50-yə yaxın rusiyalı bayker Gürcüstana girə bilmədi. Onları Gürcüstan sərhədçiləri ölkəyə buraxmadı. Baykerlər Gürcüstan ərazisinə gecəyarı keçməyə çalışdılar. Amma sərhədçilər onların pasportlarında “ləğv edilir” ştampı qoydular.
Gürcüstanın daxili işlər nazirinin müavini Şalva Xutsiaşvili izah edib ki, sərhədçilərin xarici vətəndaşı ölkəyə buraxıb-buraxmamaqla bağlı müstəqil şəkildə qərar vermək hüququ var. “Onların səfərin məqsədi barədə sual vermək, əlavə məlumat tələb etmək, bundan çıxış edərək müvafiq qərar qəbul etmək hüququ var”, – Xutsiaşvili bildirib.
Məlumatı baykerlərin özləri də təsdiq ediblər. “Rusiya-Gürcüstan gənclər birliyi”nin rəhbəri İrakli Kipiani baykerlərdən birinin içində Gürcüstana girişi qadağa edən ştamp olan pasportunun fotoşəkilini dərc edib. Bəzi baykerlər sosial şəbəkələrdə yazıblar ki, onlarda olan məlumata görə, mayın axırlarına qədər rusiyalı motosikletçilərə Gürcüstana yol bağlıdır.
“İndi sərhəddə duran hər kəs Vladikavkaza qayıtsın”, – baykerlərdən biri Dmitri Xripkov yazıb.
“Kreml motosikletçilərini Gürcüstana buraxmayaq”, – Gürcüstanda artıq bir neçə gündür ki, bu tələbin altında imza toplanır.
Rusiyalı “Gecə canavarları” bayker qruplaşması Kreml tərəfindən dəstəklənir. Həm də onların lideri Aleksandr Zaldostanov dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə birlikdə publika qarşısına çıxıb. Klubun üzvləri mayın 9-da Gürcüstana faşizm üzərində qələbəni qeyd etmək üçün gəlməyi planlaşdırırdılar. “Gecə canavarları”nın müxtəlif ölkələrə səfərləri də əksər vaxtlarda problemlərlə bitir. Baykerlər postsovet ölkələrində daha çox Rusiya imperializmi və sovet işğalının simvolu kimi qəbul edilən “Georgi lentləri” ilə səfərə çıxırlar.