“Yeni avropalılara” praktiki məsləhətlər" />

Avropaya necə səyahət etməli: özünlə nağd pul, yoxsa kart götürmək lazımdır?

“Yeni avropalılara” praktiki məsləhətlər

-Pulu harada saxlayım? Özümlə götürüm, yoxsa mehmanxanada qoyum?

-Qoy…

-Bəs kimsə seyfi yarsa, ya da xadimə götürsə?

-Onda özünlə götür.

-Hamısını özümlə götürüm? Bəs itirsəm?

-Bir hissəsini saxla, bir hissəsini özünlə götür.

-Kart götürərdim, amma qorxuram ki, birdən problem yaranar sistemdə, mən də pulsuz qalaram. Həm də sərhədçi özünlə nə qədər pul götürmüsən desə, axı ona nağd pul göstərməliyəm…

Bütün bu sualları şəxsən özünüz verməsəz də, çox güman ki, başqalarından eşitmisiz. Onların cavablarına isə daha az hallarda rast gəlmisiz. Bu dilemma Şengen zonası ölkələrinə viza rejiminin ləğvindən sonra daha da aktuallaşıb.

Misal üçün, mən hər səfərdən əvvəl daima bu sualların içində batıb qalıram. Buna görə də birdəfəlik doğru cavablar almaq qərarına gəldim.

Əvvəlcədən onu deyim ki, şəxsən apardığım kiçik tədqiqatın nəticəsində bir şeyi aydın şəkildə anladım ki, Avropaya gedərkən pulun böyük hissəsini bank kartında saxlamaq lazımdır. Həm pulunuz daha etibarlı yerdə saxlanılacaq, həm də özünüz gözlənilməz hadisələr baş verdiyi halda daha yaxşı sığortalanmış olacaqsız. Yüksək komissiya xərcləri, sərfəli olmayan konvertasiya məzənnəsi və “kart işləmir”ə gəlincə, məlum oldu ki, bütün bunları əvvəlcədən həll etmək mümkündür. Hər şey haqqında daha ardıcıl danışaq.

Sərhədçiyə nağd pulu göstərmək lazımdı?

Səyahət sərhədi keçməkdən başlayır. Bəli, biz xaricə vizasız gedirik, amma sərhədçinin sizə “səfər üçün kifayət qədər məbləğiniz varmı?” sualını vermək hüququ var. Buna görə də üstünüzdə ödəmə qabiliyyətinizin təsdiqi olmalıdır. Adətən sərhədçilər bunu xəbər almırlar, amma birdən maraqlansalar, mütləq onları pulunuzun olduğuna əmin etməlisiz.

Bunun üçün bankdan çıxarışa ehtiyac yoxdur, nağd pul, işlək bank kartı və ya dəvət edən tərəfin xərclərinizi öz üzərində götürməsi ilə bağlı zəmanət məktubu olmalıdır.

Gürcüstan XİN-in “qaynar xətti”ndə bildirdilər ki, sərhədçiyə siz nağd pulu göstərmək məcburiyyətində deyilsiz, kartdakı pulun məbləğiylə maraqlandıqda isə özü bunu aydınlaşdırmalı və yoxlamalıdır, ya da siz internet və mobile bank vasitəsilə bunu edə bilərsiz. Əsası odur ki, lazım olan məbləğdə pul olsun: Aİ ölkələrində hesablama mehmanxanada xərci nəzərə alınmadan sutkada 50 avro ilə götürülür, yəni Avropada olduğunuz hər gün üçün üstünüzdə 50 avro olmalıdır.

Avropaya hansı plastik kartı götürmək olar?

Avropada istənilən tip VISA və MasterCard, həm də American Express kartlarından istifadə etmək olar. ТВС bankında dedilər ki, VISA və MasterCard-ın hansı kartını götürməyin heç bir fərqi yoxdur. Onların arasındakı yeganə fərq gün ərzində içindən çıxarıla bilən pulun miqdarıdır – müxtəlif statuslu kartların gündəlik müxtəlif limiti olur və status nə qədər yüksək olarsa, limit də o qədər çox olar. Yəni gündəlik minlərlə, hətta yüzlərlə avro çıxara bilməzsiz.

Misal üçün, standart TBC bankın VISA ELECTRON kartından 24 saat ərzində 2000 lariyə ekvivalent olan məbləğdə avro çıxarmaq mümkündür, indiki məzənnə ilə bu, 730 avrodur.

Yüksək komissiya xərcləri və yüksək konvertasiya məzənnəsindən necə qurtulmaq olar?

Bir çox tanışlarımdan eşitmişəm ki, Avropada kartla ödəniş zamanı konvertasiya yüksək məzənnə ilə həyata keçirilir, buna görə də “nağd pulla ödəmək daha yaxşıdır”. Əslində isə adi qaydaları bilmək lazımdır. Yüksək məzənnəylə konvertasiya o vaxt həyata keçirilir ki, kartda ancaq lari olsun və məhz lariylə hesabın prioritet olduğu göstərilsin. Belə olan halda VISA və ya MasterCard sistemi həmişə kifayət qədər yüksək olan beynəlxalq məzənnəylə konvertasiya edir. Buna görə də səfərə çıxmazdan əvvəl öz bankınızdan müvafiq informasiyanı əldə etsəz, yaxşı olar.

Standart olaraq hesab üç valyutada açılır – lari, dollar və avro. Adətən prioritet olaraq lariylə hesab göstərilir ki, bu da Gürcüstan üçün təbiidir, halbuki Avropaya səfər zamanı prioriteti dəyişmək daha yaxşı olar – prioritet kimi avro ilə hesabı göstərmək və karta müəyyən məbləğdə avro qoymaq lazımdır. Belə olan halda, kartla ödəniş və ya nağd pulun çıxarılması zamanı hesab avro ilə götürüləcək və siz məzənnənin konvertasiyasından qaça biləcəksiz.

Prioritet hesabın dəyişdirilməsi çox sadə prosedurdur. Bunu bankınızın servis xidmətinə zəng edərək də həyata keçirə bilərsiz. Bu, ən çox 30 dəqiqə vaxtınızı alacaq. Mühüm bir detalı mütləq nəzərə almaq lazımdır – kartda müəyyən məbləğdə bloklanmış pul varsa, prioritet hesabı dəyişmək alınmayacaq. Buna görə də bloklanmış vəsaitin yığılmasının qarşısını almaq üçün bu cür kartı 48 saat ərzində istifadə etmək məsləhət görülmür.

Pulu nağda çevirən zaman bilməyiniz lazımdır ki, Avropada bu prosedura görə komissiya xərcləri 2%, komissiya xərcinin minimal məbləği isə 3 avro  təşkil edir. Yəni hər 150 avronun nağda çevrilməsi zamanı 3 avro tutulur. Buna görə də kartdan pulu tez-tez və kiçik məbləğlərlə çıxarmayın.  Misal üçün, nağda çevirmə zamanı 10 avrodan da, 150 avrodan da  3 avro tutulacaq.

Ən yaxşı variant həmişə kartla ödəniş etməkdir. Mağaza, restoran və s-də terminaldan ödəniş zamanı komissiya xərcləri tutulmur.

Macarıstan və Çexiya kimi milli valyutanın istifadə olunduğu ölkələrdə necə etməli?

Belə olan hallarda kartda avro, prioritet hesab da avro ilə olanda və beynəlxalq məzənnə ilə konvertasiya edərək, kartla ödəniş edəndə daha yaxşıdır, nəinki özünüzlə nağd pul götürüb, valyuta dəyişmə məntəqələrində dəyişmək. Bu ölkələrdə dəyişmə vaxtı komissiya xərcləri daha yüksəkdir: 5-15%.

Yeri gəlmişkən, yenə də mübadilə məntəqələrinə müraciət etsəz, diqqətli olun. Misal üçün, Praqada bir sıra mübadilə məntəqələrində, tutaq ki, 20 avronu dəyişərkən, çox böyük komissiya xərcləri olur, 100 avro üçün isə komissiya xərcləri nəzərdə tutulmaya bilər.

Kart qaydasındadır, amma ödəniş zamanı işləmədi, bankomatdan da nağd pul çıxarmaq alınmır. Belə olan halda nə etməli?

İstənilən belə halda bankınızın telefon mərkəziylə əlaqə yaratmaq lazımdır. Əlbəttə ki, indicə dadlı pizza yemisiz, ofisiant da əlində çeklə sizi gözləyir, siz isə heç cür ödənişi edə bilmirsizsə, əlbəttə, burada yaxşı heç nə yoxdur. Amma VISA və MasterCard-larda adətən belə sistem problemləri olmur. Yenə də daha rahat olmaq üçün iki kart götürsəz daha yaxşıdır: eyni vaxtda ikisi də işləməyə bilməz.

“Prokreditbank”da bildirdilər ki, istifadəçilər həyata keçirilməyən tranzaksiya zamanı mesaj alırlar və burada kartın işləməmə səbəbi göstərilir, amma bu sistem ancaq rouminqə qoşulduğunuz vaxt işləyir. Ümumiyyətlə isə kartda vəsaitin balansına nəzarət etmək daha yaxşı olar, bu zaman da bankın mesajları sizin dadınıza çatar, rouminqiniz yoxdursa, internet və mobil bankdan istifadə edə bilərsiz.

“ProKredit bank”da həm də onu izah etdilər ki, hesabın ödənilməsi və pulun nağdlaşdırılması qəbzlərini saxlamaq lazımdır, çünki ola bilsin ki, hansısa tnarzaksiyalardan “xoşunuz gəlmədi” və ya sizə elə gəldi ki,  terminal ödəniş zamanı iki dəfə pul “çıxarıb”. Belə olan halda qəbzlər banka təqdim olunmaq üçün tam yerinə düşər.

Avropada bank kartının hansı təhlükəsizlik tədbirlərinə riayət etmək lazımdır? 

Təhlükəsizlik üçün kartın rekvizitlərini saxlayın. Çox vacibdir ki, kart bank kartının hər iki tərəfinin surətini çıxara bilən şəxsin əlinə keçməsin.

Təhlükəsizlik məqsədilə pulu bankınıza məxsus banklarda nağda çevirmək və şübhəli mübadilə məntəqələrinə müraciət etməkdən çəkinmək daha yaxşıdır.

Bank kartını itirdiyiniz zaman operativ şəkilfə bankınızın telefon mərkəzilə əlaqə saxlayın və kartınızı bloklamağı xahiş edin. “Sakartvelos bankı”nda dedilər ki, öz müştərilərinə əlavə qoruma metodları təklif edirlər ki, onlar da həm Gürcüstanda, həm də xaricdə kartın qanunsuz istifadəsinin qarşısını alır. Bu xidməti başqa banklar da təklif edir.

Bank kartını itirdiyiniz zaman pulsuz qalmamaq üçün əlinizdə bir bankın iki kartı olsa yaxşıdır. Belə olan halda siz tez bir zamanda internet və mobil bankla əlaqə saxlayıb, vəsaiti itirilmiş bank kartından əlinizdə olan karta keçirə bilərsiz.

Və sonda:

Bank kartı rahat və təhlükəsizdir. Buna görə də kafe və restoranlarda, şopinq vaxtı, muzeyə bilet alanda, oteldə ödəniş edən zaman kartdan istifadə etmək daha məsləhətdir, amma cibinizdə az miqdarda nağd pulun olmasının da heç bir ziyanı yoxdur.


More on JAMnews