Bitən ilin siyasi palitrası suallarda və cavablarda " />

Şərh. Azərbaycanda nə baş verir: yuxarıların inqilabı, yoxsa imic korreksiyası?

Bitən ilin siyasi palitrası suallarda və cavablarda

Baku_downtown_poor_woman

Prezidentin “xalq içinə” çıxması, kredit borclarının bağışlanması, bir çox siyasi məhbusların əfvi, hakimiyyətin “köhnə qvardiyasının” bel sütununun işdən azad edilməsi və bütün bunlara bonus kimi bədnam parlamentin buraxılması. Niyə Azərbaycanda, “pataloji stabillik” ölkəsində birdən-birə bu cür kataklizmlər baş verməyə başladı? Aydınlaşdırmağa çalışacağıq.

• “Azərbaycan islamı sıxışdıran və kişi ilə qadın arasında fərq qoymayan Avropaya inteqrasiya etməyəcək”

• Keçmiş siyasi məhbuslar və feministlər namizəd qismində – Azərbaycanda bələdiyyə seçkilərinin maraqlı keçəcəyi gözlənilir

• Azərbaycanda nə dəyişir – cəmiyyət, hökumət, müxalifət? 

• Şərh: Əgər Qarabağ qayıdarsa

Hökumətyönlü jurnalistlər bu çalxalanmanı gah “Azərbaycan baharı”, gah “ağ inqilab” adlandırırlar. Hər iki müqayisə qüsurludur. 2013-cü ildə başlayan “Ərəb baharı” demokratikləşmə ilə bitmədi, vətəndaş müharibəsinə çevrildi, son İran şahının “ağ inqilab” adı verilən islahatları isə islamçıların hakimiyyətə gəlməsi ilə nəticələndi. Üçüncü metafora da var – “dəyişikliklər küləyi”, bu, daha uğurlu müqayisədir. Həqiqətən də külək əsdi. Ya da idarə olunan ventilyator işə düşdü.

Bakı, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidəsi. Arxasından teleqüllə görünür.

Hakim ailə pulları xilas etməyə çalışır – niyə hakimiyyət sədaqətli komandasının tərkibini dəyişmək qərarı verib?

Söhbət 2019-cu ilin ikinci yarısında dövlət strukturlarında edilən yerdəyişmələrdən gedir. 

İlham Əliyev artıq 16 ildir ki, hakimiyyətdədir. Bu, ABŞ-da dörd prezidentlik müddəti deməkdir. Hakimiyyətə gəlişinin ilk illəri neft gəlirlərinin pik dövrünə təsadüf etmişdi, pul çox idi, bütün layihələr (ərazi bütövlüyünün bərpasından başqa) nisbətən asan həyata keçirilirdi.

2014-cü ilin böhranı Azərbaycan elitasının başındakıların gözünü açdı.

Birincisi, neft gəlirləri azalmağa başladı. İkincisi, gözlənilmədən məlum oldu ki, qohumluq əlaqələri və rüşvət prinsipi ilə formalaşdırılmış köhnə menecment böhran vəziyyətlərində itkiləri minimuma endirmək üçün çevik və ağıllı reaksiya verə bilmir.

Nəticədə onlar sırf praqmatik hesablamalar apardılar. Anladılar ki, böhran şərtlərində (o cümlədən də neft gəlirlərinin azalması şəraitində) itkiləri (o cümlədən də Əliyevlər ailəsinin itkilərini) minimuma endirə biləcək menecerlər işə götürmək lazımdır. Hələ Sovet İttifaqı dövründən idarəçilikdə olan köhnə qvardiyanın iqtisadiyyat bazarının şıltaqlıqlarına reaksiya verə bilmədiyi aşkardır. Odur ki, iqtisadiyyatı və şəxsi kapitalı xilas etmək üçün gənc “Çikaqo oğlanlarını” (bizim misalda “Harvard oğlanlarını”) işə cəlb etmək lazım gəldi. 

Neft pulları Bakının görkəmini çox dəyişib – yeni yollar, idman kompleksləri və “daha bir sovet respublikasını” görmək ümidilə gələn turistləri heyran qoyan çox şey inşa edilib.

Xaltanın ipi bir qədər uzun olacaq: kadr dəyişiklikləri daxili siyasətə necə təsir edəcək?

Biz neft gəlirləri azaldıqca hakim elita daxilində mübarizənin güclənəcəyinin qaçılmaz olduğunu proqnozlaşdırmışdıq. İki əsas qruplaşma, şərti olaraq “Mehdiyevin klanı” (Prezident Administrasiyasının keçmiş rəhbəri, hələ Kommunist Partiyası Mərkəzi Komitəsi dövründən Heydər Əliyevin yaxın silahdaşı Ramiz Mehdiyevin başçılığı altında) və “Paşayevlər klanı” (iki il əvvəl birinci vitse-prezident olan ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılığı altında) qarşı-qarşıya durmuşdu.

İndi müəyyən qədər əminliklə demək olar ki, pərdəarxası mübarizə ikincilərin qələbəsi ilə başa çatıb. Milli Məclisin buraxılması köknə elitanın rəmzi tabutuna çaxılan son mismar olacaq.

Nə dəyişəcək? Qorxuram ki, xüsusi olaraq heç nə.

Əgər Pinoçetin “Çikaqo oğlanları” ilə analogiya aparsaq, onlar 1970-ci illərdə Çili iqtisadiyyatını dirçəltməyə və ölkəni dərin depressiyadan çıxarmağa kömək etdilər, əsasən ona görə ki, Pinoçet özü onların atdıqları addımlara mane olmurdu və onlara badalaq qurmağa çalışan hər kəsi ciddi cəzalandırırdı.

Azərbaycanda təəssüf ki, hakimiyyət özü kölgə iqtisadiyyatının başında durur, məsələn, vergi siyasətində islahatlar cəhdi artıq çox ciddi müqavimətlə qarşılaşıb. Rəhbərlik özü də korrupsiyanın kökünün kəsilməsində maraqlı deyil, sadəcə ayrı-ayrı oliqarxların “görməmişliyini” azaltmağa çalışır. Azərbaycan Avropa İttifaqı ilə dərin əməkdaşlıq haqda sazişi imzalamağa tələsmir, ÜTT-ə daxil olmağa da tələsmir. Axı belə olarsa, bütün tenderləri və digər əməliyyatları şəffaf aparmaq məcburiyyətində qalacaq. Hələlik hakimiyyətin özü buna hazır deyil.

Az əvvəl “iqtisadiyyatı kölgədən çıxarmaq üçün” vergi sistemində islahat həyata keçirmək cəhdi muzdlu işçilərə və xırda sahibkarlara xeyirdənsə, daha çox bürokratik əngəl gətirdi.

Növbədənkənar parlament seçkiləri də böyük ehtimalla oturuşmuş saxtalaşdırma sistemi üzrə həyata keçiriləcək. Ola bilər ki, parlamentə yeni gənc, ingilisdilli hüquqşünaslar və iqtisadçılar daxil olsun, hətta bəlkə müxalifətçilərin də sayı artdı. Amma parlament “ikinci hakimiyyət” olmayacaq, sözəbaxan çoxluq indən belə də Prezident Administrasiyasından gələn sənədləri ratifikasiya edəcək.

“Baş senzorun”, prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun gedişindən sonra media müəyyən çaşqınlıq içində olacaq. Çünki Azərbaycanda azad reklam bazarı yoxdur, bütün media orqanları, istər çap, istərsə də internet nəşrləri hansısa məmurların və oliqarxların verdiyi paydan asılı vəziyyətdədir. Həsənov bütöv bir trol ordusu və sözəbaxan cib nəşrləri saxlayırdı (əlbəttə ki, büdcə vəsaiti hesabına). Çox güman ki, onların maliyyəsi dayandırılacaq, əksəriyyəti məhv olacaq, ən çevikləri isə digər, qazanmış klan sıralarında özlərinə yeni “donorlar” tapmağa çalışacaqlar.

Və nəhayət, QHT sektoru ola bilər ki, müəyyən qədər rahat nəfəs ala bilsin. Hələ 2014-cü ildə sərf eləməyən QHT-lərin maliyyəsinin qarşısını alan “drakon” qanunları qəbul edilmişdi. Vətəndaş cəmiyyəti fəallarının çoxu ölkədən çıxışına qadağa qoyulan, şübhəli şəxslər siyahısına düşmüşdü. Hakimiyyətin vətəndaş cəmiyyətinin boynuna keçirdiyi “xaltanın ipini” bir az uzadacağını gözləmək olar.

“Avropa dağılır”: xarici siyasətdə nə dəyişəcək?

Prezident Əliyev Bakı Dövlət Universitetinin yüz illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı çoxlarına onsuz da məlum olan şeyləri rəsmən səsləndirdi: Azərbaycan Avropaya inteqrasiya etmək niyyətində deyil.

Bundan dərhal sonra birinci vitse-prezidentin Moskvaya səfəri baş tutub, orada onu RF prezidenti Vladimir Putin qəbul edib və onu yüksək mükafatlandırıb (bu, Putinin xarici dövlətin birinci yox, ikinci şəxsini qəbul etdiyi nadir, bəlkə də ilk haldır). Bu hadisələr Azərbaycanın xarici siyasət vektorunun Qərbdən Şimala istiqamət dəyişdiyini bir daha vurğulayır. Rusiya və Azərbaycan münasibətlərində “bal ayı” haqda ötən il yazmışdım, görünür ki, proses artıq bəhrəsini də verib və münasibətlər daha davamlı əsasda möhkəmlənib.

Bu, azərbaycanın Rusiyanın himayə etdiyi KTMT və ya AAİİ kimi hərbi və ya iqtisadi bloklara daxil olacağı deməkdirmi? 

Yaxın zaman üçün bu ehtimal böyük deyil. Azərbaycanın KTMT ilə bağlı yaxşı “bəhanəsi” var, bu il Qoşulmama Hərəkatına başçılıq edəcək və müvafiq olaraq yaxın iki il ərzində heç bir hərbi bloka daxil olmamaq kimi öhdəliyi var. Üstəlik Ermənistan da KTMT üzvü kimi Azərbaycanın bu hərbi-siyasi bloka daxil olacağı təqdirdə qurumu tərk edəcəyi ilə təhdid edir. 

Avrasiya İqtisadi İttifaqında vəziyyət bir qədər çətindir deyə düşünürəm, Azərbaycan hər halda rusiyayönlü iqtisadi təşkilatda müşahidəçi statusundan başlayacaq. Amma təbii qazın Avropaya nəqli məsələsində öz maraqlarını nəzərə alaraq daha ehtiyatlı siyasət yürüdəcək.

İlham Əliyev BDU-da səsləndirdiyi məşhur çıxışında Avropadan başqa Gürcüstan və Ukraynada baş verən inqilabları “taun” adlandıraraq onların da “xətrinə dəyib”.

 

“Xalqları sülhə hazırlayırıq”. Qarabağ məsələsində nə dəyişəcək?

2019-cu il həm də “xalqların sülhə hazırlanması” şüarı ilə də yadda qalacaq. Mart ayında belə bir çağırış etməklə xarici işlər nazirlərinin nəyi nəzərdə tutduqları şəxsən mənə tam aydın deyil. Çünki nə Azərbaycan, nə də Ermənistan KİV-də müharibə ritorikası azalmayıb (ən azı saytların rusdilli versiyalarını izləyərək gəldiyim qənaətə görə).

Əgər ATƏT tərəfindən noyabrda təşkil olunan jurnalistlərin səfəri nəzərdə tutulursa, o zaman yenə də bu addımın xalqları yaxınlaşdıracağına şübhə edirəm. Təşkilatçıların qoyduğu senzuranı xatırladan ciddi məhdudiyyətləri nəzərə alsaq, bu tədbiri jurnalist missiyası adlandırmaq çətindir. Missiya nəticəsində hazırlanan materiallar oxucularda açıq məyusluq doğurub, onları “yay tətilini necə keçirdim” mövzusunda yazılan məktəbli inşaları ilə müqayisə ediblər.

Amma ola bilər ki, bu səfər növbəti humanitar aksiyalar zəncirində (məsələn hərbi əsirlərin dəyişdirilməsi kimi) ilk həlqə olsun.

İstənilən halda, Azərbaycanın hakim elitası daxilindəki yerdəyişmələrdən Qarabağ münaqişəsi ilə bağlı siyasət dəyişməyəcək. Xarici işlər naziri, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi və bütün həlledici ölkələrdəki səfirlər, o cümlədən də onların komanda üzvləri öz yerlərində qalıblar.

2020-ci il daha maraqlı olmağı vəd edir.

 


More on JAMnews