Bu, DTX tərəfindən meriyada aşkarlanan maxinasiya və sui-istifadələr, həmçinin jurnalistlərin Taron Marqaryanın əmlakına dair apardığı araşdırma fonunda baş verib" />

Yerevan meri istefa verib – iki aylıq müqavimətdən sonra

Bu, DTX tərəfindən meriyada aşkarlanan maxinasiya və sui-istifadələr, həmçinin jurnalistlərin Taron Marqaryanın əmlakına dair apardığı araşdırma fonunda baş verib

Yerevan meri Taron Marqaryan istefa verib. Bu haqda məlumat artıq Yerevan meriyasının saytında yerləşdirilib. Marqaryan 2011-ci ildən bu vəzifədə idi. Onun yerevanlılara son müraciətində deyilir:

“Bütün bu müddət ərzində hər kəsin səsini eşitməyə və addım-addım şəhərin problemlərini həll etməyə çalışdım. Öz vədlərimə və proqramıma sadiq qalmağa çalışdım. Buna görə də yollarımızın ayrıldığı bütün vətəndaşlardan xahiş edirəm ki, məni bağışlasınlar”.

O, jurnalistlərin qarşısına çıxmayıb və istefasının səbəblərini izah etməyib. Bununla belə son iki ay ərzində meriya binası qarşısında dəfələrlə onun vəzifədən getməsi tələbilə etiraz aksiyası keçirilib. Amma Marqaryan getmək niyyətində deyildi.

Ermənistanda çoxları əmindir ki, o, istefa qərarını jurnalist araşdırmasının nəticələri dərc olunandan sonra alıb. 20 dəqiqəlik videoda artıq keçmiş merin və onun yaxınlarının mülkləri və gəlir mənbələri haqda danışılır. Araşdırma müəllifləri hesablayıblar ki, hazırkı maaşı ilə bu sərvəti toplamaq üçün Taron Marqaryana 210 il lazım olmalı idi.

1992-1996-cı illərdə Yerevan meri vəzifəsini tutan Vahan Xaçatryan da əmindir ki, Taron Marqaryanın istefası jurnalist araşdırması ilə bağlıdır:

“Belə filmlərdən sonra belə işlərə qarışmış istənilən məmur istefa verməlidir. Ermənistanda əxlaq məcəlləsi uzun zaman işə düşməyib, amma fərqli ideoloji anlayışa sahib tam başqa insanlar hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Bu film nümayiş olunandan sonra o anlayıb ki, hakimiyyətdə qalmağın mənası yoxdur”.

Xaçatryan hesab edir ki, Taron Marqaryan hələ iki ay əvvəl, Respublikaçılar Partiyasının rəhbəri Serj Sarqsyan istefa verən və Nikol Paşinyan onu baş nazir vəzifəsində əvəz edən zaman getməli idi.

“Yaxşı işləyib-işləməməyindən asılı olmayaraq. Əgər sən komanda oyunçususansa, əgər komanda köməyilə hakimiyyətə gəlmisənsə, komanda rəhbəri gedən zaman sən də gedirsən. Xüsusən də sən seçilmədiyin, təyin edildiyin halda, çünki legitim seçki olmayıb”.

Yerevan Ağsaqqallar Şurasının “Yelk” blokundan (baş nazir Paşinyanın təmsil etdiyi siyasi qüvvə) olan üzvü Ani Simonyan bildirib ki, Taron Marqaryan meriya işçiləri ilə artıq vidalaşıb. O, Marqaryanın istefasının iki səbəbini qeyd edib:

“Birinci səbəb siyasi reallıqların dəyişməsi ilə bağlıdır. Sirr deyil ki, Taron Marqaryan artıq keçmişdə iqtidarda olan Respublikaçılar Partiyasının görkəmli nümayəndəsi, bu sistemin bir hissəsidir. Və əlbəttə ki, yeni şərtlərdə düşünürəm ki, o, şəhəri səmərəli idarə edə bilməzdi. İkincisi isə vətəndaşların illərlə toplanan çoxsaylı şikayətləridir. Bu dövrdə şikayətlər güclənib. İnsanlar sadəcə onun istefasını tələb edirdi”.

Üstəlik daha əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti Yerevan meriyasında axtarış aparıb, əməkdaşlar tərəfindən törədilən maxinasiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları aşkarlayıb. İki vətəndaş MTX-ya müraciət edərək bildiriblər ki, əmlak qeydiyyatı və inşaat icazəsi verilməsi üçün meriyada onlardan qanuni rüsumlardan başqa “Yerevan” fondunun hesabına böyük məbləğdə pul köçürülməsi tələb olunub.

Fondun Himayədarlar Şurasının sədri isə Yerevan meri Taron Marqaryandır. “Yerevan” Fondunun Himayədarlar Şurasının tərkibinə onun müavini, müşaviri, meriya administrasiyasının katibi, idarə rəisləri, Ağsaqqallar Şurasının üzvləri daxil idi.

MTX-nın məlumatında deyilir:

“Materialların hazırlanması prosesində bəlli olub ki, yuxarıda haqqında danışılan əlbəəl alınmış vəsaitlər fondun hesabına keçirilməyib, mənimsənilib”.

Nəticədə iki maddə ilə – vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda və xidməti vəzifəsindən yararlanaraq dələduzluq törətmə – cinayət işi açılıb.


More on JAMnews