Azərbaycan XİN: ölkə ərazisi və hava məkanı İrana hücumlar üçün istifadə edilməyəcək
Azərbaycanın İranla bağlı mövqeyi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranlı həmkarı Abbas Ərağçi ilə son telefon danışığında bildirib ki, Azərbaycan öz ərazisi və hava məkanının İrana qarşı hərbi hücumlar üçün istifadə olunmasına heç vaxt yol verməyəcək.
O, bölgədə yaranmış son gərginliyin ciddi narahatlıq doğurduğunu qeyd edərək, bütün tərəfləri İranda və onun ətrafında sabitliyi pozacaq addımlardan və ritorikadan çəkinməyə çağırıb.
Nazir vurğulayıb ki, mövcud problemlər yalnız beynəlxalq hüquq normaları çərçivəsində, dialoq və diplomatik yollarla həll olunmalıdır.
ABŞ-nin bölgədə hərbi güc nümayişi
Son günlər ABŞ Orta Asiyada hərbi mövcudluğunu gücləndirməyə başlayıb. Nimitz sinifli USS Abraham Linkoln aviadaşıyıcı gəmisi və onu müşayiət edən bir neçə raket esminesi artıq Ərəb dənizində yerləşdirilib.
Pentaqon bölgədə çoxmillətli hava təlimlərinin keçirildiyini açıqlasa da, müşahidəçilər bunu Vaşinqtonun Tehran rejiminə qarşı mümkün bir hücum planına hazırlığı kimi qiymətləndirirlər.
ABŞ Prezidenti Donald Tramp da yaxın günlərdə İranı hədələyən açıqlamalar verib. O, yeni zərbə endiriləcəyi təqdirdə bunun ötən ilin iyununda ABŞ və İsrailin İrana qarşı apardığı 12 günlük müharibə ilə müqayisədə daha dağıdıcı olacağını bəyan edib.
Ötən ilin iyununda baş vermiş həmin qısamüddətli münaqişə zamanı İranın bir sıra strateji nüvə obyektələrinə və yüksək çinli zabitlərinin evlərinə zərbələri endirilmişdi. Nnəticədə konkret şəxslərlə yanaşı min nəfərdən çox sivil həlak olmuşdu.
İranda daxili etirazlar və “kabus senarisi”
İranın daxilində də vəziyyət kritik olaraq qalır. Ötən ilin son günlərində kəskin inflyasiya və milli valyutanın dəyərdən düşməsi fonunda ölkədə kütləvi etirazlar başlayıb. Sosial tələblərlə başlanan nümayişlər tez bir zamanda siyasi şüarlara meydan olub. Hakimiyyət güc tətbiq etməklə onları yatırtmağa çalışıb.
Müstəqil hüquq-müdafiə qrupları yanvarın əvvəlində bir neçə şəhərdə yüzlərlə, bəlkə də minlərlə etirazçının güllə ilə öldürüldüyünü bildirir. Rəsmi məlumatlara görə isə iğtişaşlar zamanı azı 109 təhlükəsizlik əməkdaşı həlak olub. Bu hadisələrin İran rejimini sarsıtdığı və ölkədə daxili qarşıdurma riskini artırdığı bildirilir.
Belə bir şəraitdə beynəlxalq mətbuatda İranla bağlı narahatedici senarilər müzakirə olunur. ABŞ-nin Ağ evə yaxın nüfuzlu Ze Vaşinqton Post (The Washington Post) qəzeti yanvar ayında dərc etdiyi bir məqalədə İran üçün “kabus senarisi” adlandırılan ehtimala toxunub.
Məqalədə iddia olunur ki, əgər İranda daxili vəziyyət silahlı münaqişə həddinə çatsa, qonşu Azərbaycan orada yaşayan milyonlarla soydaşını qorumaq naminə (Türkiyənin də dəstəyi ilə) müdaxilə etməyi düşünə bilər.
Beləliklə, İran daxilində qarşıdurma dərinləşərsə, onun etnik zəmin üzərindən parçalanmaya yol aça biləcəyi vurğulanır ki, bu da Tehran üçün ən qorxulu perspektivlərdən biri hesab olunur.
Azərbaycanın İranla bağlı mövqeyi