Abxaziyada məhv edilmiş qədim meşələrin qalıqlarını xilas etməyə çalışırlar" />

Abxaziya: Soçi Olimpiadasının yediyi şümşad

Abxaziyada məhv edilmiş qədim meşələrin qalıqlarını xilas etməyə çalışırlar

Abxaziyada təbiətin unikal nümunəsi – kolxid şümşadı üçün şitillik açılıb. Bu bitki burada bir neçə minillik boyunca yaşayıb, buzlaşma dövrünü adlayıb, amma indi çox böyük sürətlə yox olur.

Şümşad tamamilə məhv edilib və ya məhv edilmək üzrədir – qədim meşənin axırına  ziyanverici qızılkəpənək çıxıb. 2012-ci ildə Soçi Olimpiadası zamanı İtaliyadan alınaraq “Olimpiya kəndinin” yaşıllaşdırılması üçün gətirilən bu həşəratlar daha sonra Abxaziya və Soçi ətrafına yayılıb.

Soçidə vəziyyət daha faciəvidir – yerli və Moskva qəzetlərinin yazdığına görə, 2016-cı ilin martına olan vəziyyətə görə, Soçi yaxınlığında Xostinski vilayətində qaraçöhrə-şümşad meşəliyi “tamam məhv edilib və bərpası mümkün deyil”.

A bxaziyada kolxid şümşadı ilə bağlı vəziyyət çox ağırdır, amma yenə də tam ümidsiz deyil.

15 min hektar şümşad meşəsindən cəmi 4 min hektardan bir qədər artığı hələ ki, ziyanvericilər tərəfindən yeyilməyib.

Meşənin qalan hissəsini xilas etmək üçün Abxaziyada ixtisaslaşmış şitillik yaradılıb. Orada “Apsabara” ictimai ekoloji təşkilatının ekoloqları Abxaziya Elmlər Akademiyası Ekologiya İnstitutunun metodiki dəstəyilə istixana şəraitində şümşad yetişdirməklə məşğuldur. Layihə BMT İnkişaf Proqramının maliyyə yardımı ilə həyata keçirilir.

İstixana Qudaut rayonunun Mqudzırxua (Qızıl sahil) kəndi yaxınlığında tikilib. Qədim bitkinin yetişdirilməsi üçün material – cücərtilər Bzıb dərəsindəki şümşad meşəsindən götürülüb.

Layihənin ekoloqu və məsləhətçisi Murman Solomkonun sözlərinə görə, şümşadın şitillənməsi yetərincə effektiv metoddur və demək olar ki, yüz faizlik bərpanı təmin edir.

Kiçik – 10-15 sm-lik şitillər əkilmək ərəfəsində boy atmasını stimullaşdıran məhlulla işlənərək, hazırlanmış torpaq dolu konteynerlərə əkilib. 2-3 həftədən sonra şitillər kök salır və bundan sonra onları istixanada qrunta əkirlər. Orada onlar iki il böyüyəcək, daha sonra isə vəhşi təbiətə köçürüləcək.

Bu gün artıq 2 minə yaxın şitil əkilib, proses çox fəal davam edir, sentyabrın sonuna qədər ekoloqlar 10 minə yaxın şümşad şitili əkməyə söz verirlər.

Layihənin meneceri Roman Leyba “Abxaziya-İnform” agentliyinin jurnalistlərinə bildirib ki, ekoloqlara şitillərin əkilməsində könüllülər və “laqeyd olmayan insanlar” kömək edir.

Şümşad meşələri minilliklər boyunca mühüm funksiyanı yerinə yetirib: isti və rütubətli olan bu meşələr su balansının nizamlanmasında iştirak edirdi, bu ağacların kökləri isə daşlıq dərələrin torpağı möhkəmləndirərək sürüşmənin qarşısını alırdı.

19-cuu əsrin sonlarında şümşadlıqlar dəyərli ağacına görə qırılırdı. 20-ci əsrdə bu ağac Qırmızı Kitaba daxil edildi və şümşad meşələri bərpa olunmağa başladı, ta ki, 2012-ci böhran ilinə qədər.

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews