Aleksandr Abayevin ölümünə görə hansı dövlət məsuliyyət daşıyır?" />

Aleksandr Abayev sağ qala bilərdi?

Aleksandr Abayevin ölümünə görə hansı dövlət məsuliyyət daşıyır?

İyulun 7-də Sxinvalda Cənubi Osetiyanın otuz doqquz yaşlı sakini Aleksandr Abayev dünyasını dəyişib. Onun ölümü həm vətənində, həm də Gürcüstanda geniş rezonans yaratdı. 

Həyat və ölüm tarixi

Aleksandr Abayev 2011-ci ilin mart ayından Cənubi Osetiyada yaşayıb. O, məşhur tatu ustası, Sxinvalda tatu salonunun sahibi olub. 2011-ci ilin noyabr ayında Elda Tasoyeva ilə evlənir. İyul ayında Tacoyevada HİV aşkar olunur, dünyaya gətirdiyi uşağın da yoluxduğu məlum olur. 2012-ci ilin dekabr ayında uşaq xəstələnir, vəziyyəti getdikcə daha da ağırlaşırdı və yanvar ayında ananı uşaqla birlikdə Cənubi Osetiyada işləyən yeganə beynəlxalq təşkilat olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyiylə təcili olaraq Tbilisiyə göndərirlər.  

Uşağın həyatını xilas etmək mümkün olmadı. Dəfndən dərhal sonra 3 mart 2013-cü ildə isə Aleksandr Abayevi həyat yoldaşı Elda Tasoyevanın HİV-ə qəsdə yoluxdurma ittihamı ilə həbs edirlər.

Abayevin qohumları isə hesab edirlər ki, əslində keçmiş gəlinləri Elda Tasoyeva Aleksandrı yoluxdurub. Onların fikrincə, istintaq və məhkəmə qanun pozuntusu ilə keçirilib, günahkar kimi tanınan Aleksandr Abayev 122-ci maddənin 2-ci hissəsi ilə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzası alır.

2015-ci ildə Abayev amnistiya ilə həbsxanadan azad olunur. HİV-dən başqa ona hepatit C və vərəmin ağı forması diaqnozu qoyulur. Vladiqafqazda vərəm xəstəxanasında müalicə nəticə vermir və Abayev tibbi yardım almaq üçün Tbilisiyə müraciət edir. 

Orada vərəmin kəskin yoluxucu formasını aradan götürsələr də, qalan xəstəliklərin müalicəsindən imtina edirlər. Bundan sonra Aleksandr Abayev Sxinvala qayıdır və burada da vəfat edir. 

Gürcüstanda rezonans

Aleksandr Abayevin vəfatı haqda xəbər Gürcüstandakı sosial şəbəkə istifadəçilərinin çoxsaylı narazı reaksiyalarına səbəb oldu.

“Heç olmasa insanları proqrama daxil etmək və qayğılarına qalmaq vədləri ilə aldatmasınlar.

“Sənədləri toplaya bilmədiyi üçün ölüm ayağında olan adamı Sxinvaliyə qaytarmaq olardı? Münasibətləri bu cür bərpa etməyə hazırlaşırsız?

“Ümumiyyətlə sənədləri olmasaydı belə, müalicə etmək lazımıydı. Piar haqqında heç eşitməmisiz?

Narazılıq onunla bağlıydı ki, Gürcüstanda Cənubi Osetiya və Abxaziya vətəndaşlarına tibbi yardım göstərilməsi ilə bağlı xüsusi proqramlar fəaliyyət göstərir. Aleksandr Abayev isə onlardan istifadə edə bilmədi.

Hələ Vladiqafqazda olarkən, 2015-ci ilin avqust ayında o Gürcüstanın Səhiyyə Nazirliyinə sağlamlıq durumunun təsviri və müalicə xahişi ilə ərizə göndərir. Nazirlik ancaq diaqnostik müayinəni maliyyələşdirir (111 lari Vərəm və Ağ ciyər Xəstəlikləri Mərkəzi, 355 lari “Avers klinikası və 1355 lari İnfeksiya Xəstəxanasında). 

Müalicə məsələsinə gəlincə məlum oldu ki, Abayev müalicə proqramlarından istifadə edə bilməz, çünki bu heç olmasa neytral şəxsiyyət vəsiqəsinin olmasını tələb edir.

Barış və vətəndaş bərabərliyi nazirinin müavini Ketevan Tsixelaşvilinin sözlərinə görə, 2015-ci ildə Abxaziyaya  366486,23 larilik dərman (immunizasiya, diabet və vərəmin müalicəsi üçün dərmanlar)  göndərilib. Qurum tərəfindən təqdim olunan hesabatda Cənubi Osetiyaya göndərilən dərmanlar haqqında məlumat yoxdur.

2015-ci ildə müalicədən keçmək üçün vasitəçilik etmək xahişi ilə barış və vətəndaş bərbərliyi naziri aparatına 1537 adam (891 nəfər Abxaziyadan, 646 nəfər Sxinvaldan) müraciət ediblər. Nazirliyin məlumatına görə, bu insanların müalicəsinə 4 267 512 lari xərclənib.

Gürcüstanın Səhiyyə Nazirliyi hepatit C-nin müalicəsi proqramına daxil olunan münaqişə regionları sakinlərinin sayı barədə məlumata malik deyil. 

İnfeksiya patologiyaları, QİÇS və kliniki immunologiya elmi-təcrübi mərkəzinin Abayevin ərizəsinə cavab olaraq yazılan məktubunda deyilib ki, dövlət proqramı çərçivəsində ambulator və stasionar müalicəsi və antiretrovirus dərmanlarının alınması üçün pasientin Gürcüstan vətəndaşlığını təsdiq edən sənədi və ya neytral vəsiqəsi olmalıdır.

Neytral vəsiqə almaq üçün Aleksandr Abayev Ədliyyə Nazirliyinə müraciət edir və rədd cavabı alır. Cavabda deyilir ki, ərizəyə baxılan zaman neytral vəsiqənin verilməməsi üçün qanuni əsaslar üzə çıxarılıb.

Gürcüstan qanunvericiliyinə görə, şəxsin neytral vəsiqə alması üçün dörd maneə var: a) onun hüquq-mühafizə orqanları tərəfindən axtarışı elan olunubsa; b) saxta və ya vaxtı keçmiş sənədlər təqdim edirsə; c)  Abxaziya və Cənubi Osetiyanın müvafiq qurumları onun fotoidentifikliyini təsdiq etmirsə; d) Gürcüstanın Daxili İşlər Nazirliyi 

dövlət və ictimai maraqlardan çıxış edərək, neytral vəsiqənin verilməsini məqsədəuğun saymazsa.

Aleksandr Abayevin ərizəsinə rədd cavabın verilməsi üçün hansı səbəbin əsas olduğu deyilmir. Nəticədə Gürcüstanda o, ancaq “Quduşauri klinikasında təcili tibbi yardım və vərəmin yoluxucu formasının müalicəsinı alır (bu müalicəni xarici vətəndaşlar alır). 

Abayevi Vərəm və Ağ Ciyər Xəstəlikləri Milli Mərkəzindən evə buraxanda, mərkəzin rəhbəri Zaza Avaliani “Liberal nəşrinə müsahibəsində vurğulayıb ki,  pasientdə xəstəliyin kəskin yoluxucu forması aradan götürülüb. Abayevin Tbilisidə yaşayan xalası Marina Bipiyeva o vaxt həmin nəşrə məlumat verir ki, Abayevin vəziyyəti ağır olaraq qalır, klinika isə onu qəbul etməkdən imtina edir.

Onu çoxprofilli “Redişi klinikasına keçirib, reanimasiya şöbəsinə yerləşdirirlər. Aleksandr Abayev təkrarən neytral vəsiqənin alınması üçün ərizə ilə müraciət edir, amma sağlamlıq durumuna görə bunun üçün lazım olan bütün lazımi sənədləri toplaya bilmir.

Sxinvalda rezonans

Cənubi Osetiyada Aleksandr Abayevin ölümü əsasən qohumlarının və hüquq müdafiəçilərinin reaksiyasına səbəb olub.

Zara Bepiyeva – Aleksandr Abayevin anası:

– Oğlumun ölümü törətmədiyi cinayətə görə cəza çəkdiyi Sxinval şəhəri 1 saylı İslahedici Koloniyasında düzgün müalicə edilməməsinin nəticəsidir.

“Jurnalistlər insanların hüquqlarının keşiyində ictimai təşkilatının rəhbəri İrina Yanovskaya:

– Bizim üçün ən vacib məsələ HİV, hepatit C və vərəm xəstəlikləri olan müttəhim Abayevin  lazımi müalicə alıb-almadığını öyrənmək idi. Bizim müdaxiləmiz dərmanlarla təminatın yubadılmasının qarşısı alındı, bununla belə aydınıydı ki, bu cür ciddi xəstəliklərdə dərmanla müalicə kifayət etmir. 

Ciddi müalicəni ancaq respublikanın hüdudları kənarında almaq olardı ki, bu da mümkün deyildi, çünki məhbusun sərhəddən keçirilməsi ilə bağlı RF ilə saziş yoxdur. Təssüf ki, məhkəmə Abayevin sağlamlıq durumunu bilə-bilə onu şərti olaraq vaxtından əvvəl azad etmədi.

Bir qədər sonra Böyük Vətən müharibəsi qələbəsinin 70-ci ildönümü münasibətiylə amnistiya elan olundu ki, Abayev də bu amnistiyaya düşürdü.

Amma xəstə Abayevi heç kim amnistiya ilə buraxmağa da hazırlaşmırdı və o Cənubi Osetiyanın Baş Prokuroruna müraciət etməyə məcbur olur. 

Cənubi Osetiya hakimiyyəti respublika vətəndaşlarının fövqəladə hallar olmadıqda, Gürcüstana müalicə üçün getməsini təqdir etmir. Gedənlər də səfərləri barədə danışmamağı üstün tuturlar. Ailələrində xəstə olanlar müalicə üçün gedənlərə daha anlayışla yanaşırlar. Ailəsində bu cür problemlər yaşamayanlar isə bu insanları qınaya da bilərlər.  

Adının hallanmasını istəməyən Səhiyyə və Sosial İnkişaf Nazirliyinin işçisi: 

– Elə fövqəladə hallar olur ki, xəstəxanamız insanın həyatını xilas edə bilməməsi ilə bağlı rəy verəndə, xəstənin qohumlarının xahişi ilə nazirlik təcili şəkildə XİN ilə əlaqə saxlayır və xəstəni Beynəlxalq Qırmızı Xaç Komitəsinin texniki yardımı ilə Gürcüstana aparırlar. 

Ağır xəstələri biz Gürcüstanın proqramı çərçivəsində deyil, qohumların xahişiylə Gürcüstana göndəririk. Biz həkimik, siyasətçi deyilik, Hippokrat andı vermişik. Xəstələrimiz Gürcüstana təcili peşəkar kömək üçün göndərilirlər, çünki ağır xəstəni Vladiqafqaza aparmaq çətindir, yol həm uzun, həm də  pisdir, aparıb çıxarmamaq təhlükəsi də var. Bəzi şayiələrə görə Gürcüstana müalicə üçün özbaşına gedənlər də var, amma bu şayiədən başqa bir şey deyil. 

 

Sxinval şəhər poliklinikasında QİÇS-lə bağlı müraciətlər qeydə alınmayıb. Adətən bu cür problemlər Cənubi Osetiyanın hüdudlarından kənarda – Vladiqafqazda yerləşən QİÇS mərkəzində aşkar olunur. “Hepatit C diaqnozu ilə qeydiyyatdan 200-dən çox adam keçib.

 

 

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 17.07.2016


More on JAMnews