Azərbaycanda 2018-ci ilin əsas yeddi hadisəsi
Növbədənkənar prezident seçkiləri
Prezident seçkiləri oktyabrda keçirilməli idi. Amma fevral ayında prezident İlham Əliyev konstitusiya hüququndan yararlanaraq növbədənkənar seçkiləri aprelə təyin etdi. Bu qərar yalnız müxalifət üçün deyil, iqtidar partiyasında da böyük əksəriyyət üçün gözlənilməz oldu.
• Azərbaycanda keçiriləcək prezident seçkilərində kim var, kim yox?
• Gürcüstanda seçkilər neçəyə başa gələcək?
Analitiklər bu qərarın müxtəlif səbəblərini sadalayırdılar: Azərbaycandakı seçkiləri Rusiya və Ermənistanda keçirilən seçkilərlə “sinxronlaşdırmaq” istəyi; Qarabağ danışıqlarında hazırlanan güzəştlər (əgər belə bir şey var idisə də, artıq bu haqda heç kim bilməyəcək, çünki bu müddət ərzində Ermənistanda hakimiyyət dəyişdi); gözlənilən qiymət artımı və digər qeyri-populyar qərarlar (nəticədə yalnız ictimai nəqliyyat xərci artırıldı) və sairə.
Seçkilər gözlənildiyi kimi, indən belə daha yeddi il hakimiyyətdə qalacaq hazırkı prezidentin inamlı qələbəsi ilə sona çatdı.
Müxalifət seçkiləri boykot etdi, ATƏT-i təmsil edən beynəlxalq müşahidəçilər isə bütün prosesi tənqidə məruz qoydu.
Gəncədə iğtişaşlar
İyulun 3-də Azərbaycanın böyüklüyünə görə ikinci şəhərinin İcra Hakimiyyəti başçısı və onun mühafizəçisi terror aktı qurbanı oldu. Hər ikisi sağdır, onları güllələyən Yunis Səfərov dərhal həbs olunub və dini ekstremizmdə ittiham edilir (məhkəmə hələ başlamayıb).
Amma əsl şok bir həftə sonra, iyulun 10-da baş verdi. Gəncə başçısı şəhərdə populyar biri deyildi və qısa müddətdə ikinci versiya ortaya çıxdı, deyilənlərə görə, sui-qəsd məişət zəminində baş vermişdi.
Bir həftə sonra bir qrup gəncəli şəhərin mərkəzi meydanına çıxaraq Səfərovun azad olunmasını tələb etdi. Polis həmişəki kimi kor-təbii mitinqi dağıtmağa başladı, amma qarışıqlıqda iki polis zabiti bıçaqlanaraq öldürüldü. Əsas versiya dini ekstrimizm və islamın müxtəlif cərəyanları arasındakı münaqişə oldu. Prezident İlham Əliyev bəyan etdi ki, bu əməllərin dinə heç bir aidiyyatı yoxdur və hadisələr Azərbaycandan kənarda ölkədəki vəziyyətin destabilləşdirilməsi məqsədilə idarə olunub.
İyulun 10-dan sonra hüquq-mühafizə orqanları bir sıra anti-terror əməliyyatı həyata keçirdi, nəticədə bir neçə nəfər öldürüldü, ondan çox adam isə həbs olundu. Araşdırma və istintaq davam edir.
Gəncədə həqiqətdə nə baş verdiyi haqda yalnız ehtimallar irəli sürmək olar.
Mingəçevir istilik elektrik stansiyasında qəza
İyulun 4-də Azərbaycanın böyük hissəsi qaranlığa qərq oldu. Ölkənin ən iri elektrik stansiyasında qəza baş verdi, ehtiyat mənbələr də əlavə yüklənməyə tab gətirmədi və sıradan çıxdı. Enerji kollapsı fasilələrlə demək olar ki, üç gün davam etdi, bir neçə dəfə vaqonlar metropoliten tunellərində ilişib qaldı. Əhali “bləkaut” əcnəbi sözü ilə tanış oldu.
• Azərbaycanda blackout: niyə belə oldu, günahkar kimdir və necə cəzalandırılacaq?
• Azərbaycanda enerji apokalipsisi foto, hekayə və şərhlərdə
Qəza ilə bağlı müxtəlif versiyalar səsləndi. Hökumətin fövqəladə iclasında prezident məmurları səhlənkarlıqda ittiham etdi, az sonra “Azərenerji” rəhbəri işdən azad olundu.
Konspiroloji nəzəriyyəsiz də ötüşmədi – qəza Gəncə iğtişaşları ilə üst-üstə düşmüşdü, bu da xarici qüvvələrin “Azərbaycanda vəziyyəti destabilləşdirmək məqsədi” kimi versiyanın ortaya çıxmasına səbəb oldu.
Mingəçevir istilik elektrik stansiyasının işi hələ də bərpa olunmayıb. Azərbaycanın enerji naziri Pərviz Şahbazov dekabrın 13-də “TV Real”a bildirib ki, “diaqnostika üzrə işlər davam edir”.
“Əsas siyasi məhbusun” azad edilməsi
Müxalif Respublika Alternativi (ReAl) Partiyasının sədri İlqar Məmmədovu “Azərbaycanın əsas siyasi məhbusu” adlandırırdılar. Avropa İnsan Haqları Məhkəməsi, bir çox beynəlxalq insan haqları təşkilatları onun azad ediləsini tələb edirdi.
Məmmədov avqustun 13-də, kütləvi iğtişaş təşkili ittihamı ilə məhkum edildiyi yeddi il cəzanın beş ilini çəkəndən sonra azadlığa buraxıldı. O, ölkədən çıxmaq haqqı olmadan, hər ay polisdə qeydiyyatdan keçmək məcburiyyəti ilə şərti azadlığa çıxıb.
Çətin ki, İlqar Məmmədovun azad edilməsi Azərbaycanda siyasi palitranı dəyişəcək. Amma bu müddət ərzində hərəkatdan partiyaya çevrilən Respublika Alternativi hətta qeydiyyatdan keçməmiş olsa belə, 2020-ci ildə keçiriləcək parlament seçkiləri zamanı seçkiqabağı mübarizəyə ciddi müdaxilə edə bilər.
Nəqliyyatda gediş haqqının qalxması
Avqustun əvvəlində ictimai nəqliyyatda gediş haqqı 1.5 dəfə artdı. Ənənəvi olaraq bu haqda gecə yarısı məlumat verildi, səhəri gün isə sərnişinləri artıq sürpriz gözləyirdi. Hakimiyyət bu qərarı nəqliyyat parkının yenilənməsi və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə izah etdi. Həqiqətən də bir neçə ay sonra yeni avtobuslar dövriyyəyə buraxıldı, amma xidmətin ciddi şəkildə yaxşılaşdırıldığını demək çətindir.
Xalqın reaksiyası gözlənilən oldu: ilk həftədə etiraz aksiyalarına, ictimai nəqliyyatın boykot edilməsinə çağırışlar səsləndi, sonra isə hamı vəziyyətlə barışdı. Vizual olaraq sərnişinlərin axını azalmadı, maliyyə gəlirlərinin artması ilə bağlı hesabatlar isə hələ dərc olunmayıb.
Xəzərin statusu haqda saziş
Avqustun 12-də beş xəzəryanı dövlət Qazaxstanın Aktau şəhərində ekspertlərin “Xəzərin Konstitusiyası” adlandırdığı konvensiyanı imzaladı. Dünyanın ən iri gölünün enerji resursları ilə zəngin olan dibinin bölünməsi ilə bağlı 20 ildən çox davam edən mübahisələrə son qoyuldu.
Konvensiyaya görə, Xəzər dəniz yox, göl yox, üzəri ümumi istifadədə qalan, dibi isə razılaşmaya əsasən ölkələr arasında beş hissəyə bölünən xüsusi su hövzəsi adlandırılıb. Həmçinin ölkələr gəmiçilik, balıqçılıq, elmi tədqiqat və magistral boru kəmərlərinin quraşdırılması qaydalarını öz aralarında razılaşdırmalıdırlar.
Beləliklə Transadriatik boru kəməri (TAP) nəhəng layihəsinin reallaşdırılması qarşısındakı son maneə də ortadan qalxdı. Bu layihə 2020-ci ildən Azərbaycan (gələcəkdə ola bilər ki həm də Türkmənistan) qazının Rusiyadan yan keçməklə Avropa İttifaqı ölkələrinə çatdırılmasına imkan yaradacaq.
Konvensiyaya əsasən, Xəzər sularında xəzəryanı ölkələrdən başqa heç bir ölkənin hərbi gəmilərinin mövcudluğuna yol verilmir. Ekspertlər hesab edirlər ki, bu müddəa Xəzər dənizində güclü donanması olan Rusiya üçün sərfəlidir.
Zamirə Hacıyevanın işi
Azərbaycan Beynəlxalq Bankının keçmiş direktoru Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın həbsi dünyanın demək olar ki, bütün iri media orqanlarının ilk səhifələrinə düşdü.
55 yaşlı Azərbaycan vətəndaşı Böyük Britaniya hakimiyyətinin “Mənbəyi məlum olmayan vəsaitlər haqda qətnamə” (Unexplained Wealth Orders) tətbiq etdiyi ilk əcnəbi oldu.
Hacıyeva Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin diqqətini öz israfçı həyat tərzi ilə çəkib. Yalnız bir – Harrods ticarət mərkəzində o, 16 milyon funt sterlinq xərcləyib və 20 milyon funt sterlinqdən baha daşınmaz əmlak alıb.
Həbsindən sonra Londonun Ali Məhkəməsində mühakimə edilən Hacıyeva öz kapitalının mənbəyini izah edə bilməyib. Hazırda Zamirə Hacıyeva məhkəməyə qədər girov hesabına azadlığa buraxılıb. Azərbaycan hökuməti isə onun Bakıya ekstradisiyasına nail olmağa çalışır.