"UĞUR 777" işi: estetik tibbi əməliyyatlarda qanunsuzluqlar və nəzarət problemləri
Azərbaycanda lisenziyasız estetik mərkəzlər
Bir müddət əvvəl Baş Prokurorluq Bakıda “UĞUR 777” adlı estetik mərkəzdə bir qrup şəxsin müvafiq lisenziyası və tibb təhsili olmadan müxtəlif estetik cərrahi əməliyyatlar apardığını və nəticədə bir sıra pasiyentlərin sağlamlığına ağır zərər yetirildiyini açıqlayıb.
Həmin mərkəzin Xəyalə İsmayılova adlı şəxs tərəfindən dövlət qeydiyyatına alınmasına baxmayaraq, tibbi fəaliyyət üçün lisenziyası olmadığı və tibbi prosedur adı altında standartlara əməl edilmədən əməliyyatlar aparıldığı müəyyən edilib. Bunun potensial nəticəsi olaraq, orada sanitariya-gigiyena qaydalarına riayət olunmaması səbəbilə xəstəliklərin yayılması təhlükəsi yarandığı bildirilib.
Xəbərdə deyilir ki, toplanmış sübutlara əsasən cinayət işi başlanaraq istintaqa göndərilib. Həmçinin müəssisə rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziyasız tibbi fəaliyyət) və 215.1 (sağlamlığın qorunması sahəsində hüquqların pozulması) maddələri ilə inzibati icraat da başlanıb.
Bəs, Azərbaycanda estetik-tibbi xidmətlərin lisenziyalaşdırılması, onlara nəzarət və reklamının tənzimlənməsi necə baş verir?
“JAMnews”un bu materialında istifadə olunan terminlər və toponimlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Qanunsuz fəaliyyətlər necə qeydiyyatdan keçir?
Ölkə qanunvericiliyinə görə, özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün mütləq Səhiyyə Nazirliyindən (xüsusən Nazirliyin Analitik Ekspertiza Mərkəzindən) lisenziya alınmalıdır. Lakin “qanunsuz estetik tibbi xidmət göstərən qurumlar” çox zaman bu tələbdən yayınırlar. Belə müəssisələr rəsmi olaraq sadəcə gözəllik salonu və ya estetika mərkəzi kimi sadə kommersiya qurumu qismində dövlət qeydiyyatından keçə bilir və tibb müəssisəsi statusu almadan fəaliyyət göstərirlər.
Məsələn, Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan araşdırma göstərib ki, “UĞUR 777” estetik mərkəzi vergi orqanlarında sahibkarlıq subyekti kimi qeydiyyata alınsa da, Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələri reyestrində yer almır və ümumiyyətlə tibbi fəaliyyət üçün lisenziyası yoxdur.
Başqa bir nümunə kimi adı hallanan “Dost Estetik Mərkəzi”nin isə nə Səhiyyə Nazirliyinin müvafiq bazasında, nə də Vergi Xidmətinin uçotunda adı mövcud olmayıb.
Yəni ümumiyyətlə qeydiyyatsız şəkildə fəaliyyət göstərib.
Bu cür müəssisələrin qeydiyyat və lisenziyalaşdırmadan yayınması nəzarət orqanları arasındakı boşluqlardan qaynaqlanır. Lisenziyaları olmadığı üçün onlar rəsmi tibb mərkəzi kimi tanınmır və nəticədə adi şəraitdə planlı yoxlamalara cəlb olunmurlar.
Lisenziya verən qurumların nəzarət boşluğu onların yalnız vergi qeydiyyatı olanlara fokuslanmalarıdır. Əgər sahibkar səhiyyə sahəsi üçün lisenziya müraciəti etmirsə, onun estetik mərkəz açması ilkin mərhələdə Səhiyyə Nazirliyinin diqqətindən kənarda qala bilir.
Nəticədə, lazımi şəraiti və ixtisaslı kadrları olmayan bəzi mərkəzlər faktiki olaraq qeyri-qanuni klinika kimi fəaliyyətinə davam edir. “Uğur 777” hadisəsində da məhz belə olub. Lisenziyasız şəkildə tibbi avadanlıqla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və əməliyyatların aparılması aşkar edlib. Həmin mərkəzin “həkim-kosmetoloq” kimi təqdim etdiyi şəxslərin rəsmi vahid tibb işçiləri reyestrində adı yoxdur.
Onlar ümumiyyətlə tibbi fəaliyyət göstərmək səlahiyyətinə malik deyillər.
Lisenziyalaşdırma sahəsindəki boşluqlardan biri də cəza tədbirlərinin yetərincə effektiv olmamasıdır. Məsələn, Analitik Ekspertiza Mərkəzi şikayətlər əsasında “Uğur 777” mərkəzində bir neçə dəfə yoxlama aparıb. Onlara lisenziyasız fəaliyyətinə görə 5 dəfə inzibati protokol tərtib edərək cərimələr tətbiq edib.
Lakin sadəcə cərimə olunması, görünən odur ki, uzun müddət bu qurumun qeyri-qanuni fəaliyyətini dayandırmağa kifayət etməyib. Mərkəz cərimələrə baxmayaraq işini davam etdirib.
Estetik mərkəzlərdə yoxlamalar: planlı, yoxsa şikayət əsasında?
Azərbaycanda bir neçə il öncəyə qədər sahibkarlıq subyektlərinin planlı yoxlanılması ümumi biznes mühitini yaxşılaşdırmaq üçün xeyli məhdudlaşdırılıb. Təsadüfi deyil ki, bir çox hallarda estetik-tibbi mərkəzlərə nəzarət də əsasən vətəndaş şikayətləri, media məlumatları və ya hər hansı insident baş verdikdə həyata keçirilir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallar barədə daxil olan müraciətlər əsasında dərhal araşdırmalar başlanır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar aparılır.
“Uğur 777” məsələsində də məhz belə olub. Sosial şəbəkələrdə yayılmış videomateriallar və mediada gedən xəbərlər məsələni üzə çıxarıb. Yalnız bundan sonra Baş Prokurorluq Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırmaya başlanılıb. Yəni, ilkin nəzarət mexanizmi kimi şikayət və ya informasiya əsaslı müdaxilə işə düşüb.
Ümumiyyətlə, hazırda planlı yoxlamalar əsasən rəsmi lisenziyalı tibb müəssisələrinə tətbiq olunur. Lakin estetika sahəsində bir çox obyekt ya lisenziyasız işlədiyi, ya da heç tibb müəssisəsi kimi qeydiyyatda olmadığı üçün onlar rəsmi illik planlara düşmürlər. Bu səbəblə nəzarət orqanları, xüsusilə Səhiyyə Nazirliyi və Prokurorluq, son dövrlər birgə şəkildə monitorinq kampaniyaları həyata keçirməyə başlayıblar.
Məsələn, 2024-cü ilin əvvəllərində daxil olmuş çoxsaylı şikayətlər əsasında 9 estetik klinika və kosmetoloji mərkəzin fəaliyyəti monitorinq edilib və birgə araşdırma aparılıb. Nəticədə qanun pozuntularına yol verən həmin müəssisələrin rəhbərləri barəsində inzibati işlər qaldırılıb və cərimələr tətbiq olunub.
Lakin yenə də geniş mənada estetika mərkəzlərinin periodik planlı təftişi üçün oturuşmuş bir mexanizm tam formalaşmayıb. 2023-cü ilin əvvəlindən sahibkarlıq sahəsində moratoriumun bitməsi ilə nəzəri olaraq planlı yoxlamalara yenidən start verilib. Əsas nəzarət üsulu isə riskli hesab olunan hallara çevik reaksiya verməkdir.
“Uğur 777” mərkəzində 2023-2025-ci illərdə bir neçə dəfə plandankənar yoxlama aparılması və hər dəfə pozuntu aşkarlanması faktı onu göstərir ki, mütəmadi monitorinq məhz riskə çevrilən obyektlər üzərində fokuslanır.
Belə görünür ki, şikayət olmadıqda və ya mediada məlumat çıxmadıqda bir çox pozuntu uzun müddət gizli qala bilər.
Estetik prosedurların reklamı: tənzimləmə və real nəzarət
Bu il qəbul edilən dəyişikliklərə əsasən, estetik cərrahiyyə və kosmetoloji tibbi xidmətlərin reklamı tamamilə qadağan edilməyib. Lakin qanun bu sahədə ciddi məhdudiyyətlər qoyur. Yalnız müvafiq dövlət orqanlarının (Səhiyyə Nazirliyinin) rəsmi icazə verdiyi, lisenziyalı tibbi metod və xidmətlərin reklamına icazə verilir.
Estetik cərrahiyyə və kosmetoloji xidmətlər yalnız sertifikatlı mütəxəssislər və lisenziyalı klinikalar tərəfindən təqdim olunursa, onların reklamı mümkündür. Əks halda qanunsuz sayılır. İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi də icazəsiz müalicə və ya diaqnostika üsullarının reklamını qadağan edir. Bu tələbi pozanlar inzibati qaydada cərimə edilir.
Sosial şəbəkələrdə və rəqəmsal mediada reklamların tənzimlənməsi
“Reklam haqqında” Qanuna edilmiş dəyişikliklərin mühüm bir hissəsi rəqəmsal (onlayn) platformalarda reklamın tənzimlənməsidir. Artıq sosial şəbəkələr və digər internet platformalarında Azərbaycan auditoriyasına yönələn reklamlar da qanunvericiliyin əhatə dairəsinə daxil edilib. Xüsusilə, “rəqəmsal platforma təsirçisi” (yəni, sosial media influenseri) anlayışı qanuna gətirilib.
Bu şəxslər pullu reklam xarakterli paylaşım etdikdə, onlar rəsmi olaraq reklam subyekti sayılır və qanunun tələblərinə tabedir. Bu yenilik estetik xidmətlərin “Instagram”, “Facebook” kimi platformalarda reklamına da şamil olunur.
Rəqəmsal platformalarda tibbi xidmət reklamı ilə bağlı əsas tələblər belədir:
- İzləyicilər paylaşılan məlumatın reklam olmasını dərhal anlamalıdırlar;
- Reklam məqsədilə saxta hesablar yaradıb ictimaiyyəti aldatmaq qadağandır;
- Estetik klinika və ya tibb mərkəzinin reklamı gedirsə, həmin qurumun lisenziya nömrəsi, verilmə tarixi və lisenziyanı verən orqan kimi detallar reklamda göstərilməlidir. Əgər sosial şəbəkənin formatı texniki cəhətdən bu məlumatları tam göstərməyə imkan vermirsə, ən azı “lisenziya mövcuddur” deyə qeyd olunmalı və istehlakçı əlavə detalları asanlıqla öyrənə bilməlidir;
- Bir influenser dərman, tibbi vasitə və ya hər hansı müalicə üsulunu reklam edirsə, reklam verən şəxs onun tələbi ilə müvafiq icazə və təsdiqedici sənədləri təqdim etməlidir.
Reklamların qanuna uyğunluğuna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsuldur. Bu qurum həm reklamların məzmununu monitorinq edir, həm də vətəndaşların şikayətlərinə baxır.
Tibbi prosedurlara dair tələblər: müayinə, razılıq və göstəriş praktikada varmı?
Baş Prokurorluğun ictimaiyyət üçün hazırladığı hüquqi maarifləndirmə materialında estetik cərrahiyyə və digər kosmetoloji prosedurların hansı şərtlərlə icra olunmalı olduğu izah edilir.
Bildirilir ki, belə prosedurlar mütləq həkim təyinatı əsasında, yəni tibbi zərurət və göstəriş olduqda icra edilməlidir. Yalnız pasiyentin istəyi ilə, heç bir tibbi ehtiyac olmadan edilən müdaxilələr yolverilməz sayılır.
- Həkim əvvəlcədən pasiyentin ümumi sağlamlıq vəziyyətini, nəzərdə tutulan əməliyyatın onun həyat və sağlamlığına təsirini peşəkar şəkildə müayinə etməli və riskləri dəyərləndirməlidir. Proseduru icra edən həkim həmin müayinənin aparılmasını tələb etməli, yəni pasiyenti tibbi müayinədən keçmədən əməliyyata götürməməlidir.
- Bundan əlavə, məlumatlandırılmış razılıq prinsipi tətbiq olunmalıdır. Yəni pasiyentə ediləcək estetik əməliyyatın xarakteri, mümkün fəsadları, alternativ variantları izah edilməli və onun yazılı razılığı alınmalıdır (bu, ölkə səhiyyə qanunvericiliyinin ümumi tələbidir).
- Prokurorluq bildirir ki, plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedur yalnız zəruri hallarda həyata keçirilməlidir. Hər bir pasiyent üzrə aparılmış prosedurların ayrıca uçotu olmalıdır. Bir şəxs növbəti dəfə müraciət etdikdə, əvvəlki prosedurlar barədə məlumat həkim tərəfindən yoxlanmalı və ardıcıl müdaxilələrin təsiri nəzərə alınmalıdır.
- Digər vacib tələb icraçıların səriştəsi ilə bağlıdır. Estetik proseduru həyata keçirən şəxs mütləq ali tibbi təhsil almış olmalı və həmin sahə üzrə ixtisaslaşmalıdır. Ali tibbi təhsili olmayan şəxslərin özlərini “həkim” və ya “həkim-kosmetoloq” adlandırması qanunsuz və yolverilməz sayılır.
- Bundan əlavə, plastik və estetik əməliyyatlar ancaq ixtisaslaşmış tibbi personal tərəfindən aparılmalıdır. Əməliyyat zamanı hər hansı ağırlaşma baş verdikdə müdaxilə edə biləcək reanimatologiya-anesteziya komandası da klinikada hazır olmalıdır. Tibb müəssisəsi kritik vəziyyətdə pasiyenti intensiv yardıma götürə bilməlidir.
- Həmçinin, əməliyyatlar zamanı istifadə olunan dərman preparatları və kosmetoloji vasitələr sertifikatlı, keyfiyyətli olmalıdır. Mənşəyi bəlli olmayan, keyfiyyətsiz maddələrin istifadəsi ağır fəsadlara yol aça bilər.
Reallıq isə fərqlidir
Reallıqda isə qanunsuz fəaliyyət göstərən estetik mərkəzlərdə bu prosedurların çoxuna əməl olunmadığı məlum olur. Məsələn, “Uğur 777” mərkəzində aşkar edilib ki, özlərini həkim kimi təqdim edən X.İsmayılova, M.Bağırov, F.Əliyeva, G.Abdullayeva, Z.Salmanova və digərlərinin heç birinin nə ali, nə orta ixtisas tibbi təhsili, nə də sertifikasiya şəhadətnaməsi yoxdur. Yəni ixtisaslı kadr tələbi kobud şəkildə pozulub.
Mərkəzdə standartlara əməl edilmədən cərrahi prosedurlar aparıldığı üçün hepatit, HİV kimi xəstəliklərin alətlərin sterilizasiyasız istifadəsi nəticəsində yayılma riski də yaranıb. Pasiyentlərdən bəziləri sonradan mətbuata müsahibələrində bildiriblər ki, əməliyyatdan əvvəl onlara ciddi tibbi müayinə aparılmayıb, risklər tam izah edilməyib.
Məlumat xarakterli razılıq formaları bəzi hallarda ya ümumiyyətlə doldurulmayıb, ya da formallıq xatirinə imzalatdırılıb. Üstəlik, qanunsuz klinikalar çox zaman heç bir xəstəlik tarixçəsi aparmır. Orada müraciətlər uçota alınmır, yəni qanuni tibb müəssisəsi üçün adi sayılan bürokratik işlər tamamilə kənarda qalır.
Beləliklə, hüquqi maarifləndirmədə vurğulanan müayinə, razılıq, tibbi göstəriş, ixtisas tələbi və s. prinsiplər normal fəaliyyət göstərən klinikalarda tətbiq olunur. Amma qeyri-qanuni fəaliyyət göstərənlərdə tez-tez pozulur.
Dövlət orqanları və mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, yalnız dövlət qeydiyyatından keçmiş və lisenziyası olan tibb müəssisələrinə müraciət etsinlər. Tələb edilir ki, onları müayinə edən və əməliyyat aparan şəxsin diplom və sertifikatını tələb edərək yoxlasınlar.
Əgər bu cür sənədlər təqdim edilmirsə, vətəndaşlar dərhal Baş Prokurorluğun “961” Qaynat Xəttinə və ya qurumun rəsmi sosial şəbəkə hesablarına məlumat verməlidir.
Azərbaycanda lisenziyasız estetik mərkəzlər