Əliyev və Putin görüşü: 6 “yol xəritəsi” imzalanıb
Paylaşmaq
Paylaşmaq
İlham Əliyev və Vladimir Putin sentyabrın 1-də Rusiyanın Soçi şəhərində görüşüblər. İmzalanan sənədlər arasında 2024-cü ilə qədər əəməkdaşlıq proqramı və ən müxtəlif istiqamətlərdə altı “yol xəritəsi” də var.
“Yol xəritələri” ticarətin böyüdülməsi və qarşılıqlı sərmayəni, nəqliyyat marşrutlarının yaradılmasını, müxtəlif sahələrdə humanitar əlaqələrin genişləndirilməsini, o cümlədən də mədəniyyət və turizm sahəsində mübadiləni, həmçinin neft sektorunda əməkdaşlığı nəzərdə tutur.
Prezident Vladimir Putin mətbuat üçün çıxışında Azərbaycan bazarında çalışan Rusiya şirkətlərini sadalayıb, onların Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayənin həcmini açıqlayıb. O, böyük hissəsi Rusiya və Azərbaycan ərazisindən keçən “Şimal-Cənib” nəqliyyat dəhlizini xatırladıb.
Prezident İlham Əliyev isə öz çıxışında bildirib ki, Azərbaycan Ermənistanla Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması üçün Rusiyanın köməyinə ümid etdir. Vladimir Putin cavabında əmin edib ki, Rusiya Minsk Qrupunun həmsədrlərindən biri kimi münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edəcək.
İlham Əliyev həmçinin xatırladıb ki, Azərbaycan artıq Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsul alıb və bu sahədə əməkdaşlıq davam edir.
Ümumilikdə iki prezidentin görüşünün leytmotivi Azərbaycan və Rusiya arasında dostluğun və qarşılıqlı rəğbətin bir daha vurğulanması olub.