Bu yolla prezident Tramp öz seçkiqabağı vədlərinin həyata keçirilməsi üçün Konqresdən maliyyə əldə etməyə çalışır" />

ABŞ-da fövqəladə vəziyyət: kimə və nə üçün lazımdır?

Bu yolla prezident Tramp öz seçkiqabağı vədlərinin həyata keçirilməsi üçün Konqresdən maliyyə əldə etməyə çalışır

Prezident Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib. Bu ona Konqresdən yan ötməklə Meksika ilə sərhəddə qeyri-leqal miqrantlara qarşı müdafiə divarının inşası üçün maliyyə almağa imkan verir –  CNN xəbər yayıb.

Divarın lehinə və əleyhinə

Meksika ilə sərhəddə divar inşa edilməsi Donald Trampın əsas seçkiqabağı vədlərindən biri idi. Onun sözlərinə görə, məqsəd Mərkəzi və Cənubi Amerika ölkələrindən qeyri-leqal miqrant axınının və onların özləri ilə ABŞ-a gətirdikləri narkotik və silahın qarşısını almaqdan ibarətdir.

Trampın əleyhdarları bildirirlər ki, divarın inşası vergi ödəyicilərinin pulunu mənasızca xərcləməkdən başqa bir şey deyil. Onların fikrincə, yeganə səmərəli yol onların gəldiyi həmin ölkələrdə iqtisadiyyatın inkişaf etdirilməsi və iş yerlərinin açılmasıdır.

Mühafizəkar meylli amerikalı seçicilər Trampı dəstəkləyib. Amma maraqlı odur ki, divar inşaatı ideyasının ən az populyar olduğu yerlər məhz Meksika ilə sərhəddə yerləşən ştatlardır – Kaloforniya və Texas.

Qarşıdurma

Prezident olandan sonra Tramp öz seçkiqabağı vədlərini həyata keçirməyə başlayıb. Qeyri-leqal miqrantlara qarşı divarın inşası üçün o, Konqresdən 5.7 milyard dollar istəyib.

Konqresdəki demokratlar prezidentə qəti etirazla cavab veriblər. Qarşıdurmanın nəticəsi ABŞ tarixində ən uzunmüddətli şatdaun – dövlət müəssisələrinin maliyyələşdirilməsinin dayandırılması olub.

Ən sonunda Tramp güzəştə getməli və divar inşası üçün onun tələb etdiyi məbləğin yer almadığı büdcəni imzalamalı olub. Bunun əvəzində o ölkədə fövqəladə vəziyyət elan olunması haqda sərəncam imzalayıb – bu ona Konqresin razılığı olmadan istədiyi maliyyəni almaq imkanı verir. Artıq elan olunub ki, bu pullar hərbi inşaata ayrılan vəsaitdən götürüləcək.

Perspektiv

Konqressin yuxarı palatasında respublikaçı çoxluğun lideri Makkonnell artıq elan edib ki, Trampın əməllərini dəstəkləyəcək.

Aşağı palatada demokratik azlığın lideri Pelosi isə bəyan edib ki, prezidentə “hakimiyyətdən sui-istifadə etməyə” və “konstitusiyanı məhv etməyə” imkan verməyəcək.

İndi Tramp da daxil olmaqla hamı prezident sərəncamlarının reallaşdırılmasını blok etmək səlahiyyəti olan Amerika məhkəmələrinin işə qarışacağını gözləyir. məhz onlar daha əvvəl Trampın miqrantlarla mübarizəyə yönəlik digər sərəncamlarının qarşısını effektiv şəkildə alıb.

Facebook Comments

More on JAMnews