İqtisadçılar və politoloqlar şərh edirlər" />

RF-ə qarşı tətbiq edilən iqtisadi sanksiyalar Ermənistana da təsir edəcək

İqtisadçılar və politoloqlar şərh edirlər

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar Ermənistanda fəal şəkildə müzakirə olunur.

Siyasi və iqtisadi çevrələrdə Rusiya və ABŞ arasında yaranan bu vəziyyətin Ermənistan kimi kiçik ölkəyə necə təsir edəcəyini anlamağa çalışırlar. Ermənistan Rusiya ətrafında formalaşmış Avrasiya İqtisadi İttifaqının bir hissəsi olaraq iqtisadi sanksiyalardan ziyan çəkəcəkmi?

Analitiklər hesab edirlər ki, fəsadlar yalnız iqtisadi deyil, həm də siyasi olacaq.

İqtisadçılar qeyd edirlər ki, iqtisadi sanksiyalar nəticəsində Rusiya zəifləyəcək, Ermənistan iqtisadiyyatı isə Rusiya iqtisadiyyatı ilə bağlı və ondan asılı olduğu üçün mənfi nəticələr tezliklə Ermənistanda da özünü göstərəcək.

“Heç kim üçün sirr deyil ki, Ermənistan sakinlərinin əksəriyyəti Rusiyadan gələn transferlərin hesabına dolanır. Əgər sanksiyalar nəticəsində Rusiya rublu dəyərdən düşsə, Rusiyada inflyasiya baş verəcək və sair. Bu, transferlərə təsir etməyə bilməz, Ermənistana daxil olan köçürmələrin həcmi azalacaq və sakinlər həmin vəsaitə daha az ərzaq ala biləcəklər”, – iqtisadçı Vilen Xaçatryan deyir.

O, qeyd edib ki, son iki il ərzində Ermənistana gələn transferlərin həcmi onsuz da demək olar ki, iki dəfə azalıb: iki milyarddan 1,3 milyarda enib.

İqtisadçılar deyirlər ki, Ermənistandan Rusiyaya ixrac da ziyan çəkə bilər, çünki Rusiya vətəndaşlarının alıcılıq qabiliyyəti məhdudlaşarsa, Rusiya bazarlarında daha az mal satmaq mümkün olacaq, Ermənistana idxalı da təxminən eyni vəziyyət gözləyir.

Politoloq Gevorq Melikyan Ermənistanın Rusiya iqtisadiyyatı ilə sıx bağlılığı və Rusiya iqtisadiyyatında baş verəcək tənəzzülün mənfi təsirlərinin qaçılmazlığı ilə raszılaşıb. “Bu, Ermənistan iqtisadiyyatında bilavasitə öz əksini tapacaq. Söhbət həm transferlərdən, həm idxal-ixrac problemlərindən gedir”, – o deyib.

Melikyan qeyd edib ki, baş verənlər Ermənistana siyasi və iqtisadi əlaqələrin diversifikasiyası, digər ölkələrlə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün siqnal olmalıdır.

Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Arman Navasardyanın fikrincə, ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən yeni iqtisadi sanksiyalar nəticəsində Ermənistan üçün ABŞ və Rusiya arasında manevr etmək çətin olacaq.

Politoloq Levon Şirinyan isə əmin edir ki, yaranmış vəziyyət Ermənistanın xeyrinədir. Onun fikrincə, Rusiya sanksiyalar altında gərilir, çünki Cənubi Qafqazda əvvəlki nüfuza sahib ola bilməyəcəyini anlayır.

“Rusiyanın iştahası böyükdür: genişlənmək, Donvası, Ukraynanı, Ermənistanı qazanmaq. Görmürsüz, Rusiya bnecə genişlənir, məqsədə nail olmaq üçün döyüşləri necə qızışdırır? ABŞ isə öz sanksiyaları ilə Rusiyanın iştahasını azaltmağa çalışır”, – Lıevon Şirinyan bildirib.

 

 


More on JAMnews