“İşğal faktını görməzdən gələn ölkələrin çağırışı bizim üçün önəmli deyil” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini sərt tənqid edib və Ermənistanı “quldur dövlət” adlandırıb.
Türkiyə parlamentinin payız sesiyasının açılışında çıxış edən Türkiyə lideri qeyd edib ki, Ankara işğal edilmiş toqraqlarının azad edilməsi uğrunda mübarizəsində Azərbaycanı dəstəkləyir.
• Qarabağda gərginləşmə Gürcüstanın ermənilər yaşayan regionuna necə təsir edib?
• Türkiyə və Soros – Əliyev və Paşinyanın “Rossiya-1” telekanalına müsahibələri
Onun sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycanın dinc kəndlərini atəşə tutması ilə başlayan döyüşlər Qafqaz regionunun nə dərəcədə partlamağa hazır barıt çəlləyi olduğunu təsdiq edib.
“Qafqazda uzun müddətli sülhün əsas şərti Azərbaycanın işğal olunmuş torpaqlarının hər qarışının geri qaytarılmasıdır. Türkiyə Azərbaycana “bir millət iki dövlət” prinsipi prizmasından yanaşır. Biz azərbaycanlı qardaşlarımıza imkanımız çatan dəstəyi yenə də göstərəcəyik”, – o vəd edib.
Ərdoğan Ermənistanı Türkiyə ilə bağlı yalan və dezinformasiya yaymaqdan çəkinməyə çağırıb. “İşğalçılar Azərbaycan torpaqlarını tərk etməlidirlər. Nizamlama zamanı gəlib çatıb”, – dövlət başçısı deyib.
Türkiyə prezidenti bunun ardınca vurğulayıb ki, Dağlıq Qarabağın işğalını görməzdən gələn ölkələr ikiüzlüdür.
Dövlət başçısı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqelərini tənqid edib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq 30 ildir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasını iqnor edir. Bugünkü hadisələr də elə bunun nəticəsidir. Həmsədrlərin atəşin dayandırılması ilə bağlı çağırışı qəbuledilməzdir. Problemin həlli Ermənistan SQ-in Azərbaycan ərazilərindən çıxarılması ilə gələcək. Azərbaycanın bir milyondan çox qaçqını və məcburi köçkünü öz doğma torpaqlarına qayıtmalıdır. Amma heç kim [vasitəçilərdən] buna şərait yaratmır. Əvvəlcə bu məsələni qaldırın! Biz bu məsələləri cənab Putinlə və cənab Makronla müzakirə etmişik. Bu haqda çox deyilib, amma nəticə yoxdur. Bizim Azərbaycandakı qardaşlarımız bugün özləri öz problemlərini həll etməyə məcburdurlar. Bizim üçün işğal faktını görməzdən gələn ölkələrin çaırışları önəmli deyil”, – prezident sözünə davam edib.
Türkiyə lideri Ermənistanın timsalında “quldur dövləti” dəstəkləyən ölkələrə xəbərdarlıq edib ki, onlar ümumi bəşər vicdanı qarşısında məsuliyyət daşıyırlar – “Anadolu” agentliyi məlumat verib.
Prezident Ərdoğan Ermənistanın baş nazirinin Türkiyəni “Dağlıq Qarabağdakı vəziyyətə müdaxilə etməməyə” çağırışını da şərh edib.
“Ankara Nikol Paşinyana hesabat verməyə borclu deyil. Biz öz qərarlarımızı özümüz qəbul edirik”, – o vurğulayıb.