Cek Şeferd kimdir – Gürcüstanda interpoldan gizlənən adam
Gürcüstanın informasiya sahəsində artıq bir neçə gündür ki, yeni personaj meydana gəlib. Onun adı Cek Şeferddir. Bu britaniyalı Gürcüstana ötən ilin martında gəlib. Onu çoxsaylı turistlərdən biri hesab etmək olardı, bir məsələni nəzərə almasaydıq – o, interpol tərəfindən axtarılır. Vətənində Şeferd qətildə günahlandırılır. O, ədalət mühakiməsindən qaçmaq üçün Gürcüstanda gizlənib.
JAMnews qısaca olaraq onun hekayəsini danışacaq. O kimdir və Gürcüstana necə gəlib?
Cek Şeferd kimdir?
Yanvarın 23-də interpol tərəfindən axtarılan Böyük Britaniya vətəndaşı Cek Şeferd Gürcüstan hüquq-mühafizə orqanlarına təslim olub. Vətənində Şeferd ehtiyatsızlıqdan adam öldürmədə təqsirli bilinərək, haqqında 6 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Britaniya polisi onu yarım il axtarıb.
Məlum olub ki, 2018-ci ilin martından Şeferd Gürcüstanda yaşayır – Tbilisidə mənzil kirayələyib, sərbəst şəkildə gəzir, bütün Gürcüstanı dolaşır, kafelərdə çoxlu vaxt keçirir, gürcü qızla görüşür və bütün bu müddət ərzində bircə dəfə də olsun yerli polisin diqqətini çəkməyib.
Hüquq-mühafizə orqanlarına təslim olmazdan əvvəl Cek Şeferd “Rustavi-2” telekanalına müsahibə verib və teleşirkətin kameraları qarşısında Gürcüstan polisinə təslim olub.
Taleyükli görüş
Böyük Britaniya vətəndaşı Cek Şeferdin 31 yaşı var. İxtisasca ved-developerdir. Ötən il Britaniyanın ədalət mühakiməsi onu 24 yaşlı Şarlotta Braunu ehtiyatsızlıqla öldürməkdə günahkar bilib.
Faciə 2015-ci il dekabrın 8-də baş verib.
Cek Şeferd Şarlotta Braunla internet vasitəsilə tanış olub. Qız onun xoşuna gəlib və o, Şarlottanı öz kateri ilə Temza çayında gəzintiyə dəvət edib. Bu, onların ilk və son görüşü olub.
Çay gəzintisinə çıxmazdan əvvəl gənc cütlük iki şüşə şərab içib. Şeferdin kateri bir qədər nasaz olsa da, o, idarəetməni qıza etibar edib.
Kater tam sürətlə sudakı taxta parçasına çırpılıb və çönüb. Gənclər suya düşüblər. Şarlotta Braun xilas ola bilməyib.
Şeferdi məsuliyyətsizlikdə və ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edib, buraxıblar. Amma təyin olunan saatda Şeferd məhkəməyə gəlməyib və məlum olub ki, məhkəməyə üç gün qalmış o yoxa çıxıb.
Məhkəmə qiyabi olaraq onu sərxoş vəziyyətdə nəqliyyatı idarə etməkdə təqsirli bilib və haqqında 6 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxararaq, onu interpol xəttilə axtarışa verib.
“Rustavi-2” telekanalına müsahibəsində Şeferd bildirib ki, Şarlotta Braunun atası məhkəməyə təzyiq göstərib və ilkin ittiham dəyişdirilib.
Şeferdin sözlərinə görə, həyatını itirən qızın atası penitensiar sistemdə nüfuzlu məmurdur. Onun Krallığın daxili işlər naziri ilə şəxsən görüşüb, baş verənlərlə bağlı onu məlumatlandırması, həmçinin bütün Britaniya mətbuatını ayağa qaldırması faktı onun nüfuzunun miqyasından xəbər verir. Şeferd deyir ki, KİV faciəni işıqlandırmaqda əlahiddə fəallıq və maraq sərgiləyib.
“Mən hiss edirdim ki, onun böyük nüfuzu üzündən həbsxanada mənim üçün təhlükəsiz olmayacaq, buna görə də Böyük Britaniyadan qaçdım”, – Şeferd “Rustavi-2” kanalına müsahibəsində vurğulayıb.
Şeferd Gürcüstana necə gəlib çıxıb?
Gürcüstanda gizlənmək qərarını Şeferd liberal viza rejimi və çoxdan bəri buraya gəlmək istəməsi ilə izah edib.
Gürcüstan DİN-i jurnalistlərin interpol vasitəsilə axtarılan Şeferdlə hüquq-mühafizə orqanlarından daha əvvəl görüşdüyü ilə əlaqədar olaraq üzrhaxlıq etməli olub.
Daxili İşlər Nazirliyi bu gün bildirir ki, Şeferd Gürcüstan sərhədini 2018-ci ilin martında, hələ axtarışda olmadığı zaman keçib, buna görə də onu saxlamaları üçün heç bir əsasları olmayıb.
Tbilisi şəhər məhkəməsi artıq Şeferdin işinə baxıb və onu ekstradisiya öncəsi 3 ay müddətinə həbsə məhkum edib. İclas zamanı bəlli olub ki, Şeferd digər iş üzrə də – butulka ilə adamın başına vurmaqda günahlandırılır.
İclas zamanı prokuror bildirib ki, Cek Şeferd depressiyaya düçar olub və onda intihar meylləri özünü göstərir. Şeferdin gürcüstanlı vəkili Mariam Kublaşvili də bununla razılaşıb. O, müvəkkilinin psixoloji durumunun öyrənilməsi üçün beynəlxalq ekspertlərin iştirakını da tələb edib.
Şeferdin işi xarici KİV-də
Şeferdin Gürcüstan hüquq-mühafizə orqanlarına təslim olduğu haqda informasiya qısa zamanda xarici mətbuatın diqqət mərkəzinə gəlib. Bitaniya nəşrlərində isə xüsusi ajiotaj yaranıb, onlardan bir qismi öz müxbirlərini Gürcüstana ezam edib.
Britaniya mətbuatı Şeferdi “qatil” və “cani” adlandırır. İşin detallarından başqa britaniyalı jurnalistlər Şeferdin gürcüstanlı vəkilinə və gürcü sevgilisinə də bir sıra məqalələr həsr ediblər.
Tabloidlər Şeferdin maraqlarını gənc qadın vəkilin – keçmiş model və “Ulduzlar rəqs edir” yarışmasının qalibinin müdafiə etdiyinə diqqət cəlb ediblər. Onlardan bəziləri Mariam Kublaşvilinin fotolarını da dərc edib.