamasıdır; rəsmi bəyanatlar da məhz eskalasiyanın dayandırılması və təmkinlik çağırışlarını daşıyır.
İran müharibəsi fonunda Azərbaycan