Tbilisi Dövlət Universitetinin tələbələri Almaniya kanslerindən “işğal” sözünün deyilməsinə nail oldular " />

Angela Merkel: “Bəli, bu, işğaldır. Gürcüstanın 20 faizi işğal olunub”

Tbilisi Dövlət Universitetinin tələbələri Almaniya kanslerindən “işğal” sözünün deyilməsinə nail oldular

Foto: Gürcüstan hökumətinin administrasiyası

Almaniya kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüş zamanı ancaq suala cavab verərkən, üçüncü dəfə “işğal” terminini işlədib.

Almaniya kansleri Angela Merkelin Gürcüstana ikigünlük rəsmi səfəri davam edir. Dünən kansler prezident və baş nazirlə görüşüb. Bu gün müxalifət nümayəndələri, həm də Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşüb. Tələbələrlə görüş Merkelin səfərinin ən maraqlı və mühüm görüşlərindən biri olub.   

Tələbə Konstantin Şubitidze kanslerə sual verib:

—  “İşğal” termini ilə bağlı hər hansı problemmi var, ya da hansı səbəbdən siz Sxinvali və Abxaziyada baş verən hadisələri işğal kimi qiymətləndirmirsiz və niyə ancaq “ədalətsizlik” terminini işlədirsiz?

— Bəli, bu, işğaldır, işğal olunmuş ərazi. Bu, xanım kanslerin cavabıdır. Mən dedim ki, bu, işğaldır, zəbt olunmuş ərazi, 20 faiz, buna baxmayaraq, bu böyük ədalətsizlik olaraq qalır”, — deyə Merkel tələbənin sualına cavab verib.

Almaniya kanslerinin bu cavabını auditoriya alqışlarla qarşılayıb.

Bundan əvvəl daha iki tələbə Merkelə Gürcüstan ərazisinin işğalı mövzusunda sual veriblər, amma Almaniya kansleri cavab verərkən, “işğal” sözünü işlətməyib və Rusiyanın hərəkətlərini sadəcə “ədalətsizlik” kimi qiymətləndirib. Şubitidzenin sualı da məhz bundan sonra gəlib.

Merkel işğal sözünü bundan bir gün əvvəl, baş nazirlə birlikdə keçirilən mətbuat konfransı zamanı da istifadə etməyib, bu da tək kansler deyil, həm də baş nazirin ünvanına tənqidin səsləndirilməsinə səbəb olub.

•  Merkel işğal sözünü bundan bir gün əvvəl, baş nazirlə birlikdə keçirilən mətbuat konfransı zamanı da istifadə etməyib, bu da tək kansler deyil, həm də baş nazirin ünvanına tənqidin səsləndirilməsinə səbəb olub

Avro-atlantikaya inteqrasiya

Almaniya kansleri qeyd edib ki, Gürcüstan Avrointeqrasiya nöqteyi-nəzərindən regionda liderdir. Onun sözlərinə görə, “Gürcüstanın Ukrayna ilə birlikdə daha böyük Avropa perspektivləri var”.

“Gürcüstan, Azərbaycan, Ermənistan, amma Gürcüstan Ukrayna ilə birlikdə daha böyük Avropa perspektivləri olan ölkədir. Yaxın 10 il ərzində biz gələcəkdə atılmalı olan addımları müəyyən edəcəyik”, — deyə Merkel bildirb.

TDU tələbəsi Merkelə ultrasağ siyasi partiyalarla bağlı sual verib və soruşub ki, bu partiyaların skeptik yanaşması Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına nə dərəcədə mane olacaq?  

Merkelin sözlərinə görə, Avropa İttifaqının genişləndirilməsinə qarşı çıxanlar Gürcüstan, Ukrayna və Balkan ölkələrini elə təqdim etməyə çalışırlar ki, sanki onlar Aİ-yə üzv olandan sonra problem yaradacaqlar.

“Avropalıları Gürücstanla necə qorxutmaq olar, bu vəziyyəti qorxunc kimi necə təqdim etmək olar, Gürcüstanın Avropa İttifaqına üzv olması hansı “problemləri” yarada bilər? Bu, insan emosiyalarıdır, onları idarə etmək çox asandır, buna görə də çox ehtiyatlı olmaq lazımdır”, — deyə Merkel bildirb.

Rusiya ilə münasibətlər

“Düşünürəm ki, Avropa İttifaqı və NATO Rusiya üçün təhdid deyil, Rusiya başa düşməlidir ki, Aİ və NATO düşmən deyil”, — Merkel tələbələrlə görüş zamanı deyib.

Merkelin sözlərinə görə, Almaniya Gürcüstan kimi Rusiya ilə də yaxşı münasibətlərdə olmaq istəyir.

“Almaniya tək Gürcüstan, Azərbaycan və ya Ukrayna ilə deyil, həm də Rusiya ilə yaxşı münasibətlərdə olmaq istəyir. Rusiya dünyada çox vacib ölkədir… Rusiya anlamalıdır ki, NATO və Avropa İttifaqı onun düşmənləri deyil. Rusiya təbii ki, keçmiş Sovet İttifaqı respublikalarının vəziyyətini ağırlaşdırır; misal üçün, Gürcüstanın Cənubi Osetiya və Abxaziya şəklində; misal üçün, Moldovanın problemləri var; Azərbaycanın da Ukraynadakı kimi problemləri var”, — Merkel bildirib.

Biz Rusiya ilə neft və qaz sahəsində əməkdaşlığımızdan imtina edə bilmərik, Merkel  tələbənin Almaniya və Avropanın Rusiyadan enerji asılılığı ilə bağlı sualını bu cür cavablandırıb.

Merkelin sözlərinə görə, əsas həqiqət ondadır ki, Rusiya qazı Avropaya başqa ölkələrdən alınan qazdan daha ucuz başa gəlir.

“Soyuq müharibə vaxtı da Avropa ilə Rusiya, o vaxt Sovet İttifaqı arasında elektrik enerjisi sahəsində sıx əlaqələr olub. Biz Rusiya ilə neft və qaz sahəsində əməkdaşlığımızdan imtina edə bilmərik. Düzdür, Azərbaycan da bizim qaz ala bildiyimiz ölkə ola bilər, amma iş orasındadır ki, bu qazı Rusiya qazı qiymətində almaq mümkünsüzdür. Mən Rusiya ilə ticarət münasibətlərinə qarşı deyiləm, biz Ukrayna və Gürcüstanla bağlı problemləri həll edə bilərik və bu, insanların xeyrinə ola bilər”, — deyə Merkel bildirib.

 


More on JAMnews