Bu şəxslər kimdir və Amerikada prezident seçkilərinin nəticəsini dəyişmək üçün nə ediblər?" />

ABŞ Amerikada prezident seçkilərinə müdaxilədə ittiham etdiyi 13 nəfərin adını açıqlayıb

Bu şəxslər kimdir və Amerikada prezident seçkilərinin nəticəsini dəyişmək üçün nə ediblər?

Rusiyanın 2016-cı il Amerikada keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı istintaqı aparan xüsusi prokuror 13 rusiyalını Birləşmiş Ştatların daxili siyasətinə təsir etmək məqsədi ilə ABŞ-a qarşı sui-qəsddə ittiham edib, –  CNN xəbər verir.

Bu, prokuror Robert Müllerin Rusiya vətəndaşlarına qarşı irəli sürdüyü ilk rəsmi ittihamdır.

İttiham siyahısına “İnternet Araşdırmalar Agentliyinin” 12 nəfər əməkdaşının və təsisçisi, iş adamı Yevgeni Priqojinin adı daxil edilib.

Mərkəzdə Vladimir Putin, onun solunda Yevgeni Priqojin. Foto 2011-ci ilin noyabrında çəkilib. REUTERS/Mişa Caparidze

Priqojinin Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olduğu artıq çoxdan məlumdur. 1980-ci illərdə bu şəxs, Rusiya mediasının məlumatına görə, qarət, dələduzluq və azyaşlıların fahişəliyə cəlb olunması ittihamları ilə 12 illik məhkumluq həyatı yaşayıb. Rusiya KİV-də və beynəlxalq mediada son zamanlar Priqojinin adı Suriyada Bəşər Əsəsdin tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün rusiyalı muzdluların cəlb olunması ilə məşğul olan şirkətin sahibi kimi hallandırılır.

Siyahıda adları sadalanan rusiyalılar “İnternet Araşdırmalar Agentliyinin” Sankt-Peterburq ofisində uzun müddət “prezident seçkiləri ərəfəsində Amerika cəmiyyətində nifaq yaratmaq” məqsədilə iş aparmaqda ittiham olunur.

Priqojinin fəaliyyətlərini maliyyələşdirdiyi 12 nəfər guya amerikalılara məxsus feyk akkauntlardan sosial şəbəkələrdə #HilIaryCIintonIsNotMyPresident (Hillari Klinton mənim prezidentim deyil)#Trump2016, #MAGA (Trampın “Amerikanı yenidən möhtəşəm edək” şüarının abbreviaturası) həştəqi ilə postlar yerləşdiriblər.

“Agentliyin” əməkdaşları eyni zamanda internetdə Trampın xeyrinə səs verməyə çağıran reklamlar da alıblar. Onlar hətta özlərini bu və ya digər səbəbdən tədbirdə iştirak edə bilməyən fəallar kimi təqdim edərək ABŞ-da aksiya keçirməyə də cəhd ediblər.

İstintaqın gəldiyi nəticəyə əsasən, “İnternet Araşdırmalar Agentliyinin” əməkdaşları seçkilərdən sonra da sosial şəbəkələr vasitəsilə ABŞ vətəndaşlarının əhvalına təsir etmək cəhdindən əl çəkməyiblər.

“Agentliyin” fəaliyyəti saxta və ya oğurlanmış sənədlərin köməyi ilə həyata keçirilib, buna görə də Müllerin siyahısından bir neçə şəxs həm də dələduzluq və oğurluqda ittiham olunur.

Amerika Konqresi tərəfindən ABŞ-da prezident seçkilərinə müdaxilə ehtimalı ilə artıq Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Amma prokuror Müllerin dünən dərc olunan məruzəsi ABŞ-ın bu işlə bağlı rusiyalılara qarşı irəli sürdüyü ilk ittihamlardır.

Facebook Comments

More on JAMnews