“Ən çox qorxu yadda qalıb” – Azərbaycanda müharibənin ildönümü xatırlanır
“Trayektoriya” layihəsi Qarabağ münaqişəsinin hər iki tərəfindən olan insanlara ikinci Qarabağ müharibəsinin başlandığı 2020-ci il sentyabrın 27-i bazar gününün onların yaddaşında necə qaldığı haqda danışmağı təklif edib.
Bu məqalədə Azərbaycandan üç hekayə yer alıb. “Trayektoriya”da Ermənistan tərəfindən də hekayələr dərc olunub.
2020-ci ildə Qarabağ ərazisində ikinci Qarabağ müharibəsi adını almış genişmiqyaslı hərbi əməliyyatlar ölkə vətəndaşlarının çoxu üçün tam gözlənilməz oldu. Daha doğrusu, hərbi əməliyyatların özü yox, miqyası və davamlılığı.
Sadə dinc insanlar müharibənin ilk gününü necə yadda saxlayıblar? Onlar daha çox çaşqınlıq və qorxu haqda danışırlar.
Elmira Rəsulova, təqaüdçü:
“Təəccüblüdür ki, radioda Stalinin ölüm xəbərinin verildiyi günü bütün təfərrüatları ilə xatırlayıram, baxmayaraq ki, lap uşaq idim və üzərindən altmış ildən çox keçib. Amma cəmi bir il əvvəl baş verən hadisələr haqda xatirələr qırıq-qırıqdır.
Yadımdadır ki, 2020-ci il sentyabrın 27-də mağazada artıq görüb, bəyəndiyim yeni pərdəni almağa getməli idim. Amma səhər müharibənin başlandığı elan olunanda, artıq o hayda deyildim.
Mən doqquzmərtəbəli binaların əhatə etdiyi həyətdə yaşayıram, həmişə qonşular orada toplanır, əlbəttə ki, həmin səhər onların arasında çaşqınlıq və təşviş hökm sürürdü. Çağırışçı yaşında oğlanları olanlar xüsusilə qorxmuşdular. Mən isə bir yandan sevinirdim ki, ancaq qızım var, bir yandan da bir daha onu görə bilməməkdən qorxurdum – hər şey baş verə bilərdi, bir yandan da koronavirus, sərhədlər də bağlıdır, hər şey üst-üstə gəlib. Cəbhəyə aparılan uşaqlara görə də ürəyim çox ağrıyırdı. Cavan uşaqlar, onlar da kiminsə övladıdı.
Bir də sonradan baş verən hansısa epizodlar yaddaşımda qalıb, amma həmin dövrün hadisələri sanki bir uzun gündə birləşib. Məsələn, yadımdadır ki, həyətdə taksi dayandı, içindən cavan qadın düşdü, iki uşağı ilə, böyük çamadanları vardı, bir də qəfəsdə sarı bülbülləri. Tərtərdən olduğunu dedi, əri hərbçiymiş və onları Bakıya qohumlarının evinə göndərib. Hamı onların ətrafına toplaşdı, başladılar sorğu-sual etməyə, orda vəziyyət necədir filan.
Yeni pərdəni isə hələ də almamışam və almağa ürək eləmirəm. Hansısa mövhumatçı qorxu üzündən. Elə bilirəm ki, mağazaya getməyə niyyətlənsəm, yenə müharibə başlayacaq”.
İradə Tağıyeva, müəllimə:
“Bundan iki gün öncə biz dostlarla dağlara istirahətə getmişdik. Gsəfər idi, sevinc, rahatlıq və işıq dolu. Sentyabrın 27-də Bakıya qayıtdığımız zaman isə biz bu qısa, amma möhtəşəm tətilin ləzzətini bacardığımız qədər uzatmağa çalışırdıq. Yolda dayanıb, qutab yedik, yola davam etmək üçün maşına oturanda isə hamımız telefonlarımızı xatırladıq, sosial şəbəkələrə və sairə girdik və internetin olmadığının fərqinə vardıq. O an anladıq ki, nəsə olub, pis bir şey.
Amma nə? Müasir insan məlumatı internetdən almağa alışıb, o da ki yoxdu. Biz isə hələ yolda idik… Daha bir saat tam qeyri-müəyyənlik içində yolumuza davam etdik, bax bu halımız ən çox yadımda qalıb. Hətta unutmuşduq ki, sadəcə kiməsə zəng eləmək və kimdənsə nə baş verdiyini soruşmaq olar. Amma nəticədə “kimsə” özü bizə zəng vurdu – artıq yadımda deyil məhz kim və dostlardan kimə – xəbər verdi ki, müharibə başlayıb.
Gözəl əhvalımız, bütün səfər təəssüratları və xoş hisslər dərhal yox oldu. Biz Bakıya yaxınlaşırdıq və ancaq ərazisində müharibə gedən bir ölkədə olduğumuzu düşünürdük, müharibənin nə qədər davam edəcəyi, ümumiyyətlə bundan sonra nələr olacağı və nə etməli olduğumuz məlum deyildi.
Müharibənin mümkün olduğu haqda söhbətlər çoxdan gedirdi. Bu, bizim üçün gözlənilməz olmamalı idi. Amma yenə də elə hiss vardı ki, sanki zaman geriyə axmağa başlayıb və İkinci Dünya Müharibəsi başlayıb.
Şəhərə çatandan sonra baş verənləri isə mən tamam unutmuşam. Yaddaşımda ancaq yol qazınıb, qeyri-müəyyənliyə doğru irəliləməyimiz və bu qeyri-müəyyənlik qarşısında böyüyən qorxu”.
Riyad Səmədov, auditor:
“Təxminən sentyabrın 17-dən mən bir növ depressiyadaydım: sosial şəbəkələrə girmirdim, gündəliyə qeydlər etmirdim. Bu fonda dostlarım və tanışlarım yaxşı şərabla çoxdan vəd olunmuş qonaqlığı xatırlatdılar.
Və biz sentyabrın 26-da axşam süfrə arxasına toplaşdır. Söhbətləşdik və çoxlu içdik. Dostlar tezliklə müharibə başlayacağı haqda danışmağa başladılar, mən isə buna inanmaq istəmirdim və onlarla müqayisə edir, arqumentlər gətirirdim. Gecəyarısına yaxın elə bu notlarda dağılışdıq.
Səhər yuxudan oyananda isə telefonu əlimə aldım, müharibə başladığını öyrəndim (evimizdə internet hələ də işləyirdi, amma bir neçə dəqiqə sonra kəsildi). 2016-cı ilin aprelindəki kimi olacağını düşünmək istəyirdim. Amma prezidentin çıxışından sonra (artıq bəlli olanda ki, 2016-cı ildəki kimi olmayacaq) mənə nəsə bir keyimə gəldi. Qorxurdum ki, qardaşımı çağıracaqlar.
27 və 28 sentyabrda biz hər dəqiqə hərbi komissarlıqdan zəng gözləyirdik. Bu iki günü mən evdə keçirdim və hər zəngdə telefona yaxınlaşırdım. 28-i axşam mağazaya getdim, elə həmin vaxt zəng gəlib. Dəstəyi anam götürüb. Qardaşımı sentyabrın 29-u səhər üçün çağırıblar. O, evə üç aydan sonra qayıtdı, dekabrın 31-də”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.