İran Naxçıvana dron hücumunu təkzib edib: "Biz qonşu ölkələrə zərbə endirmirik"
Naxçıvana dron hücumu
Martın 5-də günorta saatlarında Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dron hücumu baş verib. Azərbaycan rəsmiləri hücumun İran ərazisindən həyata keçirildiyini iddia edir və hadisəyə görə məsuliyyətin tam şəkildə İranın üzərinə düşdüyünü bildirirlər.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ölkəsinin Azərbaycanı hədəf aldığını təkzib edib.
Qəribabadi Azərbaycan hökümətinə yaxın “AnewZ”a verdiyi açıqlamada bildirib ki, “İran İslam Respublikası Azərbaycan Respublikasını hədəf almayıb. Biz qonşu ölkələrimizi hədəf almırıq”.
O əlavə edib ki, “İranın siyasəti yalnız ABŞ və İsrail də daxil olmaqla, regionda aktiv olan və İrana hücum etmək üçün istifadə edilən düşmənlərinin hərbi bazalarına zərbə vurmaqdır”.
Sosial mediada isə müxtəlif ehtimallar səsləndirilir.
Rəsmi Bakı: hücum İran ərazisindən həyata keçirilib
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları buraxılıb.
Rəsmi məlumatda bildirilir ki:
- bir dron Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşüb;
- digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hadisə nəticəsində hava limanı binasına zərər dəyib və iki mülki şəxs xəsarət alıb. Azərbaycan tərəfi bu hücumu beynəlxalq hüququn norma və prinsiplərinə zidd addım kimi qiymətləndirərək İranın izahat verməsini tələb edib.
Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb.
Azərbaycan Müdafiə Nazirliyi də ayrıca bəyanat yayaraq bildirib ki, pilotsuz uçuş aparatları ilə mülki infrastruktura hücum edilməsi qəti şəkildə pislənilir və hadisənin bütün məsuliyyəti İranın üzərinə düşür.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”.
Regionda müharibə fonu
Hadisə Yaxın Şərqdə genişmiqyaslı hərbi eskalasiyanın başladığı günlərə təsadüf edir.
Fevralın 28-də ABŞ və İsrail İranın hərbi və strateji obyektlərinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar İranın müxtəlif şəhərlərində yerləşən hərbi infrastrukturu və nüvə obyektlərini hədəfə alıb və regionda yeni müharibə mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Əməliyyatların arxa planında İranın nüvə proqramı ilə bağlı artan gərginlik və Beynəlxalq Atom Enerjisi Agentliyinin uranın yüksək səviyyədə zənginləşdirilməsi barədə xəbərdarlıqları dayanırdı.
Bu proses nəticəsində İran və ona yaxın qüvvələrin regiondakı ABŞ və İsrail obyektlərinə qarşı müxtəlif dron və raket hücumları həyata keçirdiyi barədə məlumatlar da yayılıb.
Belə bir gərgin geosiyasi mühitdə Naxçıvan hadisəsi region ölkələrinin münaqişəyə çəkilmə ehtimalını gündəmə gətirir.
“Bəhanə lazım idi, yaratdılar”
Hadisə ilə bağlı sosial mediada və siyasi çevrələrdə fərqli mövqelər səsləndirilir.
Ölkə xaricində yaşayan ictimai fəal Giyas İbrahim rəsmi versiyaya şübhə ilə yanaşaraq hadisənin müxtəlif şəkildə təqdim edilə biləcəyini yazıb. Onun fikrincə, dronun hansı səbəbdən və hansı tərəfdən gəldiyi barədə nəticə çıxarmaq üçün daha çox fakt lazımdır.
Fəal Müdafiə Nazirliyinin bəyanatına cavab olaraq isə bunları deyib:
“Cavabsız qalmayacaqdan əvvəl izah elə görək İran niyə vurmalıdır Azərbaycanı? İrana da izah etdir.
Hakimiyyətin Qarabağ hekayəsi bitəndən sonra yaşam bağı ancaq daha bir müharibə olardı bilirik. Başa düşdük, qırdırın milləti yenə göndərib. Hər şey aydındır.. Casus belli lazım idi, bəhanə lazım idi yaratdılar sizin üçün CIA-Mossad”.

Sürgündə yaşayan jurnalist Azər Kazımzadə isə hadisənin arxasında regionu yeni münaqişəyə cəlb etmək məqsədi güdən üçüncü tərəfin də ola biləcəyini istisna etmir:
“Mollanın ağına da lənət qarasına da, amma niyə Naxçıvanı vursun ki?
Eyni hadisə Kiprdə də oldu. Sonra İngiltərə açıqladı ki İran vurmayıb. Dünən Türkiyədə də baş verdi. Bu gün bizdə olması da şübhəlidir. Azərbaycanı oyuna qatmaq yaxud da belə etməklə ordakı qardaşlarımızı qışqırtmaq məqsədi daşıya bilər. Nəzərə alsaq ki Amerika kürdləri İran ərazisinə daxil etməyə çalışır. Ordakı ilk manea İrandakı soydaşlarımız olacaq.
Səbrli olub gözləməkdə fayda var”.
“Naxçıvan aeroportuna zərbə endirilməsi görünür təsdüfi deyil”
Sürgündə yaşayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı isə Naxçıvana dron hücumu hadisəsini İranın Azərbaycan ərazisində strateji obyektlərə zərbə endirmə cəhdi kimi qiymətləndirərək bunun region üçün təhlükəli presedent olduğunu bildirib.
“İran Naxçıvan aeroportunu dronla vurmağa cəhd edib. Birinci dron aeroport binasının yaxınlığında partlayıb. Nəticədə əsas bina daxilində müəyənn kicik xəsarətlər yaranıb. İkinci dron əsas binadan xeyli uzaq məsafəyə düşüb. Hazırda aeroport fəaliyyətini dayandırıb.
Bu, artıq onu göstərir ki, İran Azərbaycan ərazisində digər strateji obyektlərə də zərbələr vura bilər. Artıq müharibə təhlükəsi Azərbaycanı da təhdid etməyə başlayır. Xatırladaq ki, İsrail və ABŞ İrana qarşı müharibəyə başlamazdan öncə SEPAH tərəfindən Azərbaycan dəfələrlə hədələnmişdi. Dünən isə İran Türkiyə ərazisinə ballistik raket atıb, ancaq bu raket NATO-nun Aralıq dənizində yerləşən HHM sistemi tərəfindən vurularaq zərərsizləşdirilib.
İndi də heç bir əsas olmadığı halda Naxçıvan aeroportuna zərbə endirilməsi görünür təsdüfi deyil. Bu vəziyyət kifayət qədər təhlükəli olduğu üçün Azərbaycan və Türkiyə baş verən hadisəyə birgə ortaq münasibət bildirməli, bunun İranın əleyhinə nəticələr doğura biləcəyi Tehranın nəzərinə çatdırılmalıdır.
Şahidlər bildirirlər ki, hücumun qarşısını almaq üçün Hava Hücumundan müdafiə qüvvələri tərəfindən hər hansı atəş açıldığını görməyiblər. Bu, məsələ də xeyli suallar doğurur və hakimiyyət buna mütləq aydınlıq gətirməlidir”.
“Naxçıvan aeroportunun səhvən vurulduğuna inanmıram”
Digər tərəfdən ictimai fəal, ölkə xaricində yaşayan Rüstəm İsmayılbəyli fərqli ehtimal irəli sürərək qeyd edir ki, İranın hərbi strukturlarının bəzilərinin mərkəzi hakimiyyətdən müəyyən qədər müstəqil hərəkət edə bilməsi belə bir hadisənin baş verməsinə səbəb ola bilər.
“Mən Naxçıvan aeroportunu vuran dronun səhvən, ya nəzarətdən çıxmış bir şey olduğuna inanmıram.
Çünki əslində Naxçıvan istiqamətində uçması planlanmayan dronun nəzarətdən çıxıb ora gəlməsi və 5500 km² ərazidə məhz aeroporta düşməsi o qədər kiçik ehtimaldır ki, hesablamaq istəsək, fantastik bir faiz çıxacaq.
Azərbaycanı münaqişəyə cəlb etmək üçün kənar qüvvə tərəfindən “false flag” əməliyyatı olma ehtimalı həmişə var, orası elədir.
Amma məncə, son vaxtlardakı yaxınlaşmaya baxmayaraq bilə-bilə vurulmasının bir səbəbi var.
İran müharibənin ilk günündən bəri ordu və dövlət strukturlarının ən yuxarı bölmələrinin vurulacağını bildiyi üçün mozaik müdafiə strategiyasına keçib.
Bu strategiya ondan ibarətdir ki, müharibə vaxtı yerlərdəki ordu qrupları Tehranla əlaqəni itirsələr, ya heç bir əmr, yaxud icazə ala bilməsələr də, müdafiə üçün özlərinə uyğun gələn hərəkətləri etməkdə azaddırlar.
İran XİN başçısı Abbas Araqçi də bir neçə gün əvvəl müsahibəsində demişdi ki, ordu hazırda müəyyən qədər müstəqildir və tam nəzarət altında deyil.
Yəni, Azərbaycanla İran arasında siyasi hökumətlərin müəyyən yaxınlaşması olsa da, İran İnqilab Keşikçiləri Korpusunun müxtəlif qruplarının Azərbaycanı hələ də hədəf sayması bu hücumun ən yüksək ehtimallı izahı ola bilər.
Bir ehtimal da var ki, hazırda bütün dünyada Asiya ilə Avropanı hava yolu ilə birləşdirən yeganə koridor Azərbaycan qaldığı üçün burada bir aeroport vuraraq buranı da sxemdən çıxarmaq, beləcə bütün dünyaya çox ciddi bir problem yaratmaq istəyiblər.
İstənilən halda ümid edirəm ki, bu müharibənin Azərbaycana yeganə təsiri bu olacaq və konfliktdən tam kənar qalmağa davam edə biləcəyik.
Naxçıvana dron hücumu