Azərbaycan-Rusiya münasibətlərində “barışıq” - müxalifət lideri tənqid edir
Azərbaycan-Rusiya münasibətlərində barışıq
Azərbaycanın nümayəndə heyəti Rusiya ilə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasında iştirak edib. Müxalifət lideri deyir ki, “köhnə “müttəfiqlər” heç nə olmamış kimi əlaqələri, əməkdaşlığı gücləndirmək razılığına gəliblər”.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olub.
Toplantıda investisiya, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə birgə layihələr müzakirə olunub. İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu imzalayıblar.
Şahin Mustafayev həmçinin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşərək regional əməkdaşlığın genişləndirilməsi barədə danışıb.
“Adamdan soruşarlar ki, niyə küsmüşdünüz, niyə barışdınız?”

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə bu “barışığı” tənqid edib. O, feysbuk hesabında yazır ki, Azərbaycan hakimiyyəti heç nə olmamış kimi, heç bir tələbi qəbul edilmədən Rusiya ilə müttəfiqlik əlaqələrini bərpa etdi.
“Heyf Rusiyada işgəncə ilə öldürülən və qanunsuz həbs olunan soydaşlarımızın həyatına və azadlığına.
Bu yerdə ağla gəlir ki, əcabə, İlham Əliyevin müharibə hazırlığı bəyanatı ilə Rusiya-Azərbaycan barışığı arasında bir əlaqə ola bilərmi? Məncə ola bilər.
Vaşinqtonda bütün dünya qarşısında sülh haqda birgə bəyanat imzalanmasından cəmi 2 həftə sonra İlham Əliyevin yenidən müharibə hazırlıqlarından danışması, əlbəttə, qəribə idi və xeyli suallar yaradırdı.
Həmin müəmmalı müharibəyə hazırlıq çıxışından cəmi bir gün sonra isə məlum oldu ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Rusiyaya gedib Həştərxanda Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşüb.
Köhnə “müttəfiqlər” heç nə olmamış kimi əlaqələri, əməkdaşlığı gücləndirmək razılığına gəliblər. Yəni 2 aylıq küsülülük, dedi-qodu dövrü arxada qalır. Əliyev hökuməti yenə də bir gün sülhdən, bir gün müharibədən, bir gün Trampla, bir gün də Putinlə dostluqdan danışacaq.
Adamdan soruşarlar ki, niyə küsmüşdünüz, niyə barışdınız? Bəs guya Rusiya ilə əməkdaşlıq tədbirlərini boykot edirdiz? Bəs deyirdiz ki, Yekaterinburqda soydaşlarımızın işgəncə ilə öldürülməsini guya qəbul etmirsiz? Nə oldu, soydaşlarımızı işgəncə ilə öldürənləri həbs ediblər, bizim xəbərimiz yoxdur? Bəlkə Rusiyada həbs olunan soydaşlarımızı azad ediblər, ondan xalqın xəbəri yoxdur?
Bəs deyirdiz, təyyarəmizi Rusiya səmasında Rusiya tərəfindən vuranların məsuliyyətdən yayındırılması ilə guya barışmırsız? Nə olub, təyyarəmizi vuranları həbs edib Rusiya hakimiyyəti?
Dövlət adına aparılan siyasəti, ölkənin xarici siyasətini bu qədər qeyri-ciddi vəziyyətə salmaq olmaz. Baş verənlər Azərbaycan hakimiyyətinin iflasıdır, Azərbaycan hakimiyyətinin davamlı və prinsiplərə dayanan siyasət aparmaq, soydaşlarımızı qorumaq iqtidarında olmadığını göstərir”.
Kontekst
Son aylarda Azərbaycan ilə Rusiya arasında münasibətlərdə kəskinləşmə müşahidə olunur. Vəziyyəti mürəkkəbləşdirən əsas hadisələr sırasında Azərbaycanın sərnişin təyyarəsinin vurulması, Rusiyada yaşayan azərbaycanlılara qarşı polis reydləri, media və diplomatik müstəvidə qarşılıqlı ittihamlar yer alır.
Rəsmi Bakı baş verənləri beynəlxalq hüquq çərçivəsində həll etməyə çalışdığını iddia etsə də, ekspertlərin fikrincə Rusiya tərəfinin davranışları passiv və bəzi hallarda aqressiv reaksiyası münasibətləri yeni böhran mərhələsinə aparırdı.
2024-cü ilin dekabrında Azərbaycanın AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında vurulması ilə bağlı insident iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi olub.
Azərbaycan tərəfi təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edir. Prezident İlham Əliyev bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, hadisənin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bildirib.