Ermənistanda korrupsiyaya qarşı mübarizə gedir, amma “iri balıqları” hələ tutmayıblar
Korrupsiya halları Ermənistan kimi kiçik iqtisadiyyatlı ölkələr üçün məhvedicidir. Həm ölkə hakimiyyəti, həm müxalifət, həm də vətəndaş cəmiyyəti bu fikirdə uzlaşır – korrupsiya ilə mübarizə günündə bununla bağlı hamının söz demək imkanı olub. Sadəcə bu halla necə mübarizə aparmaq lazım olduğu ətrafında fikirlər haçalanır.
Ermənistanın hüquqşünaslar Assosiasiyasının sədri Karen Zadoyan hesab edir ki, cəmiyyət korrupsiya ilə mübarizə tempindən razı deyil – insanlar müqəssirlərin cəzalandırıldığını görmək istəyir. Onun sözlərinə görə, ictimai təşkilatlar korrupsiya ilə mübarizə məsələlərində ardıcıl olmalıdır.
“Əcinnə ovu elan eləmək lazım deyil, hər şeyi qanunla eləmək lazımdır, bütün alətlər mövcuddur. Cəmiyyət cəza tədbirlərini görmək istəyir. Korrupsiya ilə mübarizə haqda danışmaq ayrı, bunu real həyata keçirmək tam ayrı şeydir”, – o bildirib.
“Korrupsiya ilə mübarizə Assosiasiyasının” sədri Aleksandr Amaryanın sözlərinə görə, Ermənistanda korrupsiyaya bulaşmış şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını diktə edən müəyyən qanunverici nizamlama olsa da, onların bir hissəsi işləmir, nəticədə də korrupsiya bütün dövlət strukturlarında mövcuddur, çünki günahkarlar cəzasız qalır.
Eyni zamanda ekspert hesab edir ki:
“Hakimiyyətin korrupsiya ilə mübarizə üçün siyasi iradəsi var, amma ölkə sakinlərinin özləri korrupsiya hallarında iştirakdan şüurlu şəkildə imtina etməlidir”.
Hakimiyyət bildirir ki, korrupsiyanı neytrallaşdırmaq üçün hər şey edilir. Ədliyyə naziri David Harutunyan bildirib ki, korrupsiya ilə mübarizə üç istiqamətdə aparılır:
- Korrupsiyaya qarşı fəaliyyət,
- Məsuliyyətə cəlb etmək,
- Korrupsiyanın qarşısını almaq.
Nazirin sözlərinə görə, bu illər ərzində hakimiyyət korrupsiyaya qarşı bir neçə vacib profilaktik tədbir görüb:
- Qanunsuz varlanmanın cinayət məsuliyyəti,
- Öz gəlirləri və əmlakı haqda deklarasiya verməli olan məmurların siyahısının genişlənməsi,
- Məlumat mənbələri sisteminin yaradılması,
- 2018-ci ilin aprelindən fəaliyyətə başlayacaq yeni korrupsiyaya qarşı orqanın yaradılması.
Ekspertlər cəzanın vacibliyini qeyd edirlər və vurğulayırlar ki, qanunvericilik dəyişiklikləri yüksək ranqlı, hakimiyyətə yaxın məmurlara qarşı tətbiq edilmir – onlar öz səlahiyyətlərinin sui-istifadə edir və qanunsuz varlanırlar.
“Əsas sual olduğu kimi qalır: axı bununla mübarizə istəyi bu qədər açıq ifadə olunduğu və bunun üçün lazım olan alətlər kompleksi yaradıldığı halda niyə bu sahədə dönüş baş vermədi? Səbəb ondadır ki, sözlər dəyərdən salınıb, yüksək vəzifəli şəxslərin sözləri qara qəpiyə dəymir və cəmiyyət bu sözlərə inanmır. Nətiicədə yaradılmış alətlər istifadə olunmamaqdan paslanacaq və lazımsız hala düşəcək”, – vəkil Norayr Norikyan bildirib.
Hələ ki “iri balığı” tutmaq mümkün olmayıb
Ermənistan prezidenti Serj Sarqsyan bir neçə il əvvəl bildirib ki, “iri balığı” “başından tutmaq” lazımdır.
Ermənistanın baş prokuroru Artur Davtyan jurnalistlərin yüksək vəzifəli şəxslərin heç vaxt məsuliyyətə cəlb olunmaması ilə bağlı sualının cavabında bildirib ki, “iri balığı” tutmazdan əvvəl onların əməllərində cinayət tərkibinin olub-olmadığını və əgər varsa, bunun sübuta yetirilə biləcəyini anlamaq lazımdır.
“Sizə söz verirəm ki, “iri balığın” əməli sübuta yetirildiyi zaman, mən sizə xəbər verəcəm”, – o deyib.