600 nəfərdən çox dinc sakinin öldürüldüyü gecədən 27 il keçir" />

Xocalı faciəsinin növbəti ildönümü: izdihamlı yürüş və polislə müxalifətin toqquşması

600 nəfərdən çox dinc sakinin öldürüldüyü gecədən 27 il keçir

Bu gün Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsinin ən qanlı epizodlarından birinin iyirmi yeddinci ildönümü qeyd olunur.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Qarabağda yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnikası və hərbçilərinin dəstəyi ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərinə hücum edərək, oranı ələ keçirib.

 

Rəsmi məlumata əsasən, erməni silahlı qüvvələrinin törətdiyi əməllərin nəticəsində şəhərdə olan bir neçə min əhalinin 613 nəfəri qətlə yetirilib, 487 dinc sakin yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi hələ də bəlli deyil. Səkkiz ailə tamamilə məhv edilib.

Hər il faciənin ildönümü ərəfəsində beynəlxalq «Justice for Khojaly» (“Xocalıya ədalət”) kampaniyası start götürür. Kampaniyanın məqsədi dünyaya faciə haqda danışmaq və qətliamı törədənlərin cəzalandırılmasına nail olmaqdır.

• Xocalı faciəsinin erməni versiyası Tatul Akopyanın kitabından

Fevralın 26-da Bakının mərkəzi küçələrindən izdihamlı yürüş keçib, bir dəqiqəlik sükut elan olunub.

Polis güc tətbiq edərək müxalif Müsavat Partiyasının üzvlərini Xocalı qurbanlarının xatirə abidəsinə yaxın buraxmayıb. Partiya üzvlərindən biri xəstəxanaya yerləşdirilib.

Toqquşmanın təfərrüatları

Müsavat Partiyasının böyük nümayəndə heyəti Xocalı faciəsi qurbanlarının xatirə abidəsi önünə gül dəstələri qoymaq istəyib. Amma polis onları abidəyə yaxın buraxmaq istəməyib və bunu onunla əsaslandırıb ki, abidənin yanına ancaq həlak olanların doğmaları buraxılır. Təxminən yarım saatlıq höcətləşmədən sonra polis müxalifətciləri oradan sıxışdırıb çıxarmağa başlayıb.

Partiyanın mətbuat xidmətinin əməkdaşı Mehman Kamranın qarşıdurma zamanı halı pisləşib. Onu xəstəxanaya yerləşdiriblər.

Müsavat Partiyası rəhbərliyi polisin davranışını “biabırçı” və “alçaldıcı” adlandırıb.


More on JAMnews