Onların hamısı putyovkanı internetdən alıb və həmin saytlar saxta çıxıb. Aldadılanların sayı hər gün artır, dələduzları hələ ki, tapmaq mümkün olmayıb" />

Abxaziyada qalmaqal – yüzlərlə turist saxta putyovka üzündən küçədə qalıb

Onların hamısı putyovkanı internetdən alıb və həmin saytlar saxta çıxıb. Aldadılanların sayı hər gün artır, dələduzları hələ ki, tapmaq mümkün olmayıb

Foto: Sergey Demyanov, JAMnews

Məhz belə – Abxaziyaya istirahət etməyə gələn yüzlərlə rusiyalı turist sözün həqiqi mənasında küçədə qalıb. Onların hamısı putyovkanı internetdən – sonradan məlum olduğuna görə, məşhur Abxaziya sanatoriyalarının saxta saytlarından alıb.

Turistlər necə aldanır?

Hər şeydən qabaq turistləri cəlb edən saxta saytların təqdim etdiyi çox ucuz qiymətlər olur. “Sərfəli təklifdən” yararlanmaq üçün 100 faizlik ilkin ödəniş etmək lazımdır. Bu pansionatlarda qalmaq haqqı 20 min rubldan (təxminən 350 dollar) 120 min rubla qədər (təxminən 2000 dollar) dəyişir.

Dələduzlar Pisundadakı “Sosnovaya rosha” pansionatı və Tsadrıpş qəsəbəsindəki “Psou” istirahət evindən başlayıblar. Amma onların artıq “Baqripş”, “Solneçnıy” və “Lazurnıy bereq” pansionatlarına da gedib çıxdıqları məlumdur.

Bütün putyovka alanlara hesab və müqavilə göndərilib.

Polisə zərərçəkənlərdən çox sayda şikayət daxil olub, amma saxtakarları yaxalamaq praktiki olaraq mümkün deyil. Hər dəfə məlum olur ki, putyovkanı satan şirkət artıq bir neçə direktor dəyişdirib, dəyişməyən sadəcə sayt qalıb.

“Adamı məyus edən odur ki, bütün təşkilatlar Rusiyada, Moskvada, vergilər idarəsində qeydiyyatdan keçib. Bütün qeydiyyat məlumatları var. Belə çıxır ki, istənilən dələduz şirkət qura, istənilən pansionatın saxta saytını yarada və cəzasızca yüzlərlə insanı aldada bilər? Bizim hüquq-mühafizə orqanlarımız isə heç nə eləyə bilmir?! Necə ola bilər?” – saxtakarların toruna düşmüş zərərçəkənlərdən biri forumlardan birində sual edir.

Zərərçəkənlər birləşir

Zərərçəkənlərin sayını dəqiq demək hələ çətindir. Amma məlumdur ki, söhbət bir neçə yüz nəfərdən gedir. Məsələn, sosial şəbəkələrin birində dələduzların əməllərinin qurbanı olmuş insanları birləşdirən qrup yaradılıb. Bu qrup “Pansionat “Psou” Abxaziya” adlanır və orada hazırda 361 nəfər qeydiyyatdan keçib.

Bundan başqa Change.org saytında 481 nəfərin petisiya imzaladığı da məlumdur.

Sosial şəbəkələrdə mövqeyini bildirənlərdən çoxu artıq polisə müraciət edib və zərərçəkən kimi tanınıb.

Qurbanlar arasında il boyu Abxaziyada istirahət üçün pul yığan həm pensiyaçılar, həm də aztəminatlı ailələr var. Hər gün dələduzların qurbanı olmuş insanların sayı artır.

“İki il pensiyamdan pul yığmışam. Pulumu “Psou” pansionatının saxta saytına köçürdüm, Novosibirsk-Soçi təyyarəsinə iki tərəfə bilet aldım. İndi nə pulum var, nə dəniz”, – Lidiya yazır.

“Mayda Abxaziyada istirahət bron elədim. Məlum oldu ki, heç bir bron yoxdur. Ailəm şokdadır! Uşaq ağlayır, istirahətsiz qaldı. Bu biabırçılıq nə zaman bitəcək axı? Dələduzları nə zaman cəzalandırmağa başlayacaqlar? Yüzlərlə zərərçəkən var”, – Yelena adlı digər zərərçəkən davam edir.

“Bizim hamımız təşkilatların dövlət qeydiyyatına aldanaraq dələduzların qurbanı olmuşuq”, – Qalina yazır.

Zərərçəkənlər prezident Vladimir Putinlə birbaşa xəttə də məktub göndəriblər, hansı ki, iyunun 7-də cümə axşamı qeydiyyatdan keçib. Onlar cinayətkarların tapılması və vəsaitlərin geri qaytarılmasında kömək istəyiblər.

Aldadılmış turistlərə yardım

Abxaziya Turizm İttifaqı hazırda zərərçəkənlərin istirahətini təşkil etmək məsələsinin həlli üçün alqoritm seçir. Ona yaxın pansionat, otel və qonaq evi aldadılmış turistləri yerləşdirib.

“Biz həmkarlarımıza müraciət etmişik ki, dələduzların qurbanı olmuş Abxaziyanın qonaqlarını qəbul etsinlər. Bəzilərini pulsuz yerləşdirirlər, bəzilərini yaxşı endirimlə. Hələ ki, nöqtəbənöqtə işləyirik. Yaxın zamanda bütün zərərçəkənlərə kömək etmək ümidindəyik”, – Abxaziya Turizm İttifaqının prezidenti Anna Kalyaqina JAMnews-a bildirib.

Təşkilat həmçinin israrla yaşayış yeri üzrə polisə müraciət etməyi tövsiyə edir və Rusiya hüquq-mühafizə orqanlarından dəstək gözləyir, çünki dələduzluq əməlləri RF ərazisində baş verib, saxtakarlıqla məşğul olan hüquqi şəxslər və onların hesabları da RF-də qeydiyyatdan keçib.

“Biz səylərimizi birləşdirməliyik…, axı Abxaziyanın pansionatları və bütün turizm sahəsi də ziyan görüb. Dələduzların əməlləri müəssisələrin və ümumilikdə Abxaziyanın nüfuzuna xələl gətirib”, – sənəddə deyilir.

Dələduzlardan necə qorunmalı?

Rusiyanın “Rosturizm” rəsmi nəzarətedici təşkilatı hesab edir ki, şirkətin leqallığını yoxlamaq çox asandır – həmin şirkəti “Rosturizm”in saytındakı siyahıda tapmaq lazımdır.

Saxta saytın toruna düşməməyin başqa bir yolu putyovkaları turist firmalarından müqavilə və kassa çeki ilə almaqdır. Əgər internet vasitəsilə ödəniş etməli olmusuzsa, resursun vicdanlılığını yoxlamaq gərəkdir.

“Şirkətin nüfuzunu, iş təcrübəsini və digər turistlərin rəylərini öyrənmək olar”, – “Rosturizm”in direktorunun müşavili Dmitri Qorin bildirib.

Məqalə müəllifinin təklif etdiyi termin, toponim, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid və zorakılığa çağırış kimi qiymətləndirilə bilən, yaxud başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews