Paraflanan sülh sazişi Qarabağ münaqişəsinin yeni mərhələsi hesab edilə bilər?
Saziş Qarabağ münaqişəsinin yeni mərhələsidir?
Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin sülh sazişini paraflaması regionda uzun illər davam edən münaqişənin sonlanması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Bu addım müharibə ehtimalını azaltsa da, suallar da çoxdur: tərəfləri bu razılaşmaya gətirən nə oldu, hansı dəyişikliklər kompromislərə yol açdı və liderlərin fərqli yanaşmaları sülhün davamlılığına necə təsir göstərə bilər?
Xəzər Tədqiqat və Analiz Mərkəzinin təhlilində qeyd olunur ki, son beş ildə Nikol Paşinyan və İlham Əliyevin ritorikaları, siyasi strategiyaları və beynəlxalq müttəfiqlərə münasibəti Qarabağ münaqişəsinin taleyini dəyişib. Bir tərəfdə demokratik islahatlarla gələrək kompromislərə getməyə məcbur qalan Paşinyan, digər tərəfdə isə mövqeyini əsasən dəyişmədən saxlayan və diplomatik üstünlük qazanan Əliyev dayanır.
Məqalənin davamında həm bu iki yanaşmanın qarşılaşdırılmasına, həm də Vaşinqtonda əldə edilən nəticənin dayanıqlı sülhə gətirib-gətirməyəcəyinə diqqət yetirilir.
Paşinyanın transformasiyası

2018-ci ildə demokratik seçki ilə hakimiyyətə gələn Ermənistan baş naziri Nikol Paşinyan ilk mərhələdə Qarabağ məsələsini “demokratiya və avtoritarizm arasında qarşıdurma” kimi təqdim edirdi. O, danışıqlarda Qarabağın birbaşa iştirakını tələb edir, “Artsax Ermənistandır, nöqtə” bəyanatı ilə də eskalasiyaya rəvac verirdi.
Xəzər Tədqiqat və Analiz Mərkəzinin qeyd etdiyinə görə, 44 günlük müharibədən sonra Paşinyanın ritorikası kəskin dəyişdi. Baş nazir Qarabağın müstəqilliyi ideyasının reallığa uyğun gəlmədiyini etiraf etdi. Azərbaycanın ərazi bütövlüyünü tanıdı və erməni cəmiyyətinə “Tarixi Ermənistan və Real Ermənistan” arasında seçim etməyin qaçılmaz olduğunu bildirdi.
Bununla yanaşı, Ermənistan hökuməti təhlükəsizlik siyasətini diversifikasiya etməyə çalışaraq Rusiyadan uzaqlaşıb Qərblə əməkdaşlığı gücləndirdi. AB missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi, ABŞ və NATO ilə hərbi təlimlər, eləcə də “Sülhün kəsişməsi” layihəsi bu istiqamətdə atılan addımlar oldu.
Əliyevin dəyişməyən ritorikası

Azərbaycan Prezidenti İlham Əliyev isə bütün proses boyu əsas tezisini dəyişməz saxladı: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Onun çıxışlarında sülh əsas hədəf, müharibə isə “son vasitə” kimi təqdim olunurdu.
Mərkəzin təhlilində vurğulanır ki, Əliyev daxili auditoriya üçün sərt və militarist ritorikadan istifadə etsə də, beynəlxalq platformalarda kompromislərə açıq mövqe nümayiş etdirirdi. 2022-ci ildə Bakının sülh sazişi layihəsini təqdim etməsi də bu yanaşmanın göstəricisi hesab olunur.
Bununla belə, prezident Zəngəzur dəhlizi məsələsində uzun müddət Rusiyanın nəzarətində olan modeldə israr edirdi. Vaşinqton görüşündə isə ABŞ vasitəçiliyi ilə “Tramp yolu” adlandırılan yeni kommunikasiya xəttinə razılıq verməsi Bakı üçün mühüm dönüş nöqtəsi sayılır.
Yeni reallığın davamlılığı sual altındadır

Xəzər Tədqiqat və Analiz Mərkəzinin nəticəsinə görə, son beş ildə Paşinyan kompromislərə getməyə məcbur olub. Əliyev isə öz mövqeyini əsasən dəyişmədən saxlayaraq diplomatik üstünlük qazanıb.
Bununla belə, əsas sual açıq qalır: Ağ Evdə paraflanan saziş regionda dayanıqlı sülhə gətirib çıxaracaqmı? Mərkəzin vurğuladığı kimi, demokratik və avtoritar rejimlərin qarşıdurması şəraitində sülhün taleyi yalnız sənədlərdən deyil, həm də siyasi rejimlərin xarakterindən asılı olacaq.
Kontekst
Qarabağ münaqişəsi artıq dörd onillikdir ki, Cənubi Qafqazın siyasi gündəminin mərkəzindədir. 1988-ci ildə başlayan etnik qarşıdurma qısa müddətdə müharibəyə çevrildi, minlərlə insan həyatını itirdi, yüz minlərlə insan məcburi köçkün oldu. 1994-cü ilin atəşkəs razılaşması münaqişəni dondursa da, sonrakı onilliklər ərzində diplomatik səylər nəticə vermədi.
2020-ci ilin 44 günlük müharibəsi bu balansı kökündən dəyişdi, bölgədə yeni reallıqlar yaratdı və tərəfləri daha sərt, eyni zamanda daha real kompromislərə məcbur etdi. Sonrakı illərdə həm Ermənistanın, həm də Azərbaycanın liderləri fərqli ritorika və strategiyalarla çıxış etsələr də, sülh gündəliyini gündəmdən tamamilə silə bilmədilər.
8 avqustda Vaşinqtonda paraflanan sənəd bu uzun yolun növbəti mərhələsi kimi qiymətləndirilir. Ancaq münaqişənin tarixi göstərir ki, sülh yalnız sənədlərlə deyil, həm də siyasi iradə, ictimai dəstək və regiondakı geosiyasi balansın dəyişməsindən asılıdır. Qarabağ münaqişəsinin həllinə dair bu dəfə atılan addımın nə qədər dayanıqlı olacağı isə hələ də açıq sual olaraq qalır.
Saziş Qarabağ münaqişəsinin yeni mərhələsidir?