Nəyə daha artıq pul ödəmək lazım olacaq və iki “neft” milyardı kimə çatacaq " />

Azərbaycanda dövlət büdcəsinə yenidən niyə baxıldı və nə dəyişdi?

Nəyə daha artıq pul ödəmək lazım olacaq və iki “neft” milyardı kimə çatacaq

Azərbaycan parlamenti tətilə çıxmadan öncə, yaz sesiyasının son iclasında büdcəyə bəzi dəyişiklikləri qəbul etdi, iyunun son iki günündə isə prezident onları təsdiqlədi. Dövlət büdcəsi bir ilə planlaşdırılır, ancaq yarım il keçməmiş deputatlar sənəddə bəzi korrektələr etmək qərarına gəldilər. Konkret olaraq nə dəyişmişdi və ehtiyac nədən doğurdu? Aydınlaşdırmağa çalışaq.

Ümumiləşdirsək, neftin qiyməti qalxıb, Azərbaycan büdcəsində pul çoxalıb və məmurlar bu vəsaiti “yerləşdirməlidirlər”. Yəni xərclərin maddələrinə uyğun olaraq.

İlin ortasında büdcəyə yenidən baxılması adi haldırmı? Xeyr, bu, yalnız o hallarda edilir ki, iqtisadiyyatda ciddi dəyişikliklər olur. Gəlirlərin artımı zamanı adətən büdcə deyil, onun maddələri yenidən baxılır. Misal üçün, əlavə gəlirləri (büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulmuşdu, indi isə köçürmələr 55 dollara əsasən edilir) sosial fonda və ya başqa bir yerə yönəltmək olardı, büdcəyə yenidən baxmağa ehtiyac yox idi.

Əlavə olunmalıdır ki, iri maliyyə sənədinə yenidən baxılma inflyasiyanı səbəbləndirə bilər, xərclərdə anlaşılmazlıqlar yaranar, makroiqtisadi göstəricilər dəyişər və investorlarda şübhələr oyanar. Başqa sözlə, məsələn, vergi göstəricilərinin dəyişildiyi ölkəyə vəsait yatırmağın mənası yoxdur.

Maliyyə Nazirliyi dəyişikliyi onunla izah edir ki, təsdiqlənmiş proqnozun əksinə olaraq xərclər və gəlirlərdə uyğunsuzluq yarana bilər. Bu anlaşılmazlığın niyə yarana biləcəyi aydın deyil (əlavə gəlirlər onsuz da “gələcək nəsillər üçün” Dövlət Neft Fondunda toplanır).

Azərbaycan nefti nə vaxt tükənəcək?

Ağ qızıl sahəsində doğulan hekayələr: pambıq Azərbaycan iqtisaiyyatını xilas edəcəkmi?

Daha nə? Gəlirlər

Gəlirlərin cəmi 9,9%, yaxud 1,9 milyard manat (0,6 milyard dollar – red.qeydi) artacaq. Bu arada artımın maraqlı strukturu var. Yeni büdcəyə əsasən, Vergilər Nazirliyindən ilin əvvəlində planlaşdırıldığından 6,7% və ya 0,5 milyard manat az vergi toplamaq tələb olunur. Maraqlıdır ki, ilin ilk yarısında planlaşdırıldığından, hətta 2017-ci ildən daha çox vergi toplanıb. Yalnız ƏDV üzrə kəsir qalıb – planlaşdırıldığından üçdəbir qədər az. Bu o deməkdir ki, əhali az pul xərcləyib (ən azı ölkə daxilində). Ancaq aydın deyil, nə səbəbdən digər vergi ödəmələrində, məsələn aksiz vergisində azalma müşahidə olunmayıb? Digər tərəfdən, ən çox “toplanan” hüquqi şəxslərin gəlir vergisi üzrə proqnoz aşağı endirilib.

Gəlirlərin artımı proqnozlaşdırılır:

  • Ölkəyə gətirilən mallara olan ƏDV-yə əsasən;
  • Gömrükdə ilkin planla müqayisədə 38% çox rüsum toplanmalıdır;
  • Daxili rüsumlara əsasən.

Neftdən asılılıq necə oldu?

Hesablama Palatasının açıqlamasında deyilir ki, büdcənin formalaşmasında bu dəfə hökumətin öyündüyü qeyri-neft komponenti azalacaq, neft-qaz sektorundan asılılıq isə artacaq. Büdcənin yenilənmiş variantinda neft sektorundan gəlirlər 20,3% artacaq.

Bizim üçün nə dəyişdi?

Parlament büdcə ilə yanaşı Dövlət rüsumu haqqında qanuna da dəyişiklik etdi. Vergilər Nazirliyi xətti ilə “artıq” 30 milyon manatın elə əldə edilməsi planlaşdırılır:

  • Daşınmaz əmlak almaq üçün alıcı əvvəl olduğu kimi Bakıda 200, regionlarda 80 manat deyil, Bakıda 250, Sumqayıt, Gəncə və Abşeron rayonunda 175, digər şəhər və kəndlərdə isə 125 manat ödəyəcək;
  • Salondan deyil, sahibindən minik avtomobili alarkən mühərrikinin həcmindən asılı olaraq 100-1500 manat ödənəcək. Əvvəl bu rüsum 10 manat idi. Əgər avtomobilin yaşı 4 ildən yuxarıdırsa, rüsumun 0,3-0,8 faizi ödənəcək;
  • Əgər Dubaydan mobil telefon alınacaqsa, İMEİ-kodun qeydiyyatı haqqı ilə yanaşı dövlət rüsumu da ödənəcək. Əgər telefonun foto-video funksiyası yoxdursa, bu, 20 manat edəcək. Əgər varsa, rüsum telefonun “bazar qiyməti”ndən asılı olacaq. 100 dollaradək 30 manat, 1000 dollardan bahadırsa, 150 manat (telefon iki simkartlıdırsa, tarif ikiqat olacaq);
  • Dəyişikliklər ən çox avtomobil sahiblərinə toxunur. Sürücülük vəsiqəsi almaq üçün 18 deyil, 25 manat ödəmək lazım olacaq. Avtomobil nömrəsi üçün əvvəlki kimi 22 deyil, 35 manat. Əgər tutaq ki, BB-005 kimi əvvəllər 500-2500 manat olan “prestijli” nömrə almaq istəyirsinizsə, auksionda iştirak etməlisiniz.

Mobil qurğulara dövlət rüsumu ilə yanaşı, siqaret və spirtli içkilərin aksiz markasına da yeni rüsum tətbiq olunacaq. Ölkəyə rüsumsuz 1,5 litr spirtli içki və 200 siqaret gətirmək mümkün olacaq (əvvəllər 3 litr və 600 ədəd idi).

Bəs xərclər?

Neft qiymətinə görə əmələ gəlmiş artıq pullar necə xərclənəcək? Əvvəl baxaq hansı maddələr dəyişməz qalıb: “səhiyyə”, “mənzil və kommunal təsərrüfat”, “yanacaq və energetika”, “nəqliyyat və rabitə”. Nəqliyyatla hər şey aydındır – vəsait çatışmazlığı problemini qiymətləri qaldırmaqla həll etdilər.

“İqtisadi fəaliyyət” maddəsində ciddi artım var – 446%. “Sənaye və faydalı qazıntılar” 5% artıb, ancaq iriliyinə gör ikincidir – 270 milyon manat. Kənd təsərrüfatına əvvəlkindən 15% çox, əlavə 99 milyon manat xərclənəcək. Digər maddələr – “müdafiə”, “sosial müdafiə”, “təhsil”, “mədəniyyət və incəsənət”ə 2-7% əlavə vəsait xərclənəcək.

Əlavə 2 milyard manatın konkret nəyə xərclənəcəyini diaqramdan bilmək olar.

Benefisiar kim olacaq, yəni pulları kim alacaq?

Diaqramdan göründüyü kimi, 2 milyardın böyük hissəsi qeyri-maddi aktivlərin alınmasına yönələcək. Pullar dövlət şirkətlərinin nizamnamə kapitalına köçürüləcək, onlar isə bunu ya kreditlərin alınmasına sərf edəcəklər, yaxud müəyyən şərtlərlə xərcləyə biləcəklər.

Ən çox SOCAR-a çatacaq – 963,2 milyon manat. Vəsait Umid, Qarabağ, Babək yataqlarındakı qazma işlərinə və ixrac edilən qaz üzrə SOCAR-ın itkilərinin qapanmasına xərclənəcək. Bu qaz elektrik enerjisinin istehsalı üçün müqavilə qiymətindən aşağı həddə “Azrenerji”yə verilir. İyul blekautu zamanı dövlətə ziyan vurmuş “Azərenerji” isə 81,4 milyon manat alacaq və bu vəsaiti Səngəçaldakı ikinci elektrik stansiyası üçün fin şirkətindən alınmış avadanlıq pulunu ödəyəcək.

Büdcədən dotasiya almaq üzrə ikinci yerdə “Azərbaycan Dəmir Yolları” QSC gəlir. Qurum Bakı-Böyük Kəsik xətti üzrə siqnal sisteminin yenidənqurulmasına 100 milyon manat alacaq.

Nəhayət, Dövlət Turizm Agentliyi “mədəniyyət, incəsənət, bədən tərbiyyəsi və s.” madəsi üzrə xərclər üçün 20 milyon manat alacaq.


More on JAMnews