Mark Zükerberq rusdilli "internet trollarına" müharibə elan edib " />

Azərbaycanlı istifadəçilər Facebook-un “qara siyahısına” düşüb

Mark Zükerberq rusdilli "internet trollarına" müharibə elan edib

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-da Rusiyanın daha çox “trol fabriki” kimi tanınan “İnternet Araşdırmalar Agentliyi (IRA) ilə əməkdaşlıqda şübhəli bilinən istifadəçilərin səhifələri və akkauntları bloklanıb. Bu haqda Facebook-un baş icraçı direktoru Mark Zükerberq Reuters agentliyinə bildirib.

Zükerberqin sözlərinə görə, İnternet Araşdırmalar Agentliyi ABŞ-da keçirilən 2016-cı il seçkilərinə müdaxilə etmək, Azərbaycan, Ukrayna və Özbəkistanın rusdilli sakinlərinə hədəflənən informasiya ilə manipulyasiya etmək üçün “yüzlərlə feyk akkauntdan” ibarət şəbəkə yaradıb.

Zükerberq bu kompaniya ilə bağlı olaraq 273 rusdilli səhifə və akkauntu silib. Çərşənbə axşamı, aprelin 3-də Facebook artıq “trol fabrikinin” rusdilli akkauntlarını silməyə başlayıb.

“Bu Rusiya agentliyi dəfələrlə yalana əl ataraq ABŞ, Avropa və Rusiyada insanları manipulyasiya etməyə çalışıb, biz də onu dünyanın heç bir yerində Facebook-da görmək istəmirik”, – Zükerberq öz səhifəsində yazıb.

Yaxın həftələrdə Facebook istifadəçilərin gizlin şəkildə IRA tərəfindən idarə olunan akkaunt və ya səhifələrə abunə olub-olmadıqlarını yoxlaya biləcəkləri yeniləmə buraxacaq. Zükerberq bildirir ki, bu tədbir bütün dünyada seçki prosesinin toxunulmazlığını qorunmağa istiqamətlənib.

Aprelin 10-da Zükerberq ABŞ Konqresində çıxış edərək trollarla mübarizə tədbirləri haqda ətraflı danışacaq.

Facebook-un hesabatına əsasən, bütün dünya üzrə silinmiş akkauntların sayı milyona yaxın olub, onlardan 29 mini Azərbaycana aiddir. Bundan başqa, Facebook Azərbaycanın özündə də bir sıra trol akkauntunu silib və ya bloklayıb. Amma bu sosial şəbəkədəki profilləri bloklanan istifadəçilərin bəziləri bildirir ki, “trol fabrikinə” heç bir aidiyyatlatı yoxdur, heç olmayıb da. Bununla belə Facebook onların şikayət və müraciətlərinə heç cür reaksiya vermir.


More on JAMnews