Jurnalist Əfqan Muxtarlının AİHM-də Gürcüstan və Azərbaycana qarşı qaldırdığı iddia təmin olunub
Əfqan Muxtarlının işi
Azərbaycanlı jurnalist Əfqan Muxtarlının Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Gürcüstan və Azərbaycana qarşı qaldırdığı iddia təmin olunub. Hər iki dövlət ona ümumilikdə 21 min avro ödəməyə borcludur.
● Məhkəmə müəyyən edib ki, Gürcüstan Muxtarlının oğurlanması, qeyri-adekvat rəftara məruz qalması və qanunsuz olaraq Azərbaycan hakimiyyətinə təhvil verilməsilə bağlı səmərəli araşdırma aparmayaraq Konvensiyanın 3-cü (işgəncənin qadağan olması) və 5-ci (azadlıq və şəxsi təhlükəsizlik hüququ) maddələrini pozub.
● Bununla belə, məhkəmənin qərarına əsasən, Gürcüstan Konvensiyanın 3 və 5-ci maddələrini (qeyri-adekvat rəftar və həbslə bağlı) mahiyyətcə pozmayıb.
● AİHM-in qərarına əsasən, Azərbaycan tərəfindən Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 8-ci maddəsinin (şəxsi və ailə həyatına hörmət hüququ) pozulmasını müəyyən edib. Bununla belə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulması müəyyən edilməyib.
● Məhkəmə Azərbaycan tərəfindən Konvensiyanın 5(3) maddəsinin (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulduğunu müəyyən edib ki, ona müvafiq olaraq saxlanılmış və ya həbs edilmiş şəxs dərhal hakimin və ya qanuna əsasən məhkəmə səlahiyyəti olan digər vəzifəli şəxsin qarşısına çıxarılır və ağlabatan müddətdə məhkəmə araşdırması və ya məhkəmə baxışına qədər azad edilmək hüququna malikdir. Eləcə də 8-ci maddənin (şəxsi və ailə həyatına hörmət hüququ) pozulduğu təsbit olunub.
Qərara əsasən, Əfqan Muxtarlıya mənəvi zərərə görə Gürcüstan hökuməti 10 min, Azərbaycan hökuməti isə 6 min avro, bundan əlavə, xərc və məsrəflərə görə Gürcüstan və Azərbaycan hökumətləri hər biri 2500 avro ödəməlidir.
Əfqan Muxtarlı: “Oğurlanmağımda Bidzina İvanişvilinin əli var”
“İvanişvilinin [Gürcüstanın kölgə hökmdarı olan oliqarx] hakimiyyətdə olduğu müddətdə bu işin araşdırılacağına inanmıram, çünki İvanişvilinin mənim oğurlanmağımda əli var.
Bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin hazırda həbsdə olan yüksək rütbəli zabiti açıq şəkildə deyib. O bildirib ki, əmr İvanişvilidən gəlib. Amma seçkilərdən sonra Gürcüstanda demokratik hakimiyyət yarananda bu iş mütləq araşdırılacaq.
Məndən başqa daha iki rusiyalı müxalifətçi Tbilisinin mərkəzindən oğurlanıb və hazırda Rusiya həbsxanasındadır. Sonra bir azərbaycanlı jurnalist də oldu, Səidoğlu.
Bu, İvanişvilinin əmri olmadan təsadüfən baş verə bilməzdi.
Məni oğurlayan üç adamdan birini tanıdıqdan sonra il yarım əvvəl prokurorluqla əlaqə saxlayıb onun şəxsiyyətini desəm də, istintaq obyektiv həqiqəti üzə çıxarmaq üçün heç bir addım atmadı.
Prokurorluq zənglərə belə cavab vermir: istintaq hansı mərhələdədir və nə müəyyənləşib. Bu onu təsdiqləyir ki, sistem bu işin araşdırılmasında maraqlı deyil, çünki onların özləri adam oğurluğunda iştirak ediblər”, – Əfqan Muxtarlı Gürcüstanın “Pirveli” telekanalına müsahibəsində bildirib.
Əfqan Muxtarlının işi
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı 2014-cü ildə Gürcüstana köçüb. O, Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidi və ifşaedici yazıları ilə tanınır. O, vətənində təqiblərə məruz qaldığı üçün Gürcüstana sığınmışdı.
2017-ci il mayın 29-da, sözün əsl mənasında, günün günorta çağı Muxtarlı Tbilisinin mərkəzində başına torba keçirilərək oğurlanıb.
Ertəsi gün, mayın 30-da Muxtarlının Azərbaycanda həbsxanada olduğu müəyyənləşib. Məhkəmə onu sərhədi qanunsuz keçmə, qaçaqmalçılıq və hökumət təmsilçisinə tabe olmamaqda ittiham edərək 6 il müddətinə azadlıqdan məhrum edib.
Üç il həbsdən sonra, 2020-ci il martın 17-də Muxtarlı qəfildən azad edilərək, həyat yoldaşı və qızlarının 2019-cu ildən yaşadığı Almaniyaya xüsusi təyyarə ilə göndərilib.
Muxtarlının başına gələnlərdən 7 il keçsə də, onun Gürcüstanda oğurlanması işi hələ də araşdırılmayıb. Gürcüstan Prokurorluğunda fakla bağlı 143-cü maddənin birinci hissəsi (azadlığın qanunsuz olaraq məhdudlaşdırılması) ilə rəsmi istintaq başladılıb.