100-dən çox siyasi məhbusdan cəmi 12 nəfər azadlığa çıxıb" />

Azərbaycanda “böyük əfv” məyusluq doğurub

100-dən çox siyasi məhbusdan cəmi 12 nəfər azadlığa çıxıb

Azərbaycan Xalq Cuhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş çoxdan gözlənilən “böyük əfv” cəmiyyətdə açıq məyusluq doğurub. Prezident Əliyevin 634 məhbusu əfv etməsinə baxmayaraq, 140-dan çox siyasi məhbusdan bu siyahıya cəmi 12 nəfər düşüb. Üstəlik, hüquq müdafiəçilərinin bildirdiyinə görə, əfvə düşən siyasi məhbuslardan çoxunun cəza müddəti onsuz da sona çatırdı.

Əfv olacağı haqda məlumat artıq ilin əvvəlində parlamentdə səslənmişdi, həm də bir neçə deputat – hakim partiyanın liderləri tərəfindən. Məsələn, “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Siyavuş Novruzov Qarabağda döyüşmüş məhbusları, “müxalifətin pis təsirinə düşmüş fəalları” azad etməyə çağırmışdı.

Tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirmişdi:

“Biz əminik ki, tezliklə Azərbaycanda bircə nəfər də olsun siyasi məhbus qalmayacaq”.

Amma əfv aşağıdakılara aid edilmədi:

  • Qarabağ müharibəsi veteranlarına, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçülərinə (dövlət çevrilişi cəhdinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər)
  • Müxalif “Respublika Alternativi” partiyasının lideri İlqar Məmmədova (kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib)
  • “heykəl məhbuslarına” – Heydər Əliyevin heykəlinə siyasi şüar yazan gənc fəallara. Qiyas İbrahimov və Bayram Məmmədov narkotik satışında ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum ediliblər
  • qaçaqmalçılıq və sərhədi qanunsuz keçməkdə ittiham olunaraq altı il cəza alan araşdırmaçı jurnalist Əfqan Muxtarlıya
  • qaçaqmalçılıq ittihamı ilə dörd il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlıya

Və insan haqları təşkilatları tərəfindən siyasi məhbus siyahısına daxil edilən bir sıra başqa tanınmış məhbuslara.

Əfv olunan siyasi məhbuslar sırasında əsasən Nardaran qəsəbəsində iğtişaş törətmək ittihamı ilə məhkum olunan dindar fəallar

və məktəblərdə hicaba qoyulan qadağaya etiraz edən “hicab məhbuslarıdır”.

Həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları – 2017-ci ilin mayından narkotik satışı ittihamı ilə  cəza çəkən Elnur Fərəcov və 2015-ci ilin dekabrında hədə-qorxu yoluyla pul tələb etmək ittihamı ilə cəza çəkən diabet xəstəsi şair Saday Şəkərli də azad olunanlar arasındadır.

Bir çox hüquq müdafiəçiləri əfv olunanların siyahısından məyus olduqlarını gizlətmirlər. Siyasi Məhbusların Müdafiəsi Mərkəzinin koordinatoru Oqtay Gülalıyev “Kavkazskiy uzel”in müxbirinə bildirib ki, “Bizim siyahımıza görə yüz əlli nəfərə yaxın siyasi məhbus hələ də həbsdə qalır”.

O əlavə edib ki, hakimiyyət siyasi məhbus probleminin həlli üçün iradə nümayiş etdirməyib.

“Növbədənkənar prezident seçkiləri zamanı bütün seçki kampaniyası dövründə “böyük əfv” hazırlığının getdiyi görüntüsü yaradıldı. Vaxtaşırı olaraq əfv komissiyasının iclasları olurdu, hakimiyyətin siyasi məhbus problemini kökündən, birdəfəlik həll edəcəyi haqda “sızıntılar” baş verirdi ki, beynəlxalq tənqidə son qoyulsun. Və budur, bu gün məlum olur ki, bütün bunlar yalan idi. Əfv olunan 12 siyasi məhbusdan dördünün cəza müddətinin bitməsinə cəmi bir həftə qalmışdı”, – “Kavkazskiy uzel” Gülalıyeva istinadən yazır.

Facebook Comments

More on JAMnews