USAID isə ola bilsin, ümumiyyətlə ləğv olunacaq " />

ABŞ inkişaf etməkdə olan ölkələrə, o cümlədən də Qafqaza yardımı kəskin şəkildə azaltmaq niyyətindədir

USAID isə ola bilsin, ümumiyyətlə ləğv olunacaq

ABŞ prezidenti Donald Trampın administrasiyası 2018-ci ildə inkişaf etməkdə olan ölkələrə yardımın həcmini kəskin şəkildə azaltmaq və həmin yardımın göstərilməsiylə məşğul olan USAID təşkilatını müstəqil bir qurum kimi ləğv etmək niyyətindədir.

Buna ayrılan vəsaitin ümumi həcmini təxminən üçdə biri qədər azaltmaq təklif olunur.

“Foreign Policy” jurnalının əldə etdiyi sənədə əsasən, Qafqaz ölkələrinə yardımın azaldılması aşağıdakı kimi olacaq:

  • Azərbaycan – 100 faiz
  • Ermənistan– 77,3 faiz
  • Gürcüstan– 41,1 faiz.

Ukraynaya da yardım kəskin şəkildə azaldıla bilər – 69 faiz.

Bir çox amerikalı ekspert bu planlara çox neqativ reaksiya verdi. Onların fikrincə, Tramp administrasiyasının ideyaları təkcə siyasi deyil, həm də praktiki nöqteyi-nəzərdən təhlükəlidir. ABŞ-ın inkişaf etməkdə olan ölkələrə yardımına misal üçün, epidemioloji xəstəlilərin qarşısı alınması üzrə proqramlar da daxiliydi.

Siyasi nəticələrə gəlincə, onlar dramatik adlandırılır.

“Uzun illər boyu biz Ukraynanı Avropaya inteqrasiya etməyə çağırırdıq. İndi isə [yardımın kəskin şəkildə azaldılmasından sonra] ölkə Rusiya tərəfə meyllənsə, bu, ABŞ-ın milli maraqlarına zidd olacaq”, – “Foreign Policy” jurnalına ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor bildirib.

İstənilən halda prezident administrasiyasının yeni planını realizə etmək asan olmayacaq. Hazırda inkişaf etməkdə olan ölkələrə yardımın azaldılması ideyası ABŞ Konqresində həm demokratlar, həm də respublikaçılar arasında neqativ reaksiyaya səbəb olub, – “Foreign Policy” yazır.


More on JAMnews