Müxalifət Xalq Məclisini toplayır" />

Abxaziya prezidenti gürcü partizanı əfv edib və bu, ona istefa bahasına başa gələ bilər

Müxalifət Xalq Məclisini toplayır

Anaid Gogoryan,  JAMnews

Abxaziyada müxalifət ümumxalq toplantısı çağıraraq, prezident Raul Xajimbanın istefasını tələb etmək niyyətindədir. Buna “Meşə qardaşları” gürcü partizan dəstəsinin liderlərindən biri Georgi Lukavanın əfvi ilə bağlı qalmaqallı olay səbəb olub.

2013-cü ildə Lukava Abxaziyada 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, partizan qrupu fəaliyyətdə olduğu müddətdə ağır cinayətlər törətməkdə təqsirli bilinib. “Meşə qardaşları” gürcü-abxaz münaqişəsinin hərbi fazası sona çatandan dərhal sonra 1990-cı illərdən 2000-ci illərə qədər mövcud olub, Gürcüstanda hakimiyyət dəyişəndən sonra fəaliyyətini dayandırıb.

Georgi Lukavanın ittiham olunduğu cinayətlər siyahısında qanunsuz silahlı dəstəyə rəhbərlik etmək, insanlara və təşkilatlara hücum, insan oğurluğu, vəzifə səlahiyyətlərini yerinə yetirən yeddi abxaz hərbçisinin xüsusi amansızlıqla qətlə yetirilməsi yer alıb.

2017-ci ilin son günlərində – dekabrın 26-da – Abxaziya cəmiyyəti böyük təəccüblə Georgi Lukavanın Gürcüstan tərəfinə təhvil verildiyini və artıq Tbilisidə olduğunu postfaktum öyrənmiş olub.

Sosial şəbəkələrdə gedən qızğın mühakimələr yeni ilin ilk günlərində parlament qarşısında etiraz aksiyalarına keçib. Təcili parlament komissiyası yaradılıb ki, 20 il müddətinə məhkum edilən xüsusi təhlükəli caninin  niyə vaxtından əvvəl azadlığa buraxıldığı haqda cəmiyyətə izahat hazırlasın.

Abxaziya prezidenti Raul Xajimba parlamentdə çıxış edib və Lukavanın əfvi haqda qərarı belə izah edib:

2015-ci ildə o, Cənubi Osetiya prezidentindən məktub alıb, həmin məktubda sonuncu məhkumların mürəkkəb dəyişdirilməsi prosesini həyata keçirməkdə ondan kömək istəyib: Abxaziyada cəza çəkən bir neçə gürcünü Gürcüstanda həbsdə olan bir neçə cənubi osetiyalı ilə dəyişmək təklif olunub.

“O zaman biz kömək etmək qərarı verdik və bu qərar açıq qəbul olunub, heç kim bunu gizlətməyib”, – Raul Xajimba deyib.

Parlament komissiyası prezidentin izahatını nəzərdən keçirib və işin digər hallarını bir həftə ərzində araşdırıb. 2018-ci il yanvarın 5-də deputat İlya Quniya komissiyanın yekun qərarını düz parlament binasının artırmasından kütləyə oxuyub.

Qərar ikibaşlı olub.

Bir tərəfdən komissiya prezidentin atdığı addımlara hüquqi qiymət vermək səlahiyyətinin olmadığı və bunu Konstitusiya Məhkəməsinin etməli olduğu qənaətinə gəlib. Düzdür, Konstitusiya Məhkəməsinin işə başlaya bilməsi üçün onu komplektləşdirmək lazımdır – məhkəmənin tərkibində bir hakim çatmır. Bunun qısa müddətdə ediləcəyi vəd olunmuşdu.

Digər tərəfdən isə parlament prezident Raul Xajimbaya prezident administrasiyasının rəhbəri Daur Arşbanı vəzifəsindən uzaqlaşdırmağı tövsiyyə edib.

Amma parlamentin qərarı etirazçıları təmin etməyib. Kütlə nəinki dağılışmayıb, hətta mitinqçilərin əsas tələbi artıq prezident Xajimbanın istefasıdır.

Raul Xajimba mitinqçilərin qarşısına çıxmaq və öz addımlarını birbaşa insanlara izah etmək istəyib. Amma onu qəzəblə qarşılayıb, fitləyiblər, o da mühafizəsi ilə birlikdə bütün perimetri üzrə milis və xüsusi təyinatlılar tərəfindən qorunan hökumət evinə qayıtmalı olub.

Anaid Gogoryan,  JAMnews

Əvvəlcə parlament komissiyasının rəhbəri, müxalif deputat Raul Lolua etirazçılara qoşulub. O, öz çıxışında komissiyanın qərarını pisləyib və bildirib ki, hökumət evi qarşısında müddətsiz aksiya Xajimba istefaya gedənə qədər davam etməlidir.

Amma daha sonra, elə həmin gün yanvarın 5-də Lolua müxalifət liderləri ilə birlikdə qonşu kvartalda – “Abxaziya Sığorta Şirkətinin” binasında iclas keçirib və onlar planı dəyişib.

Raul Lolua gecə bir radələrində mitinqçilərin yanına qayıdıb və bildirib ki, müxalifət Xalq Məclisinin təşkilinə başlayır, orada prezident Xajimbanın istefa tələbi rəsmi şəkildə qoyulacaq. Bundan sonra küçə etirazları dayandırılıb.

Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdir, JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews