Parlamentdəki bəzi yerlər uğrunda namizədlər yenidən mübarizə aparacaqlar" />

Azərbaycanda dairələr üzrə seçki nəticələri ləğv olunmağa başlayıb. Bu nə deməkdir?

Parlamentdəki bəzi yerlər uğrunda namizədlər yenidən mübarizə aparacaqlar

Azərbaycanın Mərkəzi Seçki Komissiyası fevralın 13-də bəzi dairələrdə seçki nəticələrini ləğv etməyə başlayıb. Hazırda 4 dairədə (ümumilikdə onların sayı 125-dir) nəticələr ləğv olunub və bu proses davam edir. Belə bir şey Azərbaycanda ilk dəfədir ki, baş verir.

#Hamısınıləğvet

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə “Yeni Azərbaycan” iqtidar partiyası qələbə qazanaraq, parlamentdə 65 yerə sahib olub. Müxalif və müstəqil namizədlərin əksəriyyəti seçki nəticələrini tam saxtalaşdırılmış hesab edib.

Fevralın 10-da Avropa Şurası Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar səsvermə və səslərin sayılması prosesində çox sayda kobud pozuntuların olduğunu bildiriblər. Azərbaycan hakimiyyəti əvvəlcə bunu tam inkar edib. Sonra isə bəzi “prosedur” pozuntularının baş verdiyini etiraf edib və bildirib ki, bu hallar üzrə ciddi araşdırma aparılacaq.

Fevralın 10-da müxalif Respublikaçı Alternativ və “Müsavat” partiyaları fevralın 16-da etiraz aksiyası keçirəcəklərini elan ediblər.

Fevralın 11-də müstəqil namizədlərdən ibarət qrup Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirib və seçkilərdə baş verən saxtakarlığa etiraz edib. Polis aksiyanı sərt şəkildə dağıdıb.

Azərbaycanda parlament seçkiləri haqda hər şey bir dəqiqəlik videoda

Bakıda polis seçki saxtakarlığına qarşı keçirilən dinc etiraz aksiyasını dağıdıb – Video

Fevralın 13-də Mərkəzi Seçki Komissiyası dairələr üzrə səsvermə nəticələrini ləğv etməyə başlayıb.

Sosial şəbəkə istifadəçiləri #hamısınıləğvet heşteqli kampaniyaya başlayıb, ümumilikdə seçki nəticələrinin ləğv edilməsini tələb edirlər.

Seçkiqabağı kampaniya, seçkilər – hər şey yenidən

Ümumilikdə 125 dairə üzrə səsvermə keçirilib və onların hər birindən parlamentə bir deputat seçilib. Nəticələrin ləğv olunduğu dairələr üzrə təkrar seçkilər təyin olunacaq. Seçkidən sonrakı 20 gün ərzində Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil ola bilər, odur ki, nəticələrin ləğvi fevralın 29-a qədər davam edə bilər.

“Təkrar seçkilərin tarixini prezident müəyyən edəcək. Qanunla buna hüququ olan istənilən Azərbaycan vətəndaşı öz namizədliyini irəli sürə bilər. Bütün müvafiq prosedurlar 22 günlük seçkiqabağı kampaniya müddəti də daxil olmaqla 60 gün ərzində yenidən təkrarlanacaq”, – seçki üzrə ekspert, Demokratik Təşəbbüslər Mərkəzinin sədri Akif Qurbanov deyib.

Zəhər tuluğunda bir qaşıq bal

JAMnews-un siyasi şərhçisi Şahin Rzayev:

“Ölkə rəhbərliyi zəhər tuluğunu bir qaşıq balla şirinləşdirmək və reaksiyalara görə ən arzuolunmaz namizədlərin qələbə qazandığı ayrı-ayrı dairələrdə seçki nəticələrini ləğv etmək istəyir.

Bir neçə dairədə nəticələrin ləğv olunması ilə heç bir ciddi dəyişiklik baş verməyəcək. Bu, imici düzəltmək cəhdi və beynəlxalq təşkilatların, o cümlədən də Böyük Britaniya hökumətinin kəskin tənqidinə reaksiyadır. Parlamentə bir neçə “islahatçı” da keçəcək və növbəti seçkilərə qədər bu məsələ qapanacaq”.


More on JAMnews