Bloger Mehman Hüseynov Ali Məhkəməyə şikayət etməyə hazırlaşır, feminist Rəbiyyə Məmmədova isə təhqirdə ittiham olunur" />

Azərbaycanda bələdiyyə seçkilərinin nəticələri təsdiqlənib, müstəqil namizədlər isə nəticələrin saxtalaşdırıldığını sübut etməyə çalışır

Bloger Mehman Hüseynov Ali Məhkəməyə şikayət etməyə hazırlaşır, feminist Rəbiyyə Məmmədova isə təhqirdə ittiham olunur

Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub, bu günlərdə isə seçki nəticələri təsdiqlənib. Bəzi namizədlər bu nəticələrlə razı deyil, onlar hesab edirlər ki, seçkilər ədalətli keçməyib və bunu sübut etməyə çalışırlar. Məsələn, bloger və keçmiş siyasi məhbus Mehman Hüseynov və feminist Rəbiyyə Məmmədova.

Hazırkı bələdiyyə seçkiləri bütün əvvəlki analoji seçkilərdən fərqlənib, bu seçkilərdə bir neçə müstəqil və “qeyri-standart” namizəd – gender hərəkatının üzvləri və ictimai fəallar, müxalif gənclər və keçmiş siyasi məhbuslar iştirak edib.

Onlardan öz dairəsindən bələdiyyəyə yalnız gender fəalı Vəfa Nağı keçə bilib, bu da öz növbəsində sensasiya kimi qarşılanıb.

• Azərbaycanda 2019-cu il bələdiyyə seçkiləri necə keçib?

• Şərh: Azərbaycanda 2019-cu ilin 3 yaxşı və 3 pis xəbəri

• Abxaziya prezidenti istefaya getməyə razılıq verib

Mehman Hüseynov və iki rədd edilmiş şikayət

Seçki başa çatandan dərhal sonra jurnalistlərin çoxu və müstəqil müşahidəçilər pozuntular, “karusellər”, saxtakarlıqlar, o cümlədən də müstəqil namizədlərə göstərilən təzyiq haqda məlumat veriblər.

Bloger və keçmiş siyasi məhbus Mehman Hüseynov səsvermə nəticələrindən şikayət verməyə və öz dairəsində qələbə qazandığını sübut etməyə çalışıb.

Seçki Komissiyası bu dairənin iki məntəqəsində seçki nəticələrini ləğv edib, amma bu, seçkinin ümumi nəticələrinə təsir etməyib və Mehman yenə də bələdiyyəyə düşə bilməyib. Üstəlik onun özünü saxtakarlıqda günahlandırıblar.

Bu zaman o, apellyasiya məhkəməsinə üz tutub və bu dəfə də qərar onun xeyrinə olmayıb, seçki komissiyasının qərarı öz qüvvəsində saxlanılıb. İndi bloger Ali Məhkəməyə müraciət etməyi planlaşdırır – “Kavkazskiy uzel” saytı xəbər verib

“Əslində mən bələdiyyə üzvü olmaq üçün alışıb-yanmırdım, sadəcə vətəndaşları fəallaşdırmaq və hakimiyyətin həqiqətən də islahat aparmaq niyyətində olub-olmadığını yoxlamaq istəyirdim. Seçkilərin kobud və həyasızca saxtalaşdırılması göstərdi ki, islahatlar haqda bəyanlar boş sözdən başqa bir şey deyil”, – Hüseynov deyir.

Rəbiyyə Məmmədova və təhqir ittihamı

Gender fəalı Rəbiyyə Məmmədova da pozuntular haqda bildirib. O da heç bir nəticəyə nail ola bilməyib. Üstəlik onun özünə qarşı məhkəmədə təhqir iddiası qaldırıblar.

Rəbiyyənin sözlərinə görə, o, bir qrup qadından niyə müxtəlif məntəqələrə gedib, təkrar səs verdikləri ilə maraqlanıb. Qadınlar onun sualına məhəl qoymayanda Rəbiyyə onların arxasınca “Bunlar məntəqələri gəzib, bir neçə yerdə səs verir, saxtakarlar” deyib. Bu, qadınlardan birini hiddətləndirib və o, Rəbiyyənin üzr istəməsini və 1000 manat [600 dollara yaxın] kompensasiya ödəməsini tələb edir.

“Əgər bu qadın saxtakarlıq törətməyibsə, niyə bu sözləri öz üzərinə götürüb?” – Rəbiyyə Məmmədova sual edir.

Rəbiyyə Məmmədova (azadliq.org)

Məhkəmə iclası yanvarın 30-a təyin olunub.

Həm Mehman Hüseynov, həm də Rəbiyyə Məmmədova fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir.


More on JAMnews