Əfv fərmanı imzalandı: azad edilənlər arasında siyasi məhbuslar da var
Əfv olunanlar arasında siyasi məhbus kimi tanınan ictimai və siyasi fəallar Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, keçmiş səhiyyə naziri Əli İnsanov və digərləri də var.
Beynəlxalq hüquq müdafiə təşkilatları onları saxta ittihamlarla həbs olunan siyasi və vicdan məhbusu hesab edirdi.
• Qiyas İbrahimov və Bayram Məmmədovun həbsi haqda anaları danışır
• Siyasi məhbusların Azərbaycan məhbəslərindəki güzəranı haqda
Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv fərmanı ümumilikdə 400 nəfəri əhatə edib.
Qiyas İbrahimov və Bayram Məmmədov – gənc fəallar Heydər Əliyevin heykəlinin postamentində hökumətə qarşı şüar yazandan sonra narkotik alveri ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər;
Gözəl Bayramlı – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini qaçaqmalçılıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib;
Fuad Qəhrəmanlı – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini dövlət əleyhinə çağırışlaretməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib;
İlkin Rüstəmzadə – NİDA ictimai hərəkatının fəalı, “Əsgər ölümünə yox!” aksiyalarının təşkilatçısı, xuliqanlıq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib;
Əli İnsanov – keçmiş səhiyyə naziri, dövlət çevrilişinə cəhd ittihamı ilə on bir il müddətinə azadlıqdan məhrum edilib, cəzası başa çatana az qalmış həbsxana şəraitində qadağan olunmuş preparatlar saxlamaq ittihamı ilə məhkumluğu 7 il uzadılıb.
Hakimiyyət ölkədə siyasi məhbusların olduğunu inkar etsə də, hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, onların sayı 125 nəfər idi. Hazırkı əfv fərmanı ilə bu siyahıya daxil olan 50 nəfərə yaxın məhbus azad edilib. Amma hələ də onlarla siyasi məhbus həbsdə qalır. 2018-ci ildə sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlı da var.